Müğənnidən möhtəşəm addım: Təhsil haqqını mən verəcəm
Tarix: 20-08-2019, 15:10




Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb.
Bu barədə Kult.az-a ADU-dan məlumat verilib.
Universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəlub olan Orxan Bağızadə məsələyə aydınlıq gətirib. O, ailədaxili problemlərə görə təhsil hüququndan məhrum edilməsindən danışıb.
Tələbə qeyd edib ki, atası ona təhsil almağa icazə verməyəcəyini dəfələrlə deyib:
“Mən evdən çıxanda doğum haqqında şəhadətnaməni, hərbi biletimi götürsəm də, attestatımı əldə edə bilmədim. Mənə dedilər ki, attestat onlarda deyil. Ona görə də attestatla bağlı bir az problem var və hazırda attestat itmiş sayılır”.
O.Bağızadə attestatı olmadan universitetə qəbul olmasından da danışıb. Onun sözlərinə görə, bu işdə Təhsil Nazirliyinin, xüsusilə də nazir müavini Firudin Qurbanov və nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun böyük rolu olub. Tələbə onu da əlavə edib ki, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərovanın da bu məslədə böyük dəstəyi olub. Tələbə sonda Təhsil Nazirliyinə, Bakı Şəhər Baş Təhsil İdarəsinə, eləcə də Dillər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.
O.Bağızadə ali təhsil alamağa uşaqlıqdan həvəsi olduğunu və heç vaxt hazırlıq kurslarına getmədiyini, ev şəraitində hazırlaşdığını deyib. O, hətta işləməyinə baxmayaraq, gecədən səhərə kimi dərsləri ilə məşğul olub.
Gənc müğənni Mehin Hümbətova da sosial şəbəkə hesabında məsələyə münasibət bildirib. O, Orxan Bağızadənin təhsil haqqını ödəməyi öz üzərimə götürmək istədiyini deyib:
“Bu hadisənin yaşandığına görə çox təəssüf edirəm. Belə valideynlərə ayıb olsun! Övladının gələcəyi ilə oynayan, seçiminə qarışan insan valideyn adına ləkədir. Orxanı tanıyan kimsə varsa, xahiş edirəm, mənimlə əlaqələndirin. Onun təhsil haqqını öz üzərimə götürərəm”.
ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı isə Orxana bir semestr boyunca hər ay 100 manat təqaüd ayrıldığını, hər ay pulsuz yemək talonları veriləcəyini və əlavə maddi yardım ediləcəyini bildirib.
Xatırladaq ki, O.Bağızadənin illik təhsil haqqı 1000 manat təşkil edir.

Paylaş: