Afaq Bəşirqızı: "Doğum günümdə birinci məni təbrik edən adam..."
Tarix: 15-08-2019, 10:20




Avqustun 15-i Azərbaycanın Xalq artisti, görkəmli sənətkar, "Şöhrət" ordenli Afaq Bəşirqızının doğum günüdür.
Open.az xəbər verir ki, bu gün görkəmli sənətkarın 64 yaşı tamam olur.
Afaq Bəşirqızının adı eşidiləndə hər kəsin çöhrəsində xoş təbəssüm yaranır. Afaq Bəşirqızı güldürməyi bacarır. Güldürməklə yanaşı, düşündürməyi, yaxşılıq, xeyirxahlıq etməyi də gözəl bacarır.
Onu şəxsən tanıyanlar, özünə, sözünə, xarakterinə bələd olanlar bilirlər ki, bu xanıma etibar etməyə, inanmağa, güvənməyə dəyər. Afaq Bəşirqızının sözü bütövdür, dəyişməzdir. Görkəmi sərt, ürəyi çox həlim, əsl insandır Afaq Bəşirqızı.
Bu gün onun dünyaya gəldiyi gündür. Avqust ayı bütünlüklə sənətkarın ailəsində əlamətdardır. Doğum günündə çox sevdiyim, dəyərli sənətkarı təbrik edib, ürəyindən keçənləri soruşdum.
Özü, sözü bütöv, milyonların sevimlisi olan Afaq Bəşirqızının doğum günündə fikirləri də çox fərqli, özünəməxsus, doğmadır: "Təbrikiniz üçün sağ olun. Bu gün 65 yaşıma keçid edirəm. Allah qoysa, gələn il 65 yaşım tamam olacaq. Mənə belə gəlir ki, hər bir insan üçün doğum günü onun əziz günüdür. Heç kəs deməsin ki, mən doğum gününü önəmsəmirəm. O, mənim üçün adi günlərdən biridir. Bu yalandır. Düzdür, doğum gününü bir təntənəli qeyd etmək var, sakit, özlüyündə keçirmək varsa da amma onun sevincini hər bir insan yaşayır. Çünki, insan həyatı sevdiyi kimi doğum gününü də sevir. Ona görə də mən inanmıram ki, kimin üçün isə onun doğum günü önəmli olmasın. Mənim üçün də doğum günüm önəmlidir. Bu gün mən bilirəm ki, doğmalarım yanımda olacaq. Əsas həyat yoldaşım, oğlum, iki nəvəm yanımda olacaq. Məni sevənlər yanımda olacaqlar. Yəni xalqın, tanıdığım və tanımadığım insanların saysız-hesabsız təbrikləri, sayğıları olacaq. Bu insan üçün ən böyük xoşbəxtlikdir. Və belə bir günü qeyd etməmək qeyri-mümkündür. Ona görə də mən, avqustun 15-də anadan olanların hamısını, özümlə birlikdə təbrik edirəm. Can sağlığı arzulayıram və həyatda neyçün gəldim… Təbii ki, bu Allahın bir qismətidir. Necə doğuldum, necə yaşadım və bu həyatda nə dedim? Suallarına cavab verən təkmil insanların yetişməsini daha çox istəyirəm".
O, 2020-ci ilin onun və ailəsinin həyatında xüsusi önəmli olacağını vurğulayıb və əlavə edib ki, doğum günlərində ilk olaraq onu təbrik edən... elə özüdür: "Şir bürcüyəm. Və bu bürcə çox önəm verirəm. İki gün əvvəl nəvəmin 14 yaşı tamam oldu. 15 yaşına qədəm qoydu. Sonra oğlum Semralın 36 yaşı tamam oldu. Avqustun 20-də isə həyat yoldaşım Əhmədin doğum günüdür. 2020-ci ildə nəvəm Əhmədpaşa ilə mənim yubileyimdir. Mənim 65, Əhmədpaşanın 15 yaşı tamam olacaq. Sonraevlənməyimizin 40 ili tamam olacaq. İnşallah, gələn il Allah qismət eləsə bu yubileylərin hamısını birlikdə qeyd edəcəyik. Amma mənim üçün doğum günüm hər zaman önəmli olub və bu gün birinci məni təbrik edən adam özüm olmuşam. İl boyu xoşuma gələn bir hədiyyəni alıb, gözümdən uzaq bir yerə qoymuşam. Bu da əsasən ətir olub. Doğum günüm olanda isə özümün özümə hədiyyə etdiyim həmin ətiri açıb, istifadə edirəm".
Afaq Bəşirqızı ilə qısa söhbətimiz, doğum günü diləklərimiz burada başa çatır. Afaq xanımın doğum günü isə hələ yeni başlayır.
Səhnəmiz, teatr və kino sənətimiz, ən əsası isə ömrümüz sizsiz olmasın!
64 illik ömür zirvəniz xeyirli, düşərli olsun!

Paylaş: