Nəsimiyə aid yeni film - “Son gecə”
Tarix: 14-08-2019, 18:01



"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi yeni bədii televiziya filminin çəkilişlərini başa vuraraq təhvil verib.

Bakupost xəbər verir ki, "Son gecə” adlı film Azərbaycanın dahi şairi Nəsimiyə həsr olunub. "Nəsimi ili” çərçivəsində ərsəyə gələn film Nəsiminin zindanda – edamdan əvvəl son gecəsindən bəhs edir. Film Rəsul Rzanın eyni adlı poeması əsasında çəkilib. Filmdə maraqlı faktlardan biri üç fərqli Azərbaycan şairinin – Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır. Filmin quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov, quruluşçu operatoru əməkdar mədəniyyət işçisi Eldar Məmmədovdur. Quruluşçu rəssam Rəfael Əlizadə, qrim rəssamı isə Elbrus Vahidovdur. Nəsimi roluna əməkdar artist Elşən Rüstəmov çəkilib. Filmdə əməkdar artist Vidadi Əliyev, aktyor Vüsal Murtuzəliyev və başqaları da çəkiliblər. Ssenari müəllifləri isə Afaq Vasifqızı və Pərvindir. Film sentyabr ayından ekrana çıxacaq. 

Qeyd edək ki, Rövşən Məmmədov AzTV rəhbərliyinə gətirildikdən sonra köklü islahatlar aparılıb, yeni layihələrə tanınmış simalar cəlb edilib, eyni zamanda tamaşa və filmlərin çəkilişlərinə start verilib.





Paylaş: