Fərqanə Qasımova: "Alim Qasımov adını muğamın meracı, sultanı kimi yazıb"
Tarix: 14-08-2019, 12:01



"Kaş elə cümlələr tapaydım, elə sözlər icad edə biləydim ki, heç vaxt eşidilməsin, heç kimin dilindən deyilməsin. Çox insanlar Alim müəllimi sevir, onun haqqında gözəl sözlər deyir, ona sevgisini bildirirlər. Alim Qasımov haqqında deyilən bütün gözəl sözlərə, sevgilərə layiqdir".
Bu fikirləri Open.az-a özəl açıqlamasında əməkdar artisti Fərqanə Qasımova Muğamın möcüzəsi olan Alim Qasımovundoğum günündə söyləyib.
Sevimli Ustadını və əziz atasını ötən gün ilk olaraq təbrik edən Fərqanə Qasımova Alim Qasımovun həm ev, həm də el içində məhəbbətinin olduğunu bildirib.
"İnsanın məhəbbəti həmişə evin içində bilinir. Alim müəllimin ailəsi, yəni bizlər ondan o qədər razıyıq ki, bir övlad atasından ancaq bu qədər razı ola bilər. Övladları Alim müəllimindən yüzqat, minqat razıdır. Alim müəllimin məhəbbəti həm ev içində, həm də el içindədir. Mənim üçün isə onun yeri tamam başqadır. Çünki mən Alim Qasımovla yol yoldaşı, səfər yoldaşı olmuşam. Böyük konsertlərin məsuliyyətini, yükünü çiyinlərimizdə birlikdə daşımışıq. Alim müəllimin sənətində elə addımlar olub ki, onu yalnız mən görmüşəm. O anları Alim müəllimlə birlikdə mən keçmişəm. Ona görə də mənim Alim müəllim haqqında dediyim sözlər gərək qeyri-adi olsun. Amma başqa sözlər tapa bilmirəm ki, dediklərimə əlavə, əvəz olsun. Allah, Alim müəllimi bizə çox görməsin. Alim Qasımov adını ata kimi, övlad və bəndə kimi, xalqın sevimlisi, muğamın meracı, sultanı kimi yazıb. Bu insanın işi heç bir yerdə yarımçıq qalmayıb. Bu günədək yaşadığı həyatını uğurla başa vurub. Bundan sonra Allah Təala Alim müəllimə nə qədər ömür veribsə, bu hörməti daha da uca saxlayacaq. Bu hörmət onu daha da rahat edəcək. Allah, Alim müəllimi ailəsindən, balalarından, nəvələrindən və dostlarından yarıtsın. Bizlər isə onun adını layiqincə qoruyub, saxlamağa çalışırıq. O, bizim üçün elə ad qoyub ki, bu ada şərəf gətirməliyik. Onun adını qoruyub, saxlamalıyıq. Atamızı çox sevirik. Alim Qasımov əvəzsiz ata və insandır", - deyə Fərqanə Qasımova atası və ustadı olan Alim Qasımovu bu sözlərlə təbrik edib.
Qeyd edək ki, Alim Qasımovun ailə üzvləri hazırda Həcc ziyarətindədir. Alim Qasımov bu ilki doğum gününü Azərbaycandan uzaqda qeyd edir.
Fərqanə xanımın təbirincə desək, Muğamın meracı, muğamın sultanı olan Alim Qasımovun yeni yaşı xeyirli olsun!

Paylaş: