"Yəqin özlərinə uyğun istedadları da var ki..."
Tarix: 13-08-2019, 09:02



“Bəri başdan deyim ki, Anar müəllim nə qədər sağdır, özü istəsə, Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləcək”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca AYB-nin on üçüncü qurultayı haqda danışarkən deyib. X.Qoca qurultay ərəfəsində bəzi gənc yazarların Anara qarşı münasibətinə görə də təəssüf hissi keçirdiyini bildirib:

“Mən hörmətli Rəşad Məcid kimi Anar müəllimin əsərlərinin adını çəkməklə bəzi özünü ədəbiyyat adamları sayanlara onu tanıtmaq fikrim yoxdur. Çünki Anar təkcə əsərləri ilə tanınmır, milliliyi, şəxsiyyəti, ictimai xadim olması, mədəniyyəti, insanlığı və s. yüksək keyfiyyətləri ilə ölkəmizdə və başqa ölkələrdə yaxşı tanınır.Ümumiyyətlə, bu böyük yazıçını yenidən təqdim etməyə ehtiyac yoxdur. Mən Tural Turanın, Tural Cəfərlinin, Emil Rasimoğlunun adlarını isə ilk dəfə Rəşad Məcidin yazısında oxudum. Yəqin özlərinə uyğun istedadları da var ki, Azərbaycan Yazıçılar Birliyindən mukafat-filan da alıblar... Lakin bu heç də onlara haqq vermir ki, uzun müddət Azərbaycan Yazıçılar Birliyinin sədri olan Anar haqqında artıq-əskik danışsınlar və yaxud, yazsınlar! Həmişə qurultayqabağı kimlərsə Anar müəllimin vəzifəsinə göz dikir. Onların yerinə mən xəcalət çəkirəm! Anar müəllim hara, siz hara? 


Həmişə də istəmişəm belələrinə bir az "öyüd-nəsihət" verim, düşünmüşəm gəncdirlər, yavaş-yavaş başa düşərlər. Bir də mən təbiətcə dedi-qodudan, kiminsə adını çəkməkdən həmişə uzaq olmuşam. Amma bəziləri "ağ" edəndə dözmək olmur. Bəri başdan deyim ki, Anar müəllim nə qədər sağdır, özü istəsə, Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləcək. Özü istəməsə, başqa məsələ. Yadımdadır, qurultayların birində gənc şairlərdən biri sədr olmaq üçün namizədliyini irəli sürmüşdü. Qurultayda ona bircə nəfər səs verdi! Anar ola-ola, kim namizədliyini irəli sürsə, ona da bir-iki nəfər səs verər, ya verməz. Qələm adamı ki, ağsaqqalın hörmətini saxlamadı. Rəhmətlik xalq şairi Qabil demişkən, "apar, qaytar!" biz ağsaqqallardan yazı-pozunu da öyrənirik, ədəb-ərkanı da, həyatı da. Qaldı Anar müəllimə, o, həmişə deyir ki, "Nizami Gəncəvidən, Nizami Cəfərova qədər məndən çox tənqid olunan yazıçı yoxdur!" Yeri gəlmişkən deyim ki, mən saqqalı gəncləri kəskin tənqid edirəm. Siz böyük dahilərə bənzəmək üçün hələ saqqal qoymamısınız ki?”.

Paylaş: