Toğrulsuz qalan rənglər dünyası...
Tarix: 7-08-2019, 10:49




Avqustun 7-si Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi, saysız-hesabsız titulların sahibi, rənglər dünyasının ustadı Toğrul Nərimanbəyovun doğum günüdür.
Open.az xəbər verir ki, bu gün Toğrul Nərimanbəyovun 89 yaşı tamam olur.
Mərhum rəssamın ayrılığının da 7-ci ilidir. Yeddi ildir rənglər dünyası Toğrulsuz qalıb.
Toğrul Nərimanbəyovun 82 illik ömür payında nələr etdiyi, hansı əsərləri yaradıb dünya xəzinəsinə bəxş etməsindən yazmağa, danışmağa günlərlə vaxt lazımdır. Toğrul Nərimanbəyovun zirvəsi onun yaratdığı misilsiz sənət nümunələridir.
Toğrul Nərimanbəyov haqqında Səttar Bəhlulzadə belə deyirdi: " Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir..."
Yəqin ki, Toğrul Nərimanbəyov dühasını qiymətləndirəcək bundan gözəl, səmimi fikirlər ola bilməz.
Toğrul Nərimanbəyov deyəndə hər kəsin düşüncəsində Nar canlanır. Nar meyvəsi, nar ağacı, Azərbaycan narları... Deməli, Toğrul Nərimanbəyov deyəndə yaddaşımızda həm də Böyük Azərbaycan canlanır.
Ruhu bizimlə, cizmi isə qərib ölkədə uyuyan Ustad rəssamın, Toğrul Nərimanbəyovun 89 yaşı mübarək olsun.
Əbədi dünyası ən gözəl rənglərlə bəzənsin!

Paylaş: