“Kino, tariximizi təbliğ etməyin ən optimal variantıdır”
Tarix: 7-08-2019, 08:36




Azərbaycan torpaqları üzərində formalaşan işğalkı Ermənistanda son illər tarixi müstəvidə filmlərin çəkildiyi, bu filmlərdə ermənilərin guya qədim dövlətçilik tarixinə malik xalq olması fikrinin təbliğ edildiyi müşahidə edilir. Bəs ölkəmizdə necə, qədim dövlətçilik tariximizin təbliği baxımından tarixi filmlərin çəkilməsinə ehtiyac varmı?
Moderator.az-a açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova bu sahədə ciddi addımlar atmağın önəminə diqqət çəkdi:
“Təbii ki, Azərbaycanın qədim dövlətçilik tarixinin filmlər vasitəsi ilə təbliği zəruridir. Lakin Azərbaycanın tarixinə dair istər bədii, istərsə də sənədli filmlərin çəkilməsinə səbəb bu olmalı deyil ki, torpaqlarımızı işğal edən ermənilər bu sahədə iş görür. Bu, bütün xalqlara, dövlətçilik tarixi olan bütün millətlərə xas olan bir məsələdir. Bu, tarixi yaddaş siyasətidir. Işğala, təcavüzə məruz qalamayan toplumlar belə öz tarixlərini təbliğ edirlər. Bu təbliğatın ən uğurlu, səmərəli, optimal variantı filmdir. Xüsusilə də sənədlərə əsaslanan tarixi filmlər daha mühüm əhəmiyyət kəsb edir. Bu qəbildən olan uğurlu filmlər özünə daha çox auditoriya toplayır. Necə ki, çağdaş nümunələr də bunu göstərir. Məsələn, Türkiyədə Osmanlı tarixi ilə bağlı çəkilən filmlərin çoxsaylı tamaşaçı qazanması gerçəyi buna nümunədir. Azərbaycanın buna xüsusilə ehtiyacı var. Çünki Azərbaycan dövləti 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edib. Bu müddət ərzində öz tarixini obyektiv işıqlandırmağa, yazmağa səy göstərib, bu istiqamətdə bir çox nailiyyətlər əldə edib. Tarixi tədqiqatların aparılması, məxəzlərin əldə edilməsi, Azərbaycan tarixi ilə bağlı xarici ölkələrdəki materialların ölkəmizə gətirilməsi bizə imkan yaradır ki, Azərbaycan kino sənəti bu mənbələrdən istifadə edərək tarixi filmlər yaratsın.
Təbii ki, bu məsələdə böyük maliyyə dəstəyi tələb olunur. Amma Azərbaycanın qədim dövlətçiliyinin, Azərbaycan mədəniyətinin zənginliyinin dünyada təbliği baxımından bu cür filmlərin yaradılması vacibdir. Biz bu cür filmlərin çəkilməsində gecikmişik. Çünki biz üçüncü onillikdir ki, müstəqilik və bunu etməyə qadirik. Dövlətimizin iqtisadi resursları da buna imkan verir. Xüsusilə də, Azərbaycanın qədim dövlətçilik tarixi, bu tarixin zənginliyi buna imkan verir.
Bu məsələni daha çox aktial edən məsələ isə torpaqlarımızı işğal edən ermənilərin tariximizi, mədəniyyətimizi əxz edərək, mənimsəyərək öz adlarına çıxmasıdır. Onların təbliğatından sonra bizim bu tarix və mədəniyyəti təbliğ etməyimiz, dünyanı öz həqiqətimizə inandırmağımız daha çətin olar. Bu cür hallarla üzləşməmək üçün zamanında öz mədəniyyət və tariximizi müxtəlif vasitəlrlə təbliğ etməyi bacarmalıyıq. Hansı ki, kino bu vasitələrdən ən kütləvisidir”.

Paylaş: