Fərqanə Qasımova: "Bizim ailədə 40 yaşı qeyd etməzlər, düşər-düşməz inancı yoxdur"
Tarix: 6-08-2019, 11:15




"Bu gün özümü çox xoşbəxt hiss edirəm. Ona görə yox ki, 40 il yaşamışam. Ona görə ki, mənim ömrümdə həqiqətən çox mənalı bir həyatım olub"
Bu fikirləri söyləyən zərif, gözəl xanım Azərbaycan musiqisinin, muğamının çox dəyərli, göz önündə olan seçilən, sevilən səslərindən biridir.
1979-cu il avqustun 6-da gələcəyin böyük xanəndəsi olacaq bu dəyərli xanım, zəmanəsinin digər qüdrətli səs, avaz sahibinin ailəsində dünyaya gəlib.
Taleyinə, bəxtinə Alim Qasımov kimi milli dəyər, bütün titulların fövqündə dayanacaq bir kişinin qızı olmaq yazılıb. Fərqanə Qasımova uşaq yaşlarından oxuyur və Alim Qasımovla yanaşı duracaq qədər böyük səsə, sözə və qüdrətə sahib olub. Məhz ona görə də bu gün özünü çox xoşbəxt, bəxtəvər hesab edir. Çünki dünyaya gələndə onun ömür payına Alim Qasımovun qızı olmaq səadəti yazılıb.
Fərqanə Qasımova 40 il yaşadığı ömrü roman kimi, bədii əsər kimi keçirdiyini deyir və əlavə edir ki, həyatı hər zaman hamar, asan olmayıb:
"Bədii əsərlərə salınacaq, yazılacaq bir həyatım olub. Bəlkə də çoxlarının həyatı belədir. Amma mənim həyatım çox imtahanlı, çox mənalı olub. Həyatımda çox gözəl anlarım olub. Şükürlər olsun ki, mən o imtahanlardan alnı açıq, dəyanətlə çıxacaq bir həyat yaşamışam. Əslində mən 40 yaşımı çox təntənəli qeyd etməyi istəyirdim. Amma ailə üzvlərimin hamısı Həcc ziyarətinə gediblər. Mənim üçün ən böyük hədiyyə odur ki, əzizlərim oradan mənə dualar edəcəklər. Bizim ailədə 40 yaşı qeyd etməzlər deyə, bir inanc yoxdur. Atamın və anamın da 40 yaşını qeyd etmişik. Yəni bizim ailədə düşər-düşməz söhbəti deyə bir şey yoxdur"
Alim Qasımov və ailəsi Həcc ziyarətində olduqlarına görə, Fərqanə Qasımova 40 illik yubileyini övladları ilə birlikdə qeyd edir. Amma ötüb, keçən yubileylərini gözəl anlarla xatırlayır.
" 20 yaşım tamam olanda Almaniyada səfərdəydik. Alim müəllim, oradakı dostlarımızla birlikdə mənə yadda qalacaq doğum günü keçirdi. Həmin şənlikdə alman dostlarımız da bizimlə bərabər iştirak etdilər. 30 yaşım tamam olanda isə Yaponiyadaydıq. Atamla birlikdə 30 illik yubilyimi Yaponiyada qeyd etdim. Atam mənə o qədər gözəl doğum günü təşkil etdi. Və sonra elə bir hədiyyə bağışladı ki, mən həmin hədiyyəni bugünədək özümlə səfərlərə aparıram. Alim Qasımovun 30 illik yubileyimdə mənə bağışladığı əl çantasını sevərək, qoruyaraq saxlayıram. Hər dəfə o çantaya baxanda 30 yaşımı xatırlayıram. Bu gün isə 40 yaşım tamam olur və mənim üçün əziz gündür. Bu günü balalarımla, ailəmlə birlikdə qeyd edəcəm. İnşallah, ailə üzvlərimiz Həcc ziyarətindən geri döndükdən sonra birlikdə yığışıb, yenidən bayram əhval-ruhiyyəsi yaşayacayıq".
Xatırladaq ki, Əməkdar artist, Prezident mükafatçısı Fərqanə Qasımova sənətə gəldiyi gündən dünyanın bir çox musiqi festivallarında, konsertlərdə iştirak edib. Hazırda möhtəşəm beynəlxalq layihə sayılan – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür.



Fərqanə Qasımova: Bizim ailədə 40 yaşı qeyd etməzlər deyə,  inanc yoxdur
Fərqanə Qasımova: Bizim ailədə 40 yaşı qeyd etməzlər deyə,  inanc yoxdur
Fərqanə Qasımova: Bizim ailədə 40 yaşı qeyd etməzlər deyə,  inanc yoxdur


Paylaş: