SSRİ Xalq artisti Fərhad Bədəlbəyli Qəbələ Festivalından danışıb
Tarix: 5-08-2019, 17:00



"Musiqinin gücü qüdrətli və sərhədsizdir. Qəbələ festivalı dünyanın müxtəlif ölkələrindən gələn məşhur solistlərin, ansamblların ifası ilə mənəvi yaxınlığımızı hiss etməyə imkan verir. Festivalın əsas missiyası məhz bundan ibarətdir".
Open.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli deyib.
Festivalın ildən-ilə böyüyən auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb etdiyini vurğulayan musiqiçi bildirib ki, bu festival artıq 11 ildir Azərbaycanın dilbər guşəsində, füsunkar təbiəti olan Qəbələ şəhərində keçirilir. Festivalın keçirilməsinə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaxından kömək göstərirlər. Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən və gözəl ənənəyə çevrilən Qəbələ festivalı ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir.
Builki festivalın da bir neçə əlamətdar hadisə ilə yadda qalacağını vurğulayan festivalın bədii rəhbəri deyib: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Məhz bu səbəbdən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimində “Nəsimi ili” çərçivəsində tamaşaçılara maraqlı proqram təqdim edildi. Konsertdə Fikrət Əmirovun ölməz əsəri “Nəsimi dastanı” baletindən süita səsləndirildi. Builki festival həm də, dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunan konsert proqramı ilə yadda qalacaq”.

Paylaş: