“Televiziyaların bu cür bayağı verilişləri, həm də bayağı tamaşaçı auditoriyası yetişdirir…”
Tarix: 3-08-2019, 08:58



“Adamlar çox vaxt saxtakarlıq edib deyirlər ki, filan müğənnini dinləmirəm, amma dinləmirsənsə, adını hardan bilirsən?! Bu cür bayağı mahnıların sosial şəbəkədə çox yüksək tirajla geniş tamaşaçı auditoriyası var”

Bunu Moderator.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs bayağı mahnıların təbliği haqda danışarkən deyib. Q.Ağsəs klassik mahnılarımıza insanlarımızın həmişə ehtiyac duyduğunu sadəcə olaraq televiziyalarımızın buna maraq göstərmədiyini deyib:

“Bayağı mahnılar bu günün ən çox dinlənilən mahnılarıdır və bu da faktdır. Adamlar çox vaxt saxtakarlıq edib deyirlər ki, filan müğənnini dinləmirəm, amma dinləmirsənsə, adını hardan bilirsən?! Bu cür bayağı mahnıların sosial şəbəkədə çox yüksək tirajla geniş tamaşaçı auditoriyası var. Səhər ovqatı üçün özümün qulaq asdığım Azərbaycan mahnıları var və onların arasında Şövkət Ələkbərova, İslam Rzayev, Oqtay Ağayev, Qulu Əsgərov və s. bu kimi bizim artıq dünyasını dəyişən və klassikə çevirilən ustadlarımız var. Onlara qulaq asanda bu işi o qədər də sevməsəm də hərdən jurnalist marağımı saxlaya bilməyib bilmək istəyirəm ki, İslam Rzayevin “Biri sənsən, biri mən” mahnısına nə qədər baxış sayı var. Onun ardınca o göstərici məni sövq edir ki, başqa bir “bozbaş” mahnının da baxış sayına baxım. Məsələn, İ.Rzayevin mahnısına 80 min baxış varsa, başqa bir bayağı mahnının göstəricisi bundan on dəfə artıqdır. 

Çayxanalarda, meyxanalarda, avtobuslarda səsləndirilən mahnılar göstərir ki, onlara qulaq asanlar  var. Çayxanalarda bunlara güzəştə getmək olar, amma efirlərdən də bu müğənnilərin səsi gəlirsə və efirlərdə 2-3 saat özlərinə vaxt ayıra bilirlərsə və hətta bunlar üçün ad günləri partiləri təşkil olunursa, bu artıq məsələnin son dərəcə ciddi olduğundan xəbər verir. Mən beş il Bakı gecələrinin mahnı mətni üzrə eksperti olmuşam. Biz bunu təmizləməyə çalışmışdıq və çox təəssüflər olsun ki, sonradan bu layihəni dayandırdılar. Deyirdilər ki, klassikaya, bəstəkar mahnısına və ciddi musiqiyə tələbat yoxdur. Həmin dövrdə o müsabiqə televiziyada gedəndən sonra çox alqışla qarşılandı. Deməli buna maraq var və televiziyalar yalan danışır. İkincisi mən ən son Milli Yaylaq Festivalı haqda danışım. Hər yerdə adamların bu festivala baxdığının şahidi oldum. Ucuz verilişləri təkcə ucuz tamaşaçılar araya gətirmir. Televiziyaların bu cür bayağı verilişləri, həm də bayağı tamaşaçı auditoriyası yetişdirir. Televiziyanın bir işi də maarifçilikdir. Çox təəssüflər olsun ki, maarifçilik sahəsi televiziyalarımızda tamam unudulub. Bu gün gənc nəslin O.Ağayevdən, A.Qəniyevdən, M.Babayevin köhnə ifalarından xəbərləri yoxdur. Azərbaycan musiqisi indi bizə sırınan musiqi deyil. Əvvəlki mahnılardan fərqli olaraq indi nə mahnının, nə də musiqinin müəllifi tanınan adam deyil”. 

Paylaş: