Cahangir Novruzov: "Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır"
Tarix: 31-07-2019, 10:54



İyulun 31-i Azərbaycanın Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, görkəmli teatr və kino xadimi, Qazaxıstanın Fəxri Mədəniyyət Xadimi, TÜRKSOY-un "Haldun Taner" mükafatı laureatı Cahangir Novruzovun doğum günüdür.
Cahangir Novruzov - Azərbaycanın Türkiyədə yaşayan dəyəri sənət xadimidir. Görkəmli sənətkarımızla dünyaya gəldiyi gündə söhbətləşdik. Bu söhbəti müsahibədən çox, Cahangir müəllimin düşüncələri, sevincləri, onu narahat edən fikirlər toplusu adlandırmaq daha doğru olar.
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
Beləliklə, 65 yaşının astanasında Cahangir Novruzovun Open.az-a söylədikləri...
- Cahangir müəllim, iyulun 31-i doğum gününüzdür. 65 yaşınız tamam olur. İlk olaraq sizi sevənlərinizin, tamaşaçılarınızın adından təbrik edirəm. 65 illik yubileyiniz Türkiyədə qeyd edildi. Doğma vətəndə yubileyinizi keçirməyi düşünürsünüz?
-Təbrikinizə görə sağ olun. Sizə deyim ki, 65 yaşı yubiley saymıram. 65 illik yubiley ifadəsi düzgün deyil. Adətən yubiley kimi50, 60, 70 yaşı qeyd edirlər. Mən, bunu doğru hesab edirəm və düşünürəm ki, 65 yaş yubiley sayılmaz. İkincisi də mən, yubiley kəlməsini çox da xoşlamıram. Onu tamamilə başqa cür qəbul edirəm. Mənim fikrimcə yubiley, müəyyən işləri görüb bitirdikdən sonra həyatının, yaradıcılığının və fəaliyyətinin sonuna yaxın olmalıdır. Sanki hesabat xarakteri daşımalıdır. Doğrudur, Azərbaycanın sənət tarixində, daha doğrusu Azərbaycan Teatrının tarixində ilk yubiley - mənim babam, Nəsibə xanımın atası Cahangir Zeynalov üçün keçirilib. Cahangir Zeynalovun 50 yaşı tamam olanda teatr ictimaiyyəti bir araya gələrək bu yubileyi qeyd ediblər. Bir daha vurğulayıram ki, babamın yubileyini dövlət yox, ictimaiyyət, qurumlar, vəqflər, teatr aləmində onu sevən insanlar toplanıb, keçiriblər. Mən düşünürəm ki, yubiley hər bir insan üçün aid olduğu cəmiyyətin içərisində qazandığı adın sayəsində, toplumun müdaxiləsi, fəaliyyəti, istəyi ilə gerçəkləşməsi gərəkli olan tədbirdir. Məsələn, 2019-cu il - "Nəsimi ili"dir. Azərbaycan dövləti və Mədəniyyət nazirliyi Nəsiminin 650 illik yubileyi ilə bağlı çoxsaylı tədbirlər keçirir. Yəni bu o deməkdir ki, Nəsiminin qoyduğu böyük yaradıcılığı axtarıb, tapıb, araşdırıb, ortaya çıxarıblar və dünya mədəniyyəti üçün, Azərbaycan üçün çox önəmli olduğuna görə ona yubiley keçirirlər. Bu il həm də Cəlil Məmmədquluzadənin 150, Cəfər Cabbarlının 120 illik yubileyidir. Əsrlər keçdikcə bu insanların yaradıcılığının Azərbaycan üçün, xalqımız üçün nə mənaya gəldiyi, onların fəaliyyətinin nə qədər yararlı olduğu ortaya çıxdıqdan, illər keçdikdən, özləri bu dünyada olmayanda, doğmaları, qohumları həyatdan köçəndən sonra, onlara görə kimsə xahiş edib, qapı döymədən, bizim millətimiz, dövlətimiz, qədirbilən insanlarımız belə görkəmli şəxsiyyətlərin yubileyini qeyd edirlər. Düşünürəm ki, yubiley məhz belə bir şey olmalıdır.
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
TÜRKİYƏDƏ HAZIRLADIĞIM TAMAŞALARIN AZƏRBAYCANDA GÖSTƏRİLMƏSİNƏ MANE OLDULAR
Mən uzun illərdir Azərbaycandan kənardayam. Ona görə də mənim Türkiyədəki fəaliyyətim Azərbaycanda bəlli deyil. Nə yaxşı ki, sosial şəbəkələr var. Sosial şəbəkələrdə zamanla özümün və ya tələbələrimin hazırladığı tamaşaları, müxtəlif layihələri, tədbirləri hər kəsə nümayiş etdirirəm. Bu səbəbdən də Azərbaycanda Adanada gördüyüm işlərlə bağlı hər kəsin məlumatı olur. Sizə deyim ki, mən burada az iş görmürəm. Doğrudur, bir zamanlar Adana Teatrında hazırladığım tamaşaları Azərbaycanda nümayiş etdirmək istəyirdim. Bir neçə dəfə oraya gəlmək istəsək də, rəsmi sturukturlarda çalışan bəzi adamlar (təbii ki, hamıya aid deyil) buna ciddi-cəhdlə mane oldular. Bir neçə il əvvəl hazırladığım tamaşaları Bakıda nümayiş etdirməliydim. Sonra, Şəkidə və Bakıda keçirilən Teatr Festivallarına gəlməyi çox istəyirdik. Amma yenə də adını çəkmək istəmədiyim bəzi adamlar, mənasız səbəblər ucbatından Türkiyədə hazırladığım tamaşaların Azərbaycana gətirilib göstərilməsinə mane oldular. Kollektivin sayının çoxluğunu bəhanə edərək əngəl yaratdılar. Amma bizim sayımızın üç misli olan Gürcüstandan gələn tamaşanı gəbul etdilər. Allaha şükürlər olsun ki, o, adamlar daha həmin vəzifələri icra etmirlər. Təbii ki, o tamaşalar Azərbaycanda nümayiş olunsaydı, müəyyən fikirlər, münasibətlər yaranardı, əlaqələr qurulardı və Azərbaycan tamaşaçısı, bizim teatrşünaslarımız, Mədəniyyət Nazirliyimiz mənim Türkiyədə hansı işləri gördüyümü, Azərbaycanla bağlı nələr etdiyimin canlı şahidi olardılar. Düzdür, Azərbaycanın Türkiyədəki səfirliyi mənim quruluş verdiyim tamaşaları, məsələn, M.F.Axundovun 200 illik yubileyinə hazırladığım "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasını izləyib. Ümumiyyətlə, Türkiyədə çalışmış olan bütün səfirlərimiz, Zakir Haşımov, Faiq Bağırov, Xəzər İbrahim, İstanbul baş Konsulu Həsən Zeynalov bizim Adana tədbirlərimizdə, tamaşalarımızda tez-tez iştirak edir və nələr etdiyimizi görürlər. Həmçinin, Azərbaycan Diasporasının məsul şəxsləri və üzvləri, özəlliklə Diasporamızın sədr müavini Valeh Hacıyev, dəfələrlə mənim tamaşaları və hazırladığım festival tədbirlərini seyr ediblər. Onlar iştirakları ilə vətəndən kənarda yaşayan və öz fəaliyyəti ilə Azərbaycanı tanıdan vətəndaşlara dəyər veriblər. Bunun çox böyük mənası var. Amma bütün bunlar o demək deyil ki, bizləri Azərbaycan tamaşaçıları və Azərbaycanın teatr biliciləridə görür. Yəni gördüyümüz bu qədər işlərdən vətənimizdə yaşayanların xəbəri olmur. Ona görə bu gün 65 illik yubiley deyəndə mənə qəribə gəlir.
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
SON 20 İLDƏ AZƏRBAYCANI TƏBLİĞ VƏ TƏMSİL ETDİYİM DAVAMLI YARADICILIĞIMLA KİMSƏ MARAQLANMAYIB VƏ O SƏBƏBDƏN DƏ DÜŞÜNÜRƏM Kİ, BELƏ YUBİLEY OLMAZ
Çünki mənim üçün olacaq yubileydə mən nəyin hesabatını verəcəyəm? Son 20 ildə Azərbaycanı təbliğ və təmsil etdiyim davamlı yaradıcılığımla kimsə maraqlanmayıb və o səbəbdən də düşünürəm ki, belə bir yubiley olmaz. Hər halda mən belə fikirləşirəm. İkincisi də mən yubiley tərəfdarı deyiləm. Mən elə bilirəm ki, insanın yaradıcılığı bir ev, bina tikməyə bənzəyir. Sən həyatın boyu o binanı inşa edərsən, memarlığına, fasadına, gözəlliyinə,estetikasına, rahatlığına, içində yaşadılacaq düşüncələrin insanlara nə qədər yararlı, faydalı olduğuna baxarsan və o binanı getdikcə yüksəldərsən. Və ancaq sən yaradıcılığını bitirdikdən sonra, yəni səndən sonra həmin binanın çatısını, damını başqaları qoyub, sənin üçün yubiley keçirərlər. Amma bir insan öz yaradıcılığını durdurub, daha doğrusu ucaltdığı binanın damını, çatısını özü qoyarsa, deməli hər şey başa çatıb. Demək o, insanın yaradıcılığı oradaca bitib, tükənib. Mən elə bilirəm ki, mənim yaradıcılığım hələ bitməyib. Mən, hələ ki, davam edirəm. Ona görə də yubileylə bağlı fikirlərim bura qədərdir. Bir də onu söyləyim ki, Türkiyədə yubiley deyilən bir adət-ənənə yoxdur. Burada aktyorları sadəcə sevirlər. Doğum günümdə tələbələrim, çalışdığım Universitetin kollektivi məni təbrik edirlər. Amma təntənəli yubiley ənənəsi Türkiyədə yoxdur. Həm də mənim doğum tarixim iyul ayının son gününə təsadüf edir. İyul isə bütün Universitetin istirahətə çıxdığı aydır. Ona görə də Türkiyədə mənə doğum günü, yubiley keçirmək istəsələr belə heç cür alınmır. Sentyabr ayı başlayanda isə işlər çox olur, qəbul imtahanlarına baş qarışır və yubiley, filan yada düşmür. Ona görə də mənim doğum günü, yubiley heç ağlıma gəlmir. Bu, təvəzökarlıq deyil, mənim həyat prinsipimdir. Əslində, çox normaldır. Əgər doğum günümdə məni sevənlər zəng edirsə, təbrik olunuramsa, həmin şəxslərə ürəkdən təşəkkür edirəm. Sağ olsunlar, var olsunlar. Mən də öz növbəmdə doğum günləri olan sevdiyim insanları təbrik edirəm.
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
"ADANAYA GÜC VERƏNLƏR" LAYİHƏSİ
2013-cü ildə, Adanada fəaliyyət göstərən "Altın oran" düşüncə və sənət platformu ilə "Seyhan" və "Güney" rotaru klublarının zəhməti sayəsində "Adanaya güc verənlər" adlı bir layihə gerçəkləşdi. Layihədə, illər boyu Adananı iqtisadi, elm və mədəniyyət, mənəvi tərəfdən gücləndirən, Adana şəhəri üçün müxtəlif işlərdə əməyi olan 25 şəxsi seçdilər. Deməli, həmin 25 nəfər nüfuzlu şəxsin siyahısında mənim də adım var idi. Düzü belə bir layihədə mənim də seçiləcəyimi heç gözləmirdim. Həm də layihəni bir az gizli yəni niyyətlərini tam açmadan həyata keçirdilər. Sonra yanıma bir fotoqraf gəldi. Gənc qız idi. Mənim fotolarımı çəkmək istədiyini bildirdi və əlavə etdi ki, çəkəcəyi şəkillər layihə üçün çox önəmlidir. Səhəri gün həmin fotoqraf qızla 3-4 nəfər həmkarı da gəldi. Beləliklə, 8 nəfər oldular. Üç-dörd gün layihə üçün mənim fotolarımı çəkib, söhbət etdilər. Üç-dörd gündə 10 minə yaxın foto çəkdilər. Axırda dedim ki, "Uşaqlar, bəlkə bu qədər bəsdir?". Sən demə layihəyə görə haqqımda kitab-fotoalbom yazmaq fikirləri varmış. Bir müddətdən sonra çapdan çıxmış jurnal formatında, olan kitabları mənə və layihədə olan 25 nəfərə səhnədə, təntənəli bir tədbirdə təqdim etdilər. Kitabın nəşri mənim üçün gözəl sürpriz oldu. Bunu nəyə görə danışdım?! Bu yaxınlarda dostlarımdan birinin yubiley tədbiri oldu. Onun tədbirə hazırlaşdığını, keçirdiyi həyəcanı, təlaşı görmək mənə qəribə gəldi. Əslində yubiley gözəldir. Mənə elə gəlir ki, bir adam üçün yubiley edəcəklərsə bu ona bir sürpriz olmalıdır. Amma belə bir sürprizi də haqq etmək lazımdır. İnanın ki, siz məndən soruşmasaydınız bu yubiley fikri mənim ağlıma gəlmirdi. Çünki mən kimsədən heç bir şey ummuram. Məni tanıyanlar xasiyyətimə bələddirlər. Mənim ağlımı daha çox bundan sonrakı yaradıcılığım məşğul edir. İndi isə sizə başqa mövzulardan danışım.
Bildiyiniz kimi, bu il Mirzə Cəlilin və C.Cabbarlının yubileyidir. Mən də öz növbəmdə hər iki görkəmli şəxsiyyət üçün nələrsə etmək istəyirəm. Hərəsinin bir əsərini hazırlamağa çalışacam. Amma burada hər şey istədiyin kimi getmir. Başqa ölkədir, burada başqa qanunlar və başqa mentalitet hökm sürür.
Türkiyədəki Azərbaycan Kültür Dərnəyində İ.Nəsiminin 650, C.Məmmədquluzadənin 150 və C.Cabbarlının 120 illik yubileyləri ilə bağlı müxtəlif tədbirlər olacaq. Neçə illərdir, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür və Dayanışma Dərnəyinin başkan yardımçısıyam. (sədr müavini) Başqanımız, İğdırda doğulub, böyüyən amma əslən Azərbaycan kökənli olan Yaqub Bulutdur. Azərbaycan üçün həqiqi mənada çox işlər görən, can yandıran insandır.
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
"İRƏLİ KEÇMİŞƏ...!" VƏ YA ÇOXDAN GÖZLƏNİLƏN "ZƏNG"
Bu yaxınlarda dostum, “Azərbaycantelefilm”in direktoru Ramiz Həsənoğlu və “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyev mənə telefonla zəng etdi. Uzun illərdən sonra yenidən AzTv-da tamaşalar ənənəsinin bərpası xəbəri məni çox sevindirdi. Hiss edirəm ki, Azərbaycan Televiziyasında yeni ab-hava yaranıb. Azərbaycan Televiziyasının yeni rəhbəri Rövşən Məmmədovu aldığı qərarlara görə salamlayır, ona işlərində uğurlar diləyirəm. Yeni rəhbərliyə minnətdaram. Ramiz Həsənoğlunun yenidən fəaliyyətə başlanması onu göstərir ki, AzTv-nin yeni rəhbərliyinin apardığı islahatların, Azərbaycan xalqının mədəniyyətinə, mentalitetinin yüksələrək dəyişməsinə böyük yardımları olacaq. Mən buna inanıram. Çox sevinirəm ki, Ramiz Həsənoğlu və Şərif Qurbanəliyev yenidən sevdikləri işlə məşğul olacaqlar. Mən, “İrəli, keçmişə...!” deyə bir şüarı səsləndirirəm. Niyə görə “İrəli, keçmişə?”. Çünki bir zamanlar birdən-birə o sistem dayandı. Və dayanan sistemlə birlikdə inkişaf da sona çatdı. Amma itirilən bu qədər illər ərzində nələr, necə gözəl tamaşalar çəkilə bilərdi?! Bu günün texnikası, imkanları ilə necə gözəl yaradıcılıq işləri ərsəyə gətirmək olardı. Təəssüflər olsun ki, indi bir az gec olsa da hər şeyi yenidən başlamaq imkanı yaranıb.
Beləliklə, bu yaxınlarda “Sabah” Yaradıcılıq Birliyinin dəvəti ilə Bakıya gələcəm və yeni “Zəng” adlı teletamaşanın çəkilişlərinə başlayacayıq. Şərifin məni dəvət etməsi böyük sürpriz oldu. Uzun illərdən sonra yenidən ekranlara qayıdıb, Azərbaycan xalqını sevindirəcəyik. Xalqımız üçün yeni, ona layiq olan bir əsərlə görüşlərinə gələcəyik. Şərif bu dəfə də bizim, köhnə qrupu bir araya gətirib. Uzun zamandan sonra biz - köhnələr, yaşlı sənətkarlar ekrana qayıdırıq. Hazırda “Zəng”in üzərində çalışıram. Çox maraqlı, fantasmoqorik bir əsərdir. Bu əsərlə Azərbaycan tamaşaçısına, uzun illər mənə sosial şəbəkələrdən yazan dostlarıma, heç tanımadığın tamaşaçılarıma yeni əsərin müjdəsini vermək istəyirəm. Mənə yazan tamaşaçılarım ötən illərdə çəkilən teletamaşaları böyük sevgi ilə xatırlayır və hər zaman heyfslənirdilər ki, “Niyə o əsərlərin davamı olmadı?”. “Zəng” teletamaşası ilə qədirbilən tamaşaçılarımıza layiq olduqları gözəl sənət əsərini təqdim edəcəyik. Bu hədiyyəni bütün tamaşaçılarımıza çatdırmaq sənət dostlarımla bərabər mənim borcumdur. Uzun illərdir bizdən asılı olmayan səbəblərə görə sevimli tamaşaçılarımıza mənəvi borcumuzu qaytara bilmədik. “Zəng” tamaşası ilə borclarımızı yavaş-yavaş ödəməyə çalışacağıq. Bu mənada mən çox sevincli, çox həyəcanlıyam. Şərif Qurbanəliyevin ssenarisini yazdığı yeni teletamaşa fantasmoqariq təklif olunmuş vəziyyətləri olan əsərdir. Əsərdə ailənin başçısını oynayacağam. Tamaşada düşəcəyim vəziyyət də bir az qəribə və hətta ezoterikdir. İndi əsərin sirrini tamaşaçı üçün açmaq istəmirəm. Qoy, onlara sürpriz olsun. Hazırda, rol üzərində, oynayacağım obrazın xəyalının get-gəlləri üzərində çalışıram ki, mənalı və məzəli olsun.
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
NƏ YAZIQ Kİ, REJİSSORLARIMIZIN BİR ÇOXUNDA AZƏRBAYCAN TEATRINDA OLAN AKTYORLARI KƏŞF ETMƏK İSTƏYİ VƏ DÜŞÜNCƏSİ YOXDUR
"Ac həriflər" tamaşasındakı surətimlə bağlı verdiyiniz suala cavab olaraq demək istəyirəm ki, əslində aktyor hər obrazı ifa etməyi bacarmalıdır. Mən özümü elə yetişdirmişəm ki, mənə verilən bütün obrazları oynayım. Nə yazıq ki, rejissorlarımızın bir çoxunda Azərbaycan teatrında olan aktyorları kəşf etmək istəyi və düşüncəsi yoxdur. Bu anlamı çoxları ya bilmirlər, ya da görmək istəmirlər. Bəzi rejissorlar daha rahat yol tapıblar. Aktyoru eyni janrda olan obrazla “möhürləyirlər”. Azərbaycanın teatr və kino tarixində belə aktyorlarımız çox olub. Bu mənada Nəsibə xanım kimi bir aktrisanın ancaq komediya janrında sınamaq, tək ampluada görmək Azərbaycan rejissorlarının böyük xətası idi. Bu fikri özümə qarşı münasibətdə də qeyd edə bilərəm. Şəki Teatrında çalışanda, sinif yoldaşım, xətrini dünyalar qədər istədiyim sənət dostum Hüseynağa Atakişiyevlə birlikdə çox ciddi tamaşalar üzərində çalışmışıq. Məsələn, "Meteor" tamaşası. Həmin tamaşada mən, “Möhtəşəm Mögeni (Mugeymi) oynamışam. Sarkastik, xarakter, komediya ünsürü olan çox ciddi fantasmoqorik bir əsər idi. Əsəri Moskvada da nümayiş etdirmişdik. Moskva tamaşaçısının qarşısında böyük uğur qazanmışdıq. Sözümün canı odur ki, bizim kino, teatr və ya televiziya rejissorlarımız daha dərin düşünmüş olsaydılar, Azərbaycan aktyorlarından zamanında və indi də səmərəli, düzgün istifadə edə bilərdilər. Bunu bir baxt, bir şans kimi də adlandırmaq düzgün olar. Məsələn, Azərbaycan aktyorları Hollivudda və ya başqa ölkələrdə doğulsaydılar, biz onları fransız, ingilis artistləri kimi gözəl rollarda görə bilərdik.
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
AZƏRBAYCANIN TEATR SEKTORUNDA ÇOX CİDDİ, PROFESSİONAL İSLAHATLAR APARILMALIDIR. BUNUN ÜÇÜN DƏ AZƏRBAYCAN REJİSSORLARININ, TEATR ADAMLARININ BİR ARAYA GƏLMƏSİ LAZIMDIR.
Azərbaycan xalqının genetikasında çox böyük istedad ünsürü var. Sadəcə bizim aktyor məktəbinin zəmanəyə, indiki zamana uyğun şəkildə tədrisi, inkişafı olsa, aktyorlarımız yüksək yerlərə gedib çıxa bilər. Ümumiyyətlə, Azərbaycanın teatr sektorunda çox ciddi, professional islahatlar aparılmalıdır. Bunun üçün də Azərbaycan rejissorlarının, teatr adamlarının bir araya gəlməsi lazımdır. Elə bilirəm ki, mənim uzun zaman tanıdığım, sənət dostumuz Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov da bu materialı oxuduqdan sonra mənə haqq verəcək. Bizlər bir araya gəlib, Azərbaycan teatrı, onun inkişaf yolları haqqında düşünməliyik. Sabahkı Azərbaycan teatrının bazası, Azərbaycan rejissurasının, rejissorluq sənətinin hansı səmtə doğru inkişaf edəcəyini müəyyən etmək üçün biz, dünya teatrlarının du günkü zövq və estetik səviyyəsinə baxıb, onu yamsılamadan, təkrar etmədən öz yolumuzu, estetik-fəlsəfi düşüncəmizi tapmaq yolunda irəliləməliyik. Mənim fikrim belədir. Baxın, son illər Azərbaycan musiqisi haralara gedib çıxıb. Azərbaycan teatrında da eyni xalqın nümayəndələri çalışır. Eyni xalqın yetişdirdiyi sənətkarlardır. Musiqidə inkişaf olduğu kimi Azərbaycan teatrında və kinosunda da inkişaf olmalıdır. Bunun üçün bizlər və sənətə hər zaman dəstək verən dövlətimiz var. Azərbaycan dövləti, ölkə Prezidenti sənətə, mədəniyyətə böyük dəstək verir. İnanın ki, Azərbaycanda olan teatr binaları Türkiyədə yoxdur. Azərbaycanda fəaliyyət göstərən teatr binalarının texniki imkanları Türkiyədə mövcud deyil. Türkiyədə bir və ya iki binada bizim teatrlarımızda olan bənzər imkanlar var. Ona görə də, Dövlətin yaratdığı bu imkandan, şəraitdən, dəstəkdən istifadə edərək hərəkətə keçməliyik. Bizlər, yəni yaşlı nəsli təmsil edən sənətkarlar gənclərin nə edəcəyini, nələrə qadir olduğunu müzakirə etməli, dərindən düşünməliyik və onların inkişaf yolunu açmalıyıq. Azərbaycan teatrının rejissorluq məktəbi haqqında çox dərindən düşünməliyik. Belə bir təşəbbüs ətrafında toplaşmaq, yığışıb söhbət etmək, problemləri həlletmək üçün hər zaman yardımçı olmağa hazıram. Mən sevinərəm ki, elə bir toplantı keçirilə və mən də oraya dəvət alam.
Türkiyədə yaşadığım uzun illər ərzində dərs dediyim Universitetdə və türk teatrında gördüyüm ən yaxşı hadisələri, Azərbaycanın teatr adamları ilə zaman-zaman paylaşmışam. Burada olan səhvlərin Azərbaycanda təkrarlanmasına izin verməmək üçün düşüncələrimi söyləyirəm. Söyləyirəm ki, yazılsın, yadda qalsın, sənədlərə qeyd olsun. Azərbaycan Teatrının inkişaf yolları haqqında hər birimiz ciddi düşünməliyik.
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
ŞƏKİ MƏNİM İKİNCİ VƏTƏNİMDİR. HƏR ZAMAN SÖYLƏMİŞƏM Kİ, MƏN ŞƏKİNİN DAİMİ NÜMAYƏNDƏSİ, TƏMSİLÇİSİYƏM
Bu arada sizin məndən müsahibə almanızdan istifadə edərək mən, Azərbaycan xalqını və Dövlətini, Mədəniyyət Nazirliyimizi Şəki Xan Sarayının UNESKO-nun dünya mirası siyahısına salınması münasibətilə təbrik edirəm. Şəki Xan Sarayının dünya mirası kimi qəbul olunması Azərbaycan üçün çox önəmlidir. Məni tanıyanlar, yaradıcılıq yoluma bələd olanlar bilirlər ki, Şəki, onun teatrı mənimçün əzizdir. Doğma məkanımdır. Şəki Teatrında Vaqif Abbasovun, dostum Hüseynağa Atakişiyevin, mənim və başqa məsləkdaşlarımızın yetişdirdiyi aktyorlar bu gün də fəaliyyətlərini davam etdirirlər, fədakarlıq edirlər. Şəki Teatrının hələ Sovetlər dönəmində getdiyi qastrol səfərləri-Kuba, Çexoslavakiya, Kazan, Daşkənd, Səmərqənd, Moskva, Sibir və s. ölkələrdə və şəhərlərdəki qastrol və çıxışlarını heç bir teatr hələ də təkrarlaya bilməyib. Hətta Akademik Dram Teatrı belə. Xatırladım ki, Azərbaycanın teatr tarixində Şəki Teatrı 4 xarici festivalda iştirak edərək, 3 dəfə Qran-Pri almış yeganə sənət məbədidir. Bolqar əsəri olan “Ustalar” tamaşasındakı ifasına görə aktyor İbrahim Əliyev və Muxtar İbadov bu mükafatı əldə etmişdilər. İbrahim Əliyev “Ən yaxşı kişi aktyoru” nominasiyasında 3 dəfə Qran-Pri qazanan tək sənətkardır. Allah, Muxtara rəhmət eləsin. İbrahim Əliyevə isə can sağlığı versin. İbrahim Əliyevin iyulun 7-də 70 yaşı tamam olub. O da mənimlə eyni ayda dünyaya gəlib. Bax, onun üçün yubiley etmək lazım idi. Bunları sadalamaqda məqsədim, Şəki Teatrının mənim üçün nə qədər önəmli olduğunu dilə gətirməkdir. 10 il Şəki Dövlət Dram Teatrında çalışmışam. Həyatımın 10 ilini Şəki Teatrına sərf etmişəm demirəm, çünki 10 il ərzində yaşamışam, yaratmışam. Mənim Şəkidə çalışdığım illərdə Bakıda durğunluq idi. Şəkidə isə sənəti yüksəklərə qaldırmaq üçün var gücümüzlə çalşırdıq. İstirahət günləri daxil olmaqla hər gün Teatrda olurduq. İstirahət günlərimizdə hamı səhərdən teatra gəlirdi. Çünki aktyorların özləri dəfələrlə məşq etməyə, ustalıqlarını inkişaf etdirməyə maraqlıdırlar. Bir sözlə Şəki ilə bağlı xatirələrim mənimçün çox ülvidir və bu anlamda Şəki mənim ikinci vətənimdir. Hər zaman söyləmişəm ki, mən Şəkinin, əvvəllər Sovetlər İttifaqında indi isə Dünyada daimi nümayəndəsiyəm (postayannıy pristovitel). Hara getsəm, harada olsam Şəkini təmsilçisi kimi çıxış edirəm. Ona görə də Şəkinin İcra Hakimiyyətinin başçısı, mənim yaxın dostum Elxan Usubova, Mədəniyyət Naziri Əbülfəs Qarayevə və təbii ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, bizim Birinci vitse - prezidentimiz Mehriban xanıma Şəki ilə bağlı zəhmətlərinə görə çox təşəkkür edirəm. Şəkinin dünya mirası olaraq qəbul olunmasında onların zəhmətləri danılmazdır. Bir daha təbriklərimi çatdırıram.
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
NƏSİBƏ ZEYNALOVA HEÇ BİR ZAMAN SƏHNƏDƏKİ TƏRƏF MÜQABİLİNİ ƏZMƏZDİ
Ümumiyyətlə, Nəsibə xanımla bir səhnəni, bir yaradıcılıq meydanını paylaşmaq, həm şərəfli, həm də ağır idi. Onunla yanaşı olmaq məsuliyyətliydi və Nəsibə xanımdan çox şeylər öyrənmək mümkün idi.
1968-ci ildə Həsən Seyidbəylinin "Bizim Cəbiş müəllim" filminə çəkilirdim. O zaman 8-ci sinifdə oxuyurdum. Nəsibə xanımla ilk çəkildiyim ekran əsəri həmin filmdir. Amma ondan əvvəlki filmlər mənim uşaqlıq zamanımda olub.O filmlərdə nəinki oynamaq, sadəcə ekranda görünürəm. Buna misal kimi “Böyük dayaq” bədii filmini göstərə bilərəm. “Böyük dayaq”da toy səhnəsində həyətdə olan uşaqların arasında mən də varam. Kadrda cəmi bir-iki saniyəlik görünsəm də o illərin xatirəsi hafizəmdən silinməyib. Çəkiliş meydançasında keçən günlərim, aylarım, böyük aktyorları canlı görüb, onlarla ünsiyyətdə olmağım bu günə qədər yadımdadır.
"Böyük dayaq" filmində Ələsgər Ələkbərovun oyununu, onun kamera qarşısında duruşunu, ciddiliyini, enerjisini kiçik yaşda olmağıma baxmayaraq bu günədək xatırlayır və hiss edirəm. Ələsgər Ələkbərovun qaraciyəri xəstəydi. Çəkilişdən kənar vaxtlarda ağrı olan nahiyyəni sarıb, otururdu. Çəkiliş başlayanda isə sarığını açır, meydançaya cəngavər kimi çıxırdı. Uşaq olmağıma baxmayaraq, nəfəsimi tutaraq Ələsgər Ələkbərovun oyununu izləyirdim. Mənim qədər dəcəl, sakit durmayan, aləmi qatan bir uşağın Ələsgər Ələkbərovun çəkiliş səhnəsində necə sakit oturub, nəfəsimi tutaraq ona baxdığımı unuda bilmirəm. Çəkiliş meydançasında Ələsgər Ələkbərov birdən-birə dəyişir, tamamilə başqalaşırdı, sanki heç xəstə deyildi. Bunları görərək o mühitdə formalaşırdım. “Böyük dayaq” filmində Həsən Məmmədov çox gənc idi. Kinoda ilk işiydi. Sonra Hacı Murad Yagizarov həmin filmdə çəkilirdi. Hacı Murad Cəfər Cabbarlı küçəsi 18-də bizim italyan həyətdə yaşayırdı. Hacı Muradla qonşuyduq.
O zaman mənim o filmlərdə iştirakım, xəmirin içində bir damla su olaraq yoğrulmağım, bu gün məni sənətə bağlayan ünsürlərdən biridir. Amma Nəsibə xanımla 1968-cı ildən ekranda görünməyə başladım. Və daha sonra "Qayınana" "Ev sizin, sirr bizim" tamaşasında və Musiqili Komediya Teatrında çalışdığım dövrlərdə isə başqa tamaşalarda, konsert tədbirlərində ikimiz eyni səhnəyə çıxırdıq.
Bilirsiniz, Nəsibə xanımdan öyrənməmək mümkün deyildi. Onunla səhnədə olduğun zaman oynamaq, dəyişmək və başqalaşmaq məcburiyyətində qalırdın. O, səni əzmirdi. Nəsibə Zeynalova heç bir zaman səhnədəki tərəf müqabilini əzməzdi. “Mən hamıdan güclüyəm, mən səndən üstünəm” belə fikirlər Nəsibə xanıma yad idi. O, hər kəsi səhnədə yaşadırdı, oynadırdı. Mən Nəsibə xanımla rəqabət etmək istəyən aktrisaları da çox yaxşı xatırlayıram. Adlarını çəkmək istəmirəm. Amma hər birisi Nəsibə xanıma rəqib olmalarına rəğmən ona minnətdar olurdular. Çünki səhnədə Nəsibə xanım kimsəni əzmirdi. Və onları oynadırdı. Hətta Nəsibə xanımın başqa aktyorların, aktrisaların xeyrinə bəzi tamaşalardan imtina etdiyi bilirəm.
Cahangir Novruzov:  Mənə elə gəlir ki, yubiley sürpriz olmalıdır
NECƏ EDİM Kİ, CAHANGİRDƏN DAHA YAXŞI OYNAYIM?!

Nəsibə xanım ona görə belə addım atırdı ki, həmin aktyorların işlərinə son verilməsin, onlar haqqında yaxşı fikirlər yaransın. Sizə onu da deyim ki, Nəsibə xanım sənət dostlarına bu yaxşılıqları edərkən, onun adını kənarda kaprizli aktrisa kimi hallandırırdılar. Heç ağıllarına da gəlmirdi ki o, bu "kaprizi" başqaları yaşasın deyə edirdi. Nəsibə xanım, o sözləri eşidirdi, ağır da olsa fikir verməməyə çalışırdı. Bəzən evdə atam söyləyərdi ki, "Nəsibə, roldan niyə imtina etdin?”. Anam isə cavabında " Filankəsə rol vermirlər. Belə edirəm ki, bu obrazı o ifa etsin” deyərdi. Rejissor, rəhmətlik Niyaz Şərifov bizə yaxın olan adam idi. Hər dəfə hirslənib anama deyirdi ki: "Nəsibə, niyə kapriz edirsən?" Amma inanın ki, Nəsibə xanım kaprizli deyildi. Sadəcə roldan imtina etməyinin səbəbini açıb demirdi. Amma biz bilirdik. Nəsibə xanımın ürəyi çox yumşaq idi. Mən belə bir atmosferdə böyümüşəm. Ona görə də anlayışım belədir ki, səhnədə, sənətdə rəqabət səviyyəli yarış şəklində olmalıdır. Anamın bir sözü vardı. Deyirdi ki: " Sənin sənət dostun çox gözəl, yüksək səviyyədə sənət əsəri yaradıbsa, çiçəyini al, get onu böyük bir səmimiyyətlə təbrik elə. Amma evə gəlib yatma. Düşün ki, o səndən nəyi ilə üstündür. Necə edib ki, səndən daha güclü olub? Gedib onun evini yıxmaqla, onun qanını qaraltmaqla o adamdan güclü ola bilməzsən. Ancaq yaradıcılıq yolları arayıb taparaq növbəti tamaşada ondan daha güclü bir şəkildə tamaşa oynaya bilərsən. Və bir gün sən həmin dostunu premyerana dəvət et. Bu dəfə də o, gəlib səni təbrik edəcək. Və gedib düşünəcək ki, “necə edim ki, Cahangirdən daha yaxşı oynayım".
Bax, o zaman bu rəqabət deyil, sağlam bir yarış olacaq. Bu yarış da Azərbaycan sənətini, ümumiyyətlə, teatrı, aktyorluğu irəli aparacaq. Paxıllıq istedadsız insanların qismətidir." Mən, 65 yaşıma gələnə qədər teatrda çox şeylərin şahidi olmuşam. Əfsuslar olsun ki, bu gün də bəzi əskik şeyləri duyub, eşidirəm. Eşitdiklərimi rəqabət saymıram, çünki əsil sənət adamı o şəkildə rəqabət etməz. Çünki səhnədə, sənətdə rəqabət yıxıcı deyil, yaşadıcı və yaradıcı olmalıdır. Ancaq bu yolla Azərbaycan teatrı inkişaf edə bilər.

Paylaş: