Əyyub Quliyev: "Mən xoşbəxt insanam ki, bu qədər hadisələri görüb, yaşamışam"
Tarix: 26-07-2019, 10:59




İyulun 26-sı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin doğum günüdür.
Open.az xəbər verir ki, gənc yaşda böyük uğurlara imza atan, görkəmli musiqiçinin 35 yaşı tamam olur.
Əyyub Quliyev ustad sənətkar Ramiz Quliyevin ailəsində doğulub. Uşaqlıqdan eşitdiyi muğam, musiqi sədaları canına, qanına hopub. Ona görə də bu gün Azərbaycanın sayılıb, seçilən, istedadlı musiqi xadimi olub.
Özü haqqında "Mən çox xoşbəxt insanam ki, bu qədər hadisələri görmüşəm, yaşamışam" deyir: " Bu gün doğum günümdür. Yubiley demək istəmirəm, çünki yarım yubileydir. Həyat bir göz qırpımı kimi tez keçir. Yaradıcılıq var, işlər, şəxsi həyat, həmçinin Ramiz müəllim kimi böyük bir insanın, sənətkarın ailəsində doğulmuşam, boya-başa çatmışam. Böyük müəllimlərdən dərs almışam. 35 illik həyatımda özüməməxsus yolum, istiqamətim var. Bu gündə kimlər ki, mənə dəstək olub, hər birini minnətdarlıqla anıram. Valideynlər, müəllimlər, dostlar, yaxşı insanlar, yaradıcılıq, sənət dostları yəni onlar olmasaydı, biz də olmazdıq. Mənə elə gəlir ki, sənət adamı heç vaxt tək olmur. İnsanı yaşadan amillər, ətrafında olan gözəlliklər çox olanda yaşamağa böyük stimul yaranır. Yaradıcı insan təkdirsə, deməli onun yaradıcılığı heç kimə lazım deyil. Sənət adamının yaradıcılığı qiymətləndirilməsə, dostlara ötürülməsə deməli həmin insan sənətdə heç nəyə nail olmayıb. Əgər bizi qiymətləndirən, təbrik edən, bizi sevən insanların sayı artırsa, deməli bu həyatda nəsə etmişik. Nəyəsə nail olmuşuq. Bu gün əslində yarım yubileydir. Ona görə də xüsusi təmtəraqlı tədbir olmayacaq. Səhər radioya dəvət etmişdilər. İndi isə çalışdığım Opera və Balet Teatrına gedirəm. Sentyabr ayında böyük tədbirlər, konsertlər, tamaşalar bizi gözləyir. Ona görə də teatrda gərgin məşqlərimiz davam edir. Bir sözlə doğum günümü iş başında qeyd edirəm".

Paylaş: