70 yaşlı şəhərin 50 yaşlı Teatrı... "Sevgilim Sumqayıt"
Tarix: 22-07-2019, 13:13




Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi xüsusi qeyd olunacaq.
Open.az xəbər verir ki, bu münasibətlə Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti tanınmış dramaturq Əli Əmirlinin şəhərin 70 illik yubileyinə həsr olunmuş “Sevgilim Sumqayıt” lirik-psixoloji dramını hazırlayaraq tamaşaçıların ixtiyarına verib.
İyulun 19-u Sumqayıt Teatrı 50-ci mövsümü "Sevgilim Sumqayıt" tamaşasının premyerası ilə başa çatdırıb.
Bayram əhval-ruhiyyəli teatr, sevimli tamaşaçıları və Bakıdan gəlmiş qonaqlar, həmçinin mətbuat nümayəndələrinə"Sevgilim Sumqayıt" la qısa müddətli vida edib.
Tamaşanın nümayişindən əvvəl teatrın yaradıcı heyəti və direktoru, Əməkdar artist Mübariz Həmidov səhnəyə çıxaraq doğma tamaşaçıları salamlayıb.
"Sumqayıt Teatrının 50-ci mövsümünü çox uğurla başa vururuq. 50 yaşlı teatrımızın yubileyi təntənəli şəkildə qeyd olunub. Sumqayıt günü-gündən gözəlləşir. Parkları, yolları, yeni binaları ilə şəhərimizin mənzərəsi tam dəyişib. Bu yaxınlarda Sumqayıtda yeni Muğam Mərkəzi tikilib, təhvil veriləcək. Bizlərə sevinc bəxş edən sizlər, doğma tamaşaçılarımızdır. Ona görə də də mən bütün tamaşaçılarımıza, mövsüm boyu bizi tək buraxmayanlara təşəkkürümü bildirirəm. Kollektivimizə təşəkkür edirəm. Mövsüm boyu gərgin iş rejimində çalışmışıq. Yeni tamaşalara quruluş verilib. Görüləsi işlərimiz çoxdur. "Sevgilim Sumqayıt" tamaşası bizim teatrının sizlərə hədiyyəsi, töhfəsidir. Baxın və özünüz qiymət verin".
Əməkdar artist, Sumqayıt Teatrının direktoru Mübariz Həmidovun çıxışından sonra Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov zalda əyləşən görkəmli sənətkarları salamlayaraq, onlara təşəkkürünü bildirib: " Əsrin yarısını geridə qoyduq. 50 yaşlı Teatrımızın ilk korifeylərini yad etmək istəyirəm. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Amma bu gün zalda əyləşən görkəmli sənətkarlarımız, Xalq artisləri Valeh Kərimov, Məzahir Süleymanovun bizim teatrda böyük zəhmətləri olub. Teatrımızın elə vaxtları olub ki, bütün repertuarı bu sənətkarlarımız çiyinləri üzərində daşıyıblar. Necə aktyor olduqlarını da xalqımız bilir. Bu gün Bakıdan bizim tamaşamızda, mövsüm bağlanışında iştirak etmək üçün gələn jurnalistlərimizə təşəkkürümü bildirirəm. Mən sizə uğurlu tamaşaya baxmağı arzu edirəm. Bu tamaşa sizin haqqınızdadır. Sumqayıt haqqında, sumqayıtlılar haqqındadır".
Sonda Teatrın direktoru Mübariz Həmidov gözəl bir ənənənin təməlini qoydu. Belə ki, mövsüm boyu tamaşaçıların gül-çiçək hədiyyə etdiyi aktyorlar, bu dəfə təzə-tər gülləri tamaşaçılara təqdim etdilər.
Mübariz Həmidov qeyd etdi ki: " Mövsüm boyu siz, hörmətli tamaşaçılar daima bizim aktyorlara, bizim sənətkarlara gül-çiçək hədiyyə etmisiniz. Bu gün isə Teatrımızın kollektivi bu ənənəni pozur. Mövsüm ərzində aktyorlarımıza hədiyyə olunan gülləri bu gün biz sizə təqdim edirik".
Xoş əhvallı açılışdan sonra, mövsümün bağlanışı münasibətilə nümayiş olunan tamaşa başladı.
"Sum, qayıt..., Sum, qayıt... Getmə..." Sumqayıt-taleyimin şəhəri. Mənim şəhərim" Yana-yana bu sözləri deyən tamaşanın əsas qəhrəmanı, 70 yaşlı Sumqayıt şəhərinin Fəxri vətəndaşı Ceyran xanım, əlil arabasında səhnəyə gəlir. Divardan, Qarabağ döyüşlərində qəhrəmanlıqla döyüşüb, şəhid olan oğlu Sumun portreti asılıb. Ananın ahı-fəğanı yeganə oğlunun itkisi və nakam taleyinin uğursuzluğu fonunda səhnədə Sumun oğlu, Ceyran xanımın yeganə nəvəsi Sumqayıt görünür. Nənəsini çox sevən Sumqayıtla birlikdə Ceyran xanımın həyat hekayəsi vərəqlənir. "Mən, ata-anamın sevimli, tək qızıydım. Elə yaşdaydım ki, qapısı-pəncərəsi açıq ev kimiydim. Həmin qapı-pəncərədən birinci kim gəldisə, o, da seviləcəkdi..."
Sumqayıt şəhərinin yubileyi münasibətilə yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı xeyirxahlıq motivləri ilə seçilən tamaşanın bütün məzmunu barəsində yazmaq istəmirəm. Teatrsevərlərə, xüsusilə də Sumqayıt Teatrının daimi tamaşaçılarına yeni mövsümdə "Sevgilim Sumqayıt"ı izləməyi məsləhət görürəm.
Ötən illəri xatırlamaq, həyat kitabınızı vərəqləmək, xatirələrə dalmaq istəsəniz, sentyabr ayında "Sevgilim Sumqayıt"a mütləq tamaşa edin.
Xatırladım ki, tamaşada teatrın aparıcı aktyorları - Əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Cəlal Məmmədov, Xatirə Süleymanova, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, Şəhla Məmmədova, İlahə Səfərova, Rövşən Əsgərov, Elay Xasıyev, Yeganə Məmmədvəliyeva, Vəfa Qurbanova, Şəms Abdullayeva və Gülnarə Qədirova çıxış edir. Tamaşanın quruluşçu rəssamı, teatrın baş rəssamı Elşən Sərxanoğludur.

Paylaş: