Aktyor AzTV-dən yazdı: Köhnə hamam və taslar...
Tarix: 18-07-2019, 13:04



Tanınmış aktyor Kamran Ağabalayev AzTV-də işdən çıxarılan yaşlı kadrların etirazına cavab verib.
Kult.az xəbər verir ki, aktyor Feysbuk hesabında kanalın yeni sədri Rövşən Məmmədovun gördüyü işlərdən narazı qalan keçmiş kadrların yenilikləri və gəncləri qəbul etmədiklərini bildirib.
“Köhnə hamam, köhnə tas! Hamam dəyişilməlidir, ya tas? Hər ikisi! Hamam da dəyişilməlidir, tas da. Yoxsa nə yenilik, nə inkişaf, nə də irəli addımlamaqdan danışaq.
AzTV-də işdən çıxarılan hər kəs müqəddəsliyindən, işinin mükəmməl bilicisi olduğundan, peşəkarlığından dəm vurur! Yaxşı, bəs o zaman cəmi bir suala cavab verin, müqəddəslər: Niyə sizi televiziyada görərkən kanallar dəyişilirdi? Niyə hamı AzTV-nin bərbad günündən danışırdı, sizə “köhnəlmiş”, “pas atmış”, “diffuziyaya uğramış” adını yapışdırmışdılar? Və niyə sizin ucbatınızdan kanalı dəyişənlər son 6 ayda kanalın baxımlılığından danışır?
Bar-bar bağırıb, “gənclərin yollarını açaq” deyən siz deyildiniz? Nə oldu? Köhnəlmisiniz? Səbəb?
Hamam da dəyişib, tas da. Səbəb budur. Hər bir yerdən vaxtında getmək lazımdır ki, hörmətli olasan”, - aktyor bildirib.
Qeyd edək ki, son günlər AzTV-nin yeni sədri Rövşən Məmmədovun işdən çıxardığı yaşlı kadrlar sədrin bu əməlinə etiraz edirlər və onun qeyri-peşəkar davranmasından şikayət edirlər.

Paylaş: