"Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb"
Tarix: 15-07-2019, 14:43



Mikayıl Mikayılov Azərbaycanın istedadlı, bacarıqlı gənc rejissorlarındandır.
Onun quruluş verdiyi biri-birindən maraqlı tamaşalar teatrsevərlərin xatirində yaxşı qalıb. Uzun illər Novosibirskdə çalışan Mikayıl Mikayılov bir aydır doğma Vətəninə gəlib. Onunla görüşümüz bir az əvvəl olmalıydı. Amma bu gün alındı. Fürsətdən istifadə edib, Mikayılla sənəti, yaradıcılığı ilə bağlı söhbət etdik.

Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb
Open.az gənc rejissor Mikayıl Mikayılovla müsahibəni təqdim edir:
-Mikayıl, xoş gördük. Artıq uzun illərdir Rusiyada fəaliyyət göstərirsiniz. Bu illər ərzində Novosibirskə getməyinizdən, orada çalışmağınızdan danışmağınızı istəyirəm. Ümumiyyətlə, qürbətdə yaşamaq, çalışmaq necə hissdir?
- Təşəkkür edirəm. Doğru deyirsiz, 10 ilə yaxındır ki, Novosibirskdə yaşayıram. Bu illər ərzində davamlı olaraq, orada qalmırdım. Siz də bilirsiniz ki, Bakıda da yaradıcılıq işlərim olurdu. Ona görə də vaxtaşırı Vətənimə gəlib, burada da tamaşalar hazırlayırdım. Bu illər ərzində özümçün maraqlı teatr təcrübəsi qazandım. Çünki başqa ölkədə, başqa kollektivlə birlikdə çalışanda həm öyrənirsən, həm də onları öyrədirsən. Bu cəhd mənimçün maraqlıydı. Çünki buradan çıxıb, başqa bir teatra, özü də Rusiya Teatrı kimi böyük ənənələri olan teatra gedirsən. Onların teatr məktəbi başqadır. Rusiyaya gedəndə düşünürdüm ki, mənim fikirlərimlə, bu ənənələr, bu məktəblə orada çalışmaq necə olacaq? Amma şükür ki, bütün layihələr alınıb. Tamaşalar olub və sonra gördüyüm bütün işlərə pozitiv təsir edib. Bu, vacib nüansdır.
Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb
- İlk gedişiniz, yad mühitdə fəaliyyət göstərmək necə baş verdi?
- Rusiyaya gedəndən bir müddət sonra orada ailə qurdum. Hər halda belə alındı. Həyat belə gətirdi. Və orada qalmaq, çalışmaq, fəaliyyət dövrü başladı.
- Belə başa düşdüm ki, orada çalışmaq yaxşıdır...
-Təbii ki, yaxşıdır. Yaxşı hissdir. Amma Sibirin havasına uyğunlaşmaq çox çətindir. Şəxsən mənə çox çətin oldu. O qədər günəşli havaya öyrəşmişəm ki, orada qalmaq çətindir. Sibirdə həmişə qışdır. Günəşi az-az görürsən. Biz günəşin enerjisinə öyrəşmişik. Müsbət 30-40 dərəcə istiyə öyrəşən adam, mənfi 30-40 dərəcə soyuqda yaşaya bilmir. Belə soyuq hava orqanizm üçün dəhşətli sınaqdır. Müəyyən vaxt keçdikdən sonra səhhətimdə soyuğun yaratdığı fəsadları hiss edirəm.
- Səhhətinizdə dəyişikliklər yaranıb?
- Yaranıb. Uzun zaman soyuq iqlimdə yaşamaq mənə mənfi təsirlərini göstərib.
- Bəs bundan sonra necə olacaq?
- Mənim fikrim var ki, artıq Azərbaycana köçmək vaxtıdır. Bunu da ilk dəfə sizə deyirəm. Həmişəlik qayıdıb gələcəm. Sözsüz ki, Beynəlxalq layihələr olanda iştirak edəcəm, amma Azərbaycana can atmağımın səbəbi var. Elə proyektlər, elə tamaşalar var ki, Rusiyada yox, burada lazımdır. Çünki orada çox addımlar atılıb, çoxlu yaradıcı proseslər baş verib. Həmin işləri göz önünə gətirəndə anlayırsan ki, Azərbaycanda da eyni proseslər baş verməlidir. Düzdür, həyat elə gətirib ki, bir çoxumuz xaricdə çalışırıq. Amma qürbət ölkədə çalışmaq, fəaliyyət göstərmək adamı daha da vətənpərvər edir. Düşünürsən ki, müxtəlif proseslər niyə, Azərbaycanda baş verməsin? Niyə bizdə belə olmur? Bu səbəbdən hər birimiz harasa getsək, sözsüz ki, həmin proseslər Azərbaycanda baş verməyəcək. Yəni nəsə olmalı, dəyişməlidir.
- Mikayıl, yəni orada nə olur ki, o bizdə baş vermir? Çox maraqlıdır?
- Bilirsiniz, Rusiyada baş verən hər bir proses, təbii ki, söhbət teatr aləmindən gedir, bizdə də baş verməlidir. Sadəcə Rus Teatrı öndədir. Həm məktəbi, ənənələri, həm də orada baş verən hadisələri ilə. Bizdə isə həmin hadisələr ləngiyir, başlamır. Niyə görə başlamadığını, mən özümçün araşdırıram. Burada müxtəlif səbəblər var. Amma sözsüz ki, bizim də günahımız var. Prosesin ləngiməsində həm yaradıcı insanların, həm də mühitin problemləri çoxdur. Məhz bu səbəbdən də gecikmə baş verir. Rusiyada olanda görürsən ki, nələrisə etmək olar. Amma burada etmək olmur. Niyə görə? Bilmirəm... Rusiyada müxtəlif görüşlər, dramaturqlar arasında müxtəlif yaradıcı münasibətlər olur. Rusiyada o qədər dramaturq var ki,... Bir yerə toplaşıb, cəmiyyət də yaradıblar. Həmin qurumda nə isə baş verir, çoxlu laboratoriyalar, özəl teatrlar peyda olur. Bəzi məsələlər artıq bizdə də yaranır. Məsələn, özəl teatrlar yaranmağa can atır. Mən çox sevinirəm ki, özəl teatrlar yenidən yaranır, fəaliyyətini dayandıranlar isə yavaş-yavaş bərpa olunmağa başlayır. Amma daha da artıq olmalıdır. Mən bilirəm ki, özəl teatrların yaranması, fəaliyyəti, inkişafı necə çətinliklərdən keçir. Sizə deyim ki, özəl teatr məsələsi Rusiyada da problemdir. Özəl teatrın yaşaması böyük çətinliklər yaradır. Hamı isə buna dözə bilmir. Amma hər halda Rusiyada festivallar, beynəlxalq layihələr o qədərdir ki, müstəqil teatrlar var, başqa teatrlar həmişə harasa addımlayır və. s. Bir sözlə, heç nə yerində qalmır.
Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb
- Mikayıl, qayıdıb gələcəyinizi dediniz. Yəqin nəsə bir işartı, dəvət var. Doğru düşünürəm?
- (Gülür) Sözsüz ki, nəsə var. Amma dəvətlə bağlı olan məsələni hələ tam açmaq istəmirəm. Çünki çox maraqlı planlar var. Burada mənə yaxın olan yaradıcı dostlarım çoxdur. Həmçinin öz təşəbbüsümlə qayıdıb gəlmək və nəsə etmək arzusundayam.
- Deməli, Rusiyada işlər başa çatıb...
- Yox, deməzdim ki, başa çatıb. İşlər bitməyib. Rusiyanın bir neçə şəhərlərində olan teatrlardan, sonra Qazaxıstan Teatrından dəvət var. Təkcə Qazaxıstan Teatrında üçüncü tamaşama quruluş vermişəm. Hərdən rejissorların özündə belə bir məqam yaranır ki, hansısa bir məkan yaranmalıdır və sən o məkanda istədiklərini edə biləsən. Həmin məkanda yaradıcı adamlar yığışsın və istədiklərini realizə etsinlər. Mən Rusiyada M.Füzulini qura bilmərəm, çünki mövzu orada maraqlı deyil. Rusiyada əsasən rus dramaturgiyası öndədir. Onlar da çalışaırlar ki, rus dramaturgiyasında az işlənən adlar üzərində çalışsınlar.
- Məsələn?
- Adlar çoxdur, fərqlidir. Məsələn, rus teatrında Arbuzov, Vampilov, Dovlatov, Xarms, Petruşevskaya, Erofeev, Kolyada, Qrişkoves, Siqarev, Pulinoviç və s. kimi məşhur yazıçılara çox fikir verirlər. Amma məşhur olmayan yazıçılar Mişarin, Qelman, Arro, Dvoreskiy və s. var.
- Arbuzov və Vampilovu mən də oxumuşam. Bir zamanlar Arbuzovun "Köhnə dəbli komediya" əsəri əsasında televiziya tamaşası da hazırlanmışdıƏli Zeynalov və Zərnigar Ağakişiyevanın iştirakı ilə.
- Bəli. Həmin tamaşa mənim də yadımdadır. Amma onlar elə əsərləri tapıb, çıxarırlar və səndən də elə əsərləri istəyirlər ki, mənim üçün bu dramaturgiya o qədər də maraqlı deyil. Mən fikirləşirəm ki, bizdə də bu cür proses getməlidir. Yəni bizdə də elə bir əsərlər var ki, onlar qıraqda qalıb. Öndə başqa şeylər dayanıb.
- Məsələn, Salam Qədirzadənin əsərləri. Arbuzovdan və digərlərindən daha maraqlıdır.
- Düzdür. Həqiqətən də, elə müəliflərimiz çoxdur. Sonra müasir dramaturgiya. Bizim müasir, gənc dramaturqlarla çalışmaq, yaradıcılıq əlaqələri qurmaq daha yaxşı olardı.
-Sizə maraqlıdır?
- Təbii ki, maraqlıdır. Onlarla iş qurmasaq, heç bir hərəkət olmayacaq. Hər halda perespektivlər var.
Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb
- Amma əksər rejissorlar belə düşünmürlər. Yeni yaranan dramaturgiyanın, gənc nəsli təmsil edən yazarların əsərlərinin bədii tutumunun olmadığını deyirlər və buna görə klassikaya üz tutduqlarını söyləyirlər. Belə deyirlər ki, işləmək üçün material yoxdur.
- Bizdə hər sahədə bu problemlər var. Həm rejissurada, həm də dramaturgiyada. Hər tərəfdə var. Rejissura, dramaturgiya qanunları, aktyor məktəbi və s. Sözsüz ki, bu problemlər var. Amma sən çətinlikləri dəf etməklə məşğul olmasan, müəyyən adamlarla danışıb, ünsiyyət qurmasan inkişaf getməyəcək. Rusiyada xeyli gənc yazarlar peyda oldu. Bilirsiniz niyə? Həmin gənc nəslin nümayəndələri uzun müddət yazdılar, yazdılar və nəhayət onların yazdıqları qəbul olundu. Əgər onları heç kəs qəbul etməsəydi, eləcə də qalacaqdılar. Onlar yıxıla-yıxıla öyrəndilər, öyrəndikdən sonra isə əsl dramaturq oldular. Yəni, bir ucdan pisləmək, qəbul etməmək olmaz. Təbii ki, klassiklər var. Klassik dramaturqların əsərlərini həmişə qurmaq olar. Amma mənim üçün gənc dramaturqlarla işləmək daha çox maraqlıdır. Birlikdə çalışmaq və hansısa ustad dərslərini birgə keçirmək. Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb və mütləqdir.
- Bu, böyük işləri görmək üçün nə zaman yığışıb, gəlirsiniz? Yeni mövsümdən?
- İnşallah, yeni mövsümdə YUĞ Teatrında tamaşa hazırlayacam.
- Klassik dramaturgiyadan olacaq?
- Yox. Mən istəyirəm ki, bizim səhnəmizə də yeni əsərlər gəlsin. Hazırlayacağım tamaşa İvan Vırıpayevin əsəri olacaq. İvan Vırıpayev Polşada yaşayan rus yazıçısıdır. Onun əsəri, ümumiyyətlə belə əsərlər bizim səhnədə olmalıdır. Nə qədər belə dramaturgiyaya müraciət etsək, baxa-baxa nələrisə özümüzdə təcəssüm etdirə biləcəyik.
- Vətəndən kənarda sənət adamına daha çox qiymət verirlər, yaradıcı adamın işi daha çox qiymətləndirilir. Həqiqətən belədirmi?
- Qiymətləndirmək məsələsi belədir ki, orada sənə, sənin işinə ehtiyac var. Səni dəvət edirlər, zəhmət çəkib çalışırsan və maddi, həmçinin mənəvi baxımdan səni qiymətləndirirlər. Amma bizdə necə edirlər? Məsələn, Mikayılı axtarırlar və deyirlər ki, onsuz da burada yaşamır, xaricdə çalışır. Amma düşünmürlər ki, hər hansı bir adam ölkədən kənarda çalışırsa, onu unutmaq, yaddan çıxartmaq lazım deyil. Çünki mən, orada fəaliyyət göstərdiyim kimi qayıdıb öz vətənimdə də işləyə bilərəm. Bu problem deyil. Və daha da yaxşıdır ki, mən qürbətdəyəm. Orada təcrübə yığıb, Vətənimə gəlmək və həmin təcrübəni burada bölüşmək vacib şərtdir. Bəzən düşünürlər ki, xaricdə dəyər verilirsə, burada lazım deyil.
- Xaricdə həqiqətən dəyər verirlər? Yəni maddi və mənəvi cəhətdən?
- Təbii ki, dəyər verirlər. Bu danılmazdır. Verilən dəyər buradan qat-qat üstündür. Bilirsiniz, yenə də prosesdən asılıdır. Rusiyanın teatr mühitində başqa proseslər gedir. Burada isə başqa. Təbii ki, teatrla bağlı müəyyən cəhdlər olur. Festivallar keçirilir. Amma ildə bir-iki festival keçirmək azdır. Azərbaycan Teatrında layihələr, festivallar daha da çox olmalıdır.
Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb
- Ölkədaxili yoxsa Beynəlxalq Festivalları nəzərdə tutursunuz?
- Cürbəcür. Həm ölkədaxili, həm beynəlxalq, gənclər, dramaturqlar arasında müxtəlif festivalları tez-tez keçirmək lazımdır. Bizdə hər şey mərkəzdə, Bakıda cəmlənir. Amma başqa şəhərlər qalıb. Oralarda nə baş verir, insanlar teatrla maraqlanırlarmı? Bu məsələlər də var. Rusiyada tamaşaçı problemi olmur. Onlar teatra getməyə öyrəşiblər, adət ediblər. Bizdə bəzən deyirlər ki, camaat teatrıa maraqlanmır, bizim tamaşaçılar buna öyrəşməyib. Amma bu göstəricini dəyişdirə bilərik.
- Əvvəlki illərə baxanda tamaşaçılar teatra axın ediblər. Tamaşaçılarımız teatra gedir.
- Təbii ki, düzgün reklam verəndə, düzgün marketinq işləri görüləndə, camaat teatra gələcək. Tamaşaçını maraqlandırmaq lazımdır. Yoxsa oturub, gözləməklə olmur.
- Mikayıl, sizin fikrinizi bilmək istəyirəm. Tamaşaçını teatra necə cəlb etmək olar? Məsələn,"Müfəttiş" tamaşasına bu günədək tamaşaçılar baxır.
- Özü də bizdə uzun illər Qoqolun "Müfəttiş"inə müraciət edilməmişdi. Axı niyə qurulmasın? Rusiyada elə bir teatr tapılmaz ki, onların repertuarında "Müfəttiş" komediyası olmasın. Amma bizdə mənə qədər "Müfəttiş" əsərinə sonuncu dəfə 50 il əvvəl quruluş verilmişdi. Anlamıram, axı bu nə nədir? Hansısa xofdur yoxsa nədir bilmirəm.
-Ümumiyyətlə, bizim teatrlarda N. Qoqol və A.P. Çexova az müraciət olunur.
- Çexova doğrudan da az müraciət olunur. Bəlkə Çexovu Azərbaycan dilində səhnəyə qoymaqdan, onun qəhrəmanlarının dili ilə danışmaqdan qorxurlar... Amma hər bir teatrın repertuarında Çexovun əsərləri olmalıdır. Rusiyada elə bir teatr yoxdur ki, onun repertuarında Çexovun əsəri olmasın. Çexovun əsərlərini Avropa teatrlarının səhnəsində tamaşaya qoyurlar. Tamaşa quranda sözsüz ki, hansı təbəqənin gələcəyini düşünürsən. Tamaşaçılar müxtəlif olur. Bizim tamaşaçılar arasında müxtəlif təbəqədən olanlar var. İndi internet əsridir. Hər kəsin əlinin altında bütün dünyanı izləmək imkanı var. Rejissorun düşüncə tərzi zamanla ayaqlaşmasa, müasir gəncləri teatra cəlb etmək çətin olar. Tamaşaçı sənin hissiyatını, dünyada baş verən dəyişiklikləri, internet əsrini qəbul etdiyini görüb, bu prizmadan tamaşalar hazırladığına şahid olsa, o zaman uğurdan danışmaq olar. Amma rejissorlar bəzən cəmiyyətin aktual problemlərindən qaçırlar. Klassikaya aşırı meyl edirlər, çünki müasir zamanda olan problemlərdən danışmaq istəmirlər. Tamaşaçı isə gəlib baxır və narazı qayıdır. Teatr əslində cəmiyyətin başqa tərəflərini göstərməlidir.
- Əvvəllər deyirdilər ki, teatr güzgüdür.
- Təbii ki, teatr cəmiyyətin güzgüsü olmalıdır. Güzgüdən çox teatr sanki əks qütbü xatırladır. Əgər cəmiyyətdə deyilsə ki, Allah yoxdur, teatr deməlidir ki, Allah var. Və ya əksinə. Cəmiyyət desə ki, Allah var, teatr deməlidir ki, yoxdur. Teatr cəmiyyətdə hərəkət yaratmalıdır.
Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb
- Rusiyada çalışdığınız dövr ərzində neçə əsərə quruluş vermisiniz?
- Mən Tümendə və Novosibirskdə iki tamaşaya quruluş vermişəm. Həmçinin Novosibirsdə üç tamaşanın plastik həllini qurmuşam. Novosibirsk Teatrında rumın dramaturqunun əsərinə, Tümendə isə M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasına quruluş vermişəm. Qazaxstanda ilk dəfə Amerika dramaturqunun əsərinə və pararlel olaraq M.F.Axundovun komediyasına quruluş verdim. Demək olar ki, ilk işim M.F.Axundovla başlayıb. Daha sonra isə Qazaxıstan Teatrında Dostoyevskinin əsəri əsasında tamaşa hazırladım. Həmçinin "Dekameron" tamaşası və Şukşinin hekayələri əsasında hazırlanan tamaşada plastika üzrə rejissor kimi çalışmışam. Bir sözlə, təxminən 5 tamaşaya quruluş vermişəm.
- Neçə il ərzində 5 tamaşaya quruluş vermisiniz?
- 2013-cü ildən bu yana.
- O qədər də böyük vaxt deyil.
-Mən paralel olaraq, Bakıda bir neçə tamaşaya quruluş vermişdim. Akademik Dram Teatrında 4 tamaşa hazırlamışdım. "İlahi oyun", "Xanuma", "Şah və Şair" və son olaraq "Müfəttiş".
- Quruluş verdiyiniz 4 tamaşaya da baxmışam. "Xanuma" və "Müfəttiş" hələ də repertuardadır.
- İlk dəfə 2005-ci ildə YUĞ-da Qoqolun "Viy adlı monstr haqqında dəlinin qeydləri" adlı əsərini hazırladım. Elə o vaxtdan 2012-ci ilədək biri-birinin ardınca tamaşalara quruluş verdim. 2007-2008-ci illərdə Musiqili Komediya Teatrında "Milyonçunun dilənçi oğlu" komediyasını hazırlamışdım. İndi düşünəndə görürəm ki, əslində mən elə böyük yol qət etməmişəm.
Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb
- Maşallah, heç az yol da qət etməmisiniz...
- (Gülür) Hardasa ortadayam.
Rusiyada və Qazaxıstanda Azərbaycan klassik ədəbiyyatından M.F.Axundovu səhnəyə qoyduğunuzu dediniz. Bizim dramaturqun əsəri orada necə qarşılandı? Ümumiyyətlə, Rusiya tamaşaçısı üçün Mirzə Cəlil, H.Cavid, M.F.Axundov və s. maraqlı deyil?
- Axundovun komediyasına Qazaxıstanda və Tümendə quruluş verdim. Sözün düzü, Azərbaycan dramaturqları xaricdə o qədər də maraqlı deyil. Üzeyir bəyin "Arşın mal alan" operettasını çıxmaq şərtilə. "Arşın mal alan" operettası onlara yaxşı tanışdır. Təbii ki, filmi də var və s. Amma ümumilikdə bizim əsərlərlə maraqlanmırlar.
- Bəlkə xəbərləri yoxdur deyə, maraqlanmırlar
- Düzdür, xəbərləri də yoxdur.
- Məsələn, sizin özünüz üçün maraqlı deyil,tutaq ki, Mirzə Cəlili orada tamaşaya qoyasınız?
- Bilirsiniz, necədir? Mən desəm ki, mən orada Füzulini qurmaq istəyirəm. Rusiya tamaşaçısı üçün Füzuli maraqlı olmayacaq. Həm də onlarda bir az başqa cürdür. Rusiyada əsasən quruluş veriləcək tamaşanın kommersiya tərəfini də düşünürlər. Onlara əsəri təqdim edəndə əsas adına fikir verirlər. Yəni ad, tamaşaçını cəlb etməlidir. Sonra isə əsərin məzmununa və məna tutumuna fikir verirlər. Mən Azərbaycanlı dramaturqun əsərini Rusiya səhnəsində qurmaq istəsəm, ilk olaraq onlar tamaşaya kimin gələcəyini düşünəcəklər.
- Bəs Axundovun əsərini hazırlayanda necə oldu? Axundovun Azərbaycan ədəbiyyatında, dramaturgiyasındakı yerini, çəkisini bilirlər?
- Axundovun əsərini Tümendə səhnəyə qoyanda, düşünürdüm ki, orada çoxlu azərbaycanlılar yaşayır. O zamankı Azərbaycan diasporası ilə əlaqələr yaratmışdıq və tamaşanın böyük uğurla keçəcəyini düşünürdüm. Amma heç kim gəlmədi...Təsəvvür edirsiniz, qürbətdə yaşayan azərbaycanlılardan heç kim Axundova baxmağa gəlmədi. Yenə də ruslar gəlmişdilər.
- Deməli, bizimkilər Axundova tamaşa etmək istəməyiblər...
- İnanırsınız, heç tamaşaya diasporamızın üzvləri gəlmədi. Bizimkilərdən heç kim maraqlanmadı. Amma əvvəlcədən onlarla danışıqlar aparılmışdı. Tümen Teatrının direktoru dəhşətə gəldi və dedi ki: "Niyə, gəlib baxmadılar? Azərbaycanlı rejissor uzaq Tümenə gəlib, azərbaycanlı dramaturqun əsərini, özü də Axundov kimi dramaturqun əsərini qurur və sizinkilərdən heç kim gəlib baxmır".
- Bidiyim qədəri ilə Rusiyanın teatr mühitində Məmməd müəllim çox tanınır. Hər halda Rusiyada çox nüfuzlu Satira Teatrının rəhbəridir. Siz də neçə illər orada çalışdınız. Heç tanışlığınız oldumu? Ümumiyyətlə, Məmməd müəllimin sizdən xəbəri var? Belə bir istedadlı rejissorun Novosibirskdə yaşayıb, çalışdığını bilir?
- Deyəsən xəbəri var. Bir dəfə ona mənimlə bağlı bir xəbər deyiblər. Amma heç bir reaksiya, yaxınlıq, tanışlıq olmayıb. Bilirsiniz, bir məsələ də var. Rusiyanın teatr mühitində başqa proseslər gedir. Mən Rusiyaya gələndən orada işləyirəm. Oranın vətəndaşı deyiləm, rus teatr məktəbini keçməmişəm, amma orada baş verən müəyyən teatr proseslərində iştirak edirəm. Onların öz məktəbi var. Mən isə o məktəbə uyğunlaşmıram. Çünki mənim dünyagörüşüm başqadır. Mən həm Avropa, həm də Rus teatrlarını gördüyümə görə onlara uyğun nəsə hazırlamağa çalışıram. Rusiyada teatr mühiti qaynayır. Sözün düzü hərdən özümü "öz qabımdakı kimi" hiss etmirəm. Onlar daha çox öz teatr prosesləri ilə məşğuldurlar. Mənimçün isə daha çox dünya teatrlarında baş verən proseslər maraqlıdır. Çünki müxtəlif proseslər baş verir. Elə ayrı-ayrı ölkələri, məsələn Ukraynanı, Gürcüstanı götürəndə görürəm ki,onlarda baş verən teatr prosesləri bizdə heç cür getmir, alınmır.
Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb
İnşallah, ümid edirik ki, sizin kimi rejissorlar dönüb gəlsələr və əsas məsələ sizə o şərait, imkan yaradılsa...
- Sizə deyim ki, özümüzdən də çox şey asılıdır. Biz nələrisə etməyə başlasaq, o şərait də bizim üçün düzəlməyə doğru gedəcək. İnanıram ki, hər şey yaxşı olacaq və dəstək gələcək.
-Azərbaycanda son dəfə “Müfəttiş” komediyasını yüksək səviyyədə hazırladınız. Akademik Dram Teatrında “Müfəttiş”ə sonuncu dəfə nə zaman tamaşa etmisiniz?
- "Müfəttiş"ə son dəfə iki il əvvəl baxmışdım. Elə quruluş verdiyim vaxtdan sonra və təhvil verib, getmişdim. Amma bu dəfə gələndə yenidən baxdım. İyunun 30-da yenidən seyr etmək imkanım yarandı.
- Hələlik sonuncu tamaşanız Dostoyevskinin əsəri olub.Tamaşanın uğurlu nümayişi haqqında mətbutdan oxudum. Sizdən tamaşa barəsində daha ətraflı soruşmaq istəyirəm. Niyə Dostoyevski və niyə “Dayımın yuxusu”?
- İlk dəfə Qazaxıstanda Stanislavski adına Rus Dram Teatrında Nil Saymanın "Axmaqlar" tamaşasına quruluş vermişdim. O tamaşa Rusiyada keçirilən Festivalda nümayiş olunub və uğurla qarşılanıb. Tamaşanı rusiyalı prodüser çox bəyənib və alıb. Təbii ki, tamaşanın prodüser tərəfindən alınması teatrın büdcəsinə xeyli vəsait gətirir. Ona görə də növbəti dəfə məni, yenidən tamaşa hazırlamaq üçün teatrlarına dəvət etdilər. Amma bu dəfə xahiş etdilər ki, rus klassikasından bir əsər hazırlayım. "Kimi istəsən, onu hazırla" dedilər. Mən, Lermontov və Dostoyevski haqqında düşünürdüm. Onlara fikrimi deyəndə Dostoyevskinin "Dayımın yuxusu" əsəri üzərində dayandılar. Maraqlıdır ki, Dostoyevski deyəndə adətən "Cinayət və cəza" və ya digər əsərləri düşünürlər. Birdən "Dayımın yuxusu" komediyasının təklifi gəldi. Mənə də Dostoyevskinin bu tərəfdən görmək, hazırlamaq maraqlı oldu. Həm də Qazaxıstanda olan Stanislavski adına Rus Dram Teatrında ilk dəfə Dostoyevskiyə mən müraciət edirəm. Stanislavski adına teatrın tarixində ilk dəfə olaraq Dostoyevskinin əsərinə quruluş verdim. Təsəvvür edirsiniz, teatrın 70-80 il yaşı var. Amma mənə qədər heç bir rejissor Dostoyevskiyə müraciət etməyib.
- Həqiqətən də maraqlı və qürurverici faktdır. Bizim üçün böyük fəxrdir ki, o teatrda ilk dəfə Dostoyevskinin əsərinə azərbaycanlı gənc rejissor quruluş verib.
- İnanın ki, əvvəl bunu bilmirdim. Sonradan tamaşanın hazırlıq dövründə teatra gələn jurnalistlər bunu mənə dedilər. Qazaxıstanın mətbuat nümayəndələri tamaşadan əvvəl keçirilən görüşdə mənə təşəkkürlərini bildirdilər və qeyd etdilər ki, Stanislavski adına Rus Dram Teatrında niyə bu günədək Dostoyevskiyə müraciət olunmayıb? 70-80 ildə birinci dəfədir.
- Və tamaşa uğurla qarşılandı.
- Hə. Çox yaxşı qarşılandı. Tamaşaya quruluş verəndə özüm üçün bir məqsəd qoydum ki, bu tamaşanı həm festival, həm də geniş tamaşaçı kütləsi üçün hazırlamalıyam. Bir məsələni də deyim ki, məndən əvvəl bu tamaşanı Rusiyanın hansı teatrında tamaşaya qoymuşdularsa, əsərdə 16-17 personaj olurdu. Mən isə "Dayımın yuxusu" nda 6 personajla çalışdım. Teatrda məəttəl qalmışdılar ki, 6 personajla necə tamaşa hazırlamaq olar?
- Belə çıxır ki, bir aktyor bir neçə obraz ifa edib?
- Hə. Elə qurmuşdum. Sizə deyim ki, çox maraqlı alındı. Mən özümü çətin vəziyyətlərə salmağı, sonra isə həmin çətinlikdən çıxış yolu tapıb çıxmağı xoşlayıram. Bu dəfə də vəziyyəti belə qurdum. Alındı və aktyorlar da bunu maraqla qarşıladılar. Aktyorlarla iş birliyimiz maraqlı alındı. Məşqlərimiz xoş təəssürat bağışladı.
- Məşqlər neçə ay davam etdi?
- Bir ay.
Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb
Bir aya Dostoyevskinin əsərini təhvil verdiniz?
- Təbii ki. Mən belə işləməyə öyrəşmişəm. Bir ayda iki heyətlə çalışdım. 6 nəfər aktyor və dublyorlar. 12 nəfərlik heyətlə eyni vaxtda məşqlər edirdim.
- Bəs belə iş rejimi aktyorlara necə təsir etdi? Sizin verdiyiniz tapşırığın öhdəsindən rahatlıqla gələ bildilər?
- Sözün düzü aktyorlara bir az çətin oldu. Çünki orada hər tamaşanı 3-6 aya təhvil verirlər. Amma yeni təyin olunan direktor çalışır ki, Avropada olduğu kimi hər tamaşa bir aya hazır olsun. Mən də belə etdim və alındı. 1 aya tamaşa qurmaq, özü də Dostoyevskinin əsərini hazırlamaq, hər halda asan başa gəlmir.
- Tamaşanı iki heyətlə qurduğunuzu dediniz. Hər iki heyətin oyunu uğurlu alındı? Bəzən elə olur ki, birinci və ya ikinci heyətin oyunu daha uğurlu, gözəçarpan olur.
- Hər iki heyətin oyunu çox xoşuma gəldi. Bəzən elə olur ki, məşqə baxıb darıxırsan. Burada isə əksinə idi. Bu tamaşanın məşqlərində mən özüm də gülürdüm. Bəzən direktor də gəlib məşqlərə tamaşa edirdi və elə hey gülürdü. Aktyorların oyunu əla idi. Xüsusilə baş rolu ifa edən aktyorun oyunu maraqlı alınmışdı.
- Yaşlı aktyor idi?
- Məndə qocanın obrazını gənc aktyor oynayır. Yəni mənim yozumum beləydi ki, yaşlı obrazları gənc aktyorlar ifa edirdi. Çox maraqlı alınmışdı. Mənim obrazımın qəhrəmanı neçə yaşında olduğunu belə unudan adamdır. Tamaşada maraqlı nüanslar, səhnələr var. Gərək özünüz görəydiniz. Belə danışmaqla onu çatdırmaq olmur.
- Təbii ki, canlı seyr etmək başqadır.
- Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir. Biz artıq neçə illərdir ki, Mustafa ilə işbirliyi içərisindəyik. Bizim birgə işimiz həmişə yaxşı alınır. Mustafa ilə biri-birimizin dilindən yaxşı anlayırıq. Tamaşa sanki 22-ci əsrin təkər üzərində yaşayan səyyar teatrıdır. Tamaşanı seyr edən tamaşaçılar da çox diqqətli, Dostoyevskini mütaliə edən, məlumatlı tamaşaçılar idi. Sevindirici hal odur ki, mənim etdiyim yeniliklər tamaşaçılar tərəfində bəyənildi, qəbul edildi. Müxtəlif fikirlər vardı. Amma çoxluq müsbət fikirdəydi.
- Növbəti hazırlayayacağınız tamaşa hansı olacaq? Hansı əsəri düşünürsünüz?
- Ora üçün hələlik heç nə düşünmürəm. Çünki, bayaq dediyim kimi yeni mövsümdə Bakıya qayıdacam. Yeni əsərlərlə bağlı təklifləri burada almışam. İnşallah yeni mövsümdə YUĞ-da İvan Vırıpayevin "İllüziyalar" əsərini hazırlayacam. Yeni layihələr, planlar var. Bir sözlə hər şey qarşıdadır.
- İnşallah yeni mövsümdə uğur sizinlə olsun. Yeni tamaşalara quruluş verin, Fəxri adlar, yeni imkanlar sizin üçün dəyaradılsın.
- Gözəl diləkləriniz üçün sağ olun. Amma mən fəxri ad, imtiyaz, ümumiyyətlə o şeylərin ardınca qaçan adam olmamışam. Məncə hər kəs başını aşağı salıb, işi ilə məşğul olsa yaxşıdır. Sizə deyim ki, son illər Rusiyada da Fəxri adların yığışdırılmasının əleyhinə çıxışlar çoxalıb. Mən də belə düşünürəm ki, bunlar lazım deyil. Yaradıcı adamın çalışmasına mane olur, nəinki kömək edir.
Mənim fikrim budur ki, yeni-yeni tamaşalar qurulsun, tamaşaçılar teatra gəlsin, teatr inkişaf eləsin. Mənim düşüncələrim, fikirlərim yalnız bu yöndədir.

Paylaş: