"Biletin qiymətini 2 manat edəndə dedilər varlanmaq istəyirsiz?"
Tarix: 15-07-2019, 09:49



Gənc və istedadlı aktyor Şəmsəddin Quliyev Qax rayonunda anadan olub. Məktəb illərindən teatra, kinoya sidq ürəkdən bağlı olan gənc Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirib. Gənc aktyor çoxlarının mümkünsüz hesab etdiyini illər öncə reallaşdırıb. Belə ki, yaradıcı dostları ilə birlikdə "Şəriklər" adlı 49 seriyadan ibarət serial çəkib. O, Sputnik Azərbayan-a müsahibəsində bildirib ki, adıçəkilən serialı pulsuz çəkiblər və bu, bölgədə bir ilk olub:
"Bu, regionda bir ilk idi. Serialın davamını çəkmək istəyirik. Demək olar ki, o, bizə pulsuz başa gəlib. Çəkiliş, montaj, yol xərcləri, məkanlar üçün pul xərcləməmişik. Çünki heç kim pul istəmirdi. Kanal S (indiki ARB Şəki) də serialın yayımına görə, bizdən pul istəmədi. Orada rol alan aktyorların əksəriyyəti aktyor sənəti təhsili almayıblar. Bəlkə də elə ona görə serial təbii və səmimi alındı. Yayınlandığı dövrlərdə çox sevilirdi".

Həmsöhbətimiz yaşadığı bölgənin paytaxtdan uzaq olmasının yaradıcılığına təsir etdiyini deyir: "Bölgədə yaşamağım yaradıcılığıma təsir edir. Heç kəsə sirr deyil ki, bu gün rayonlara nisbətən paxtaxt daha çox inkişaf edib. Bu, incəsənət sahəsində özünü daha qabarıq göstərir. Bölgələrdə teatrların və kinonun vəziyyəti elə də ürəkaçan deyil. Televiziyalar demək olar ki, yoxdur. Belə olan təqdirdə, cavanlar qaçır paytaxta. Onları qınamıram. Burada nə qədər çalışsam da, istədiyimi əldə edə bilməyəcəm. Məsələn, ötən il "Taksi Liza" filminə çəkildim. Orada bəy obrazını mənə həvalə etmişdilər. Toy səhnəsinin çəkilişini edirdik, sübh tezdən çəkməli idik. Rejissor dedi "olmaz, biz indi çəksək, tamaşaçı bunu başa düşəcək". Çəkiliş təxirə salındı. Mən qayıtdım Qaxa. Günorta zəng elədilər ki, axşam çəkilişdi. Mən əlimdə o kostuyumla yenidən qayıtmalı oldum Bakıya".
Hər insanın uşaqlıq arzuları olur və o, həmin arzuların reallaşmasına can atar. Elə müsahibimiz də uşaqlıq arzularının reallaşmasına can atıb və dediyinə görə, qismən də olsa nəticə əldə edib: "Mənim 3 böyük arzum var idi: Futbol həvəskarıyam, uşaqlıqdan ən böyük xəyalım "Qalatasaray"ın oyununa getmək idi; ikinci arzum, bir dəfə də olsa kinoteatrda özümü seyr etmək idi, üçüncü arzum da Türkiyədə hər hansı bir filmə çəkilmək. Demək olar ki, hər üç uşaqlıq arzuma çatmışam".
Son dövrlər Azərbaycanda komediya filmlərinin çəkilişi geniş vüsət alıb. Gənc aktyor bu filmlərin sırf kommersiya xarakteri daşıdığını söyləyir:  "Hər kəs çalışır ki, komediya çəksin. Sponsorlar da komediya filmlərinə pul ayırmaqda maraqlıdırlar. Digər janrlarda film çəkiləndə tamaşaçı çox az gəlir. Kinoteatrlara da bu sərf etmir. Klaviatura qəhrəmanları həmişə komediya filmlərini öz şərhlərində tənqid edirlər. "Bu nədi, şit, bayağı filmlər çəkirsiz. Ondansa, vətənpərvərlik mövzusunda film çəkin, gəlib baxaq". Amma çəkib kinoteatrda nümayiş olunanda 5 manatlarından keçib gəlib filmə baxmırlar. Amma afişada Fərdanı, Elməddini, İslamı görən kimi bilet alıb gəlirlər. Çəkildiyim "Taksi Liza" filmi bir neçə dəfə nümayiş olunub. Hər dəfə zal dolu olub".
Ş.Quliyev Azərbaycan incəsənətinə adlarını qızıl hərflərlə yazdıran aktyorları zirvə sayır və onlardan örnək aldığını deyir. Aktyor düşünür ki, yaradıcı insan örnək götürə bilər, lakin onun da öz dəsti-xətti olmalıdır: "Türkiyənin məşhur aktyoru Şahan Gökbakar özünü Kamal Sunalla müqayisə etmişdi. Cəmiyyət onu qınamışdı. Mənə elə gəlir ki, bizim müasir aktyorlarımız cürət edib bu sözü söyləməzlər. Məsələn, düşünmürəm ki, Fərda ya da Elməddin özlərini Yaşar Nuri, Siyavuş Aslan, Eldəniz Zeynalov və digər bizim klassiklərimizlə müqayisə etsinlər. O insanlar öz dövlərində də,  bu gün də sevilirlər, gələcəkdə də seviləcəklər. Bugünkü yumor qəhrəmanlarımızın isə gələcəkdə xatırlanıb-xatırlanmayacağını  zaman göstərəcək. Təbii ki, mən də daxil olmaqla bütün aktyorlar klassiklərimizdən örnək alırıq, onlardan öyrənirik, lakin onların yolunu getmirik. Bu günün tələbi başqadır. Həm də ki, hər kəs öz yolunu getməlidir. Mən kimisə təqlid etsəm, məni heç kim tanımayacaq".
Gənc aktyor nümunəvi addımları ilə də tanınıb. Belə ki, tamaşadan yığılan pulları xeyriyyə məqsədilə xərcləyib. Dediyinə görə, Qaxda 3 ay səhər-axşam məşq edib tamaşa veriblər, biletlərin qiyməti isə cəmi 1 manat olub. Sonradan biletin qiymətini 2 manat edəndə isə yerli camaatın qəribə reaksiyası ilə üzləşiblər: 
"Dedilər ki, "varlanmaq istəyirsiz"? Amma o afişada "bayağı", "şit" adlandırdıqları aktyorların birinin şəkili olsaydı və biletin qiymətini 5 manat etsəydik, gedib o bileti alacaqdılar. 300 nəfərlik zal idi, 600 manat qazandıq. O pulun yarısı texniki avadanlıqların icarəsinə getdi. KVN-dən qazandığım ən çox pul 50 azn olub. Aktyorlarla məsləhətləşdik ki, gəlin pullarımızı toplayaq, rayonda olan imkansız ailəni sevindirək. Belə də etdik. Sağ olsunlar, sözümü geri çevirmədilər".

Ötən il Şəmsəddinin ən böyük arzusu reallaşıb. O, Türkiyə, eləcə də Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi "Bir litr göz yaşı", "Möhtəşəm ikili" və "Mehmetçik" serialına çəkilib:
"Əslində Türkiyəyə əməliyyat üçün getmişdim. Burnumda problem var idi. İşdən 1 aylıq icazə alıb getdim. 1-ci kursda oxuyanda bir tələbə yoldaşım Türkiyədə serialların birində pizzacı rolunu oynayırdı. Dedim kaş mən də bir dəfə də olsa çəkilərdim. Türkiyəyə getdikdən sonra dostuma dedim "məni ajanslara apara bilərsən?" Getdik ajansa, şəkillərimi çəkdilər. Axşam mənə mesaj gəldi ki, "siz projemiz üçün uyğunsuz". Məni Azərbaycanda da çox sevilən "1 litr göz yaşı" serialına dəvət etdilər. Epizodik də olsa, mən onlardan çox şey öyrəndim. Sevdiyim aktyorları gördüm, onlarla eyni serialda çəkilmək mənim üçün böyük uğurdu".
Aktyorun türklərin alman dəqiqliyi ilə işləməsindən xoşu gəlib. Düşünür ki, bəlkə də elə buna görə onlar bu gün bizdən çox irəlidədirlər. "Məsələn, serial çəkilir, serial efirə getməmişdən qabaq şəkil çəkib sosial şəbəkədə paylaşmaq olmaz. Mən bu səhvi etdim, setdən şəkil paylaşdım, o saat zəng vurdular ki, "silin o fotonu, olmaz". Hər bir aktyorun qeydinə qalırdılar. Fərqi yoxdu bu epizodik roldə oynayır, ya baş rolda. Açığı, özüm seriallara baxmırdım, filmlərinə baxırdım. Anam baxanda onun sayəsində 1-2 serial aktyorunu tanımışdım"- deyə aktyor bildirir.
Həmsöhbətimiz türk dünyasında geniş tamaşaçı auditoriyası toplayan "Mehmetçik" serialının çəkiliş anlarından danışıb. Serialda Osmanlı əsgəri rolunu canlandıran aktyor deyib ki, tarixi serial olduğuna görə, "Mehmetçik"in çəkilişləri çox çətin idi.
"Çəkilişlərin aparıldığı məkan hava limanına yaxın idi deyə tez-tez təyyarə keçirdi. Rejissor vaxtaşırı çəkilişi dayandırırdı. Çünki tarixi serialdır, indiki tamaşaçı da həddindən artıq diqqətlidir və səvləri bağışlamır. Son dövrlərin ən məşhur serialı olan "Game of Thrones"da (Taxt-tac oyunları) məşhur kofe şirkətinin istehsalı olan kofenin reklamı gedib. Bəlkə də bilərəkdən ediblər, amma tamaşaçı bunu qəbul etmir" - deyən Şəmsəddin öz sənətini hər şeydən çox sevdiyini deyib. Buna görə də səhhətində problemlər olsa da, israrla çəkilişləri davam etdirib:
""Mehmetçik"dən bir gün qabaq reklama çəkildim. Çəkiliş açıq havada aparılırdı. Onsuz da xəstə idim, xəstəliyim daha da artdı. Dedim yatmaq olmaz, xəstə də olsam, serialın çəkilişinə gedəcəm. "Mehmetçik"də geyimim həddən artıq isti idi, xüsusilə də papaq. O istilik məni sağaltdı. Həm də ən böyük arzuma çatırdım axı, ona görə də, xəstəliyi hiss etmirdim. Yorulsam belə, bu,  türklər demiş, tatlı yorğunçuluq idi".
Həmsöhbətimiz qardaş ölkədə incəsənət xadimlərimizə olan münasibətə də toxunub. Onların bizim sənətkarlardan heç kəsi tanımaması aktyorumuzu təəssüfləndirib. Orada olduğu müddətdə həm də təbliğatla məşğul olub.
"Bizdə 7-dən 77-ə hər kəs onların incəsənət sahəsinin, idman sahəsinin məşhurlarını tanıyır. Bunun ən böyük günahkarı biz özümüz, KİV-lər və xüsusi ilə TV-lərdir. Bu gün Azərbaycan tamaşaçısı 3 yerə bölünüb: rus kanallarına baxanlar, türk kanallarına baxanlar və az qism də Azərbaycan kanallarına baxanlar. Azərbaycan telekanalları bizim mədəniyyətimizi yetərincə təbliğ etsəydilər, onlar da bizi tanıyardı. Bundan başqa, onlarda bir xalq olaraq da eqo var. Onlar "türkün türkdən başqa dostu yoxdur" məsəlini çəksələr də, "biz bize yeteriz" deyirlər".
Şəmsəddin Qax rayonunun mədəniyyət şöbəsində bədii rəhbər vəzifəsində çalışır, həm də orada bədii qiraət dərnəyinin rəhbəridir. Şimal-qərb bölgəsində KVN ((Şən və Hazırcavablar klubu) tamaşaları ilə də tanınır. Aktyor düşünür ki, o və komandası digər bölgələrdə daha çox sevilir:
"Məsələn, Zaqatalada əlamətdar günlərdə komediya şousu nümayiş etdiririk. Camaat yaxınlaşır, şəkil çəkdirir, xoş sözlər söyləyirlər. Qaxda isə dünyanın ən məşhur aktyoru da olsam, yenə də yerlilərim üçün Eyvaz kişinin oğluyam. Məni aktyor kimi yox, atam Eyvazın oğlu kimi tanıyacaqlar. Mən 49 seriyalı serial çəkdim, uşaqlıqdan tamaşalarda oynadım, amma bir dəfə "Bozbash Pictures"də məni gördülər və yerli ləhcə ilə dedilər ki,  "qada, sən də aktyorsanmı?"... Dedim normal tamaşalarıma, filmlərimə baxsaydız, bilərdiz ki, aktyoram, ya yox... 

Şəki Azərbaycanın yumor mərkəzidir. Bir dəfə Şəmsəddinin aktyor dostu Natiq İsaqov "şəkililəri güldürmək asan deyil, onları güldürə bilsən, deməli, sən əsl aktyorsan" deyib. Şəmsəddin də tədbirlərin birində dostu İbrahimlə tamaşa qurub, səhnəni 3 ləhcədə - Şəki, Qax, Zaqatala ləhcəsində hazırlayıblar. Məşqləri isə telefonun köməyilə ediblər. Şəkili tamaşaçıların istəyi əsasında tamaşanı Zaqatala ləhcəsində təqdim etməli olublar. Şəki tamaşaçıları bu nömrəni çox bəyəniblər. Natiq İsaqov aktyoru təbrik edərək, tamaşanın şəkililərin ürəyincə olduğunu deyib". Aktyor KVN-də əsasən şimal-qərb bölgəsinin ləhcəsindən istifadə etdiklərini bildirib. 
Şəmsəddin dostları ilə bir-birilərini parodiya etsələr də, bu janrın riskli olduğunu düşünür. Onun fikrincə, hər adam yumoru qəbul eləmir.
Onları Youtube-dan ən çox izləyənlər Azərbaycandan sonra Rusiya, Türkiyə və İranlı tamaşaçılardır. Hətta "qürbətdə vətəni yaşatdığına" görə ona qəflətən sarılıb minnətdarlıq edən tamaşaçıları da olub. 
Şəmsəddinin aktyorluq sənətində ilk müəllimi unudulmaz sənətkarımız Yaşar Nuri olub, sonra isə Rafiq Əliyev olub:
"Məktəb illərindən öz rayonumuzda, qonşu rayonlarda KVN-də çıxış edirdim. Müəllimim həmişə mənə bunu irad tuturdu. Tələbə vaxtı bir video çəkib paylaşmışdım, ağlıma da gəlməzdi ki, müəllim bəyənər. Dedi ki, "oğlum, çox maraqlıdır". Bu söz məni ruhlandırdı".
Bir müddət Akademik Milli Dram Teatrında çalışan aktyor hazırda bölgədə fəaliyyət göstərən İsmayıl Dağıstanlı adına Xalq teatrında işləyir. 
Qeyd edək ki,  III Respublika Xalq teatrları festivalı çərçivəsində Gənc Tamaşaçılar Teatrında Qax rayon Mədəniyyət Mərkəzinin Xalq teatrının təqdimatında Əhməd Orucoğlunun “Məhəbbət bir bəladır” komediyası oynanılıb və uğur qazanıb. Şəmsəddin Quliyevin də rol aldığı tamaşanın kollektivi Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən fəxri diplomla təltif edilib.


Paylaş: