“Cahangir Novruzov, Afaq Bəşirqızı, Səidə Quliyeva yenidən bir arada"
Tarix: 12-07-2019, 15:26



Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Birliyində ikihissəli, tammetrajlı bədii filmin istehsalına başlanıb.
“Zəng” adlı tammetrajlı bədii filmin ssenari müəllifi və quruluşçu rejissoru, tanınmış rejissor, "Sabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyevdir.
Çəkilişlərinə avqustun son həftəsindən start veriləcək bədii televiziya filminin rejissoru Şərif Qurbanəliyev Open.az-a özəl açıqlamasında yeni bədii televiziya filminin maraqlı süjet xəttinin olacağını deyib: “Dilsuz Mustafa və Hüseynbala Mirələmovun “Mobil telefon” adlı hekayələri var. Hər iki hekayənin lətifəsi eynidir. Mən, bu hekayələrin lətifəsi əsasında yeni tamaşa yazmışam. Televiziya tamaşasının ssenari müəllifi və quruluşu mənə aiddir. Əsərin giriş, çıxışı, qəhrəmanları və finalı tam başqadır. İnşallah, avqustun 26-dan “Zəng”in çəkilişlərinə start veriləcək. Azərbaycan tamaşaçılara uzun zamandır ki, AzTv-də nümayiş olunan baxımlı televiziya tamaşalarından məhrum qalmışdı. Azərbaycan Televiziyasının yeni rəhbərliyi bizim üçün bütün yaradıcı şəraiti təşkil edir ki, maraqlı işlər görə bilək. Biz elə sevincək olmuşuq ki, gözə gəlməkdən qorxuruq. Köhnə rəhbərliyin dövründə şəxsən mənim 25 illik ömrümü apardılar. Həmçinin, Ramiz Həsənoğlu o qədər işlər görə bilərdi, amma ona da imkan yaradılmadı. Yeni sədrimiz cavandır və AzTv-nin maraqlı, unudulmaz tamaşalar silsiləsinin davam etdirilməsini çox istəyir. Bu səbəbdən də bizə bütün imkanları yaradır. Baxmayaraq ki, məhdud imkanlar var, amma bizə şərait yaradılır ki, rahat yaradıcılıqla məşğul olaq. Belə insana kömək, dəstək olmaq lazımdır. Ona görə də əlimizdən gələni etməliyik. Keyfiyyətli, baxımlı film, tamaşa ərsəyə gətirmək üçün, İkihissəli bədii televiziya filmində “köhnə qvardiya”dan istifadə etmişəm. Yəni, tamaşaçılar sevilən sənətkarlarımız- Cahangir Novruzovu, Afaq Bəşirqızını, Səidə Quliyevanı yenidən bir arada görəcəklər”.
Şərif Qurbanəliyev əlavə edib ki, “Zəng”də baş rol - Ataxan obrazını, Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov ifa edəcək.
Ataxanın həyat yoldaşı Anaxanım surətini isə, Xalq artisti Səidə Quliyeva canlandıracaq. Bu dəfə də eynilə “Bala - başa bəla” tamaşasında olduğu kimi Cahangir Novruzovun ifa etdiyi obrazın bacısının surətini, görkəmli sənətkarımız, Xalq artisti Afaq Bəşirqızı yaradacaq. Afaq Bəşirqızı bu dəfə Ataxanın bacısı Qızbəs olacaq.
Ümumilikdə, yeni tamaşada yaddaqalan aktyor ansamblı toplanıb. Xalq artisti Məbud Məhərrəmov, Cəfər Namiq Kamal, Əməkdar artistlər Fərhad İsrafilov, Elşən Çarhanlı, Qurban Məsimov, Mirzə Ağabəyli, aktyorlar İlkin Misgərli, Ramin Şıxəliyev, Səbinə Məmmədova, Arif Kərimov və başqalarının maraqlı aktyor oyunu "Zəng"in səsini uzaqlara yayacaq.
İkihissəli bədii televiziya filminin prodüseri, Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu operatoru Eldar Məmmədov, quruluşçu rəssamı Rəfael Əlizadə, bəstəkarı Firudin Allahverdi olacaq.
Ssenari müəllifi və quruluşçu rejissor Şərif Qurbanəliyev yeni filmin fantosmoqorik komediya janrında olduğunu və interyerdə, naturada çəkiləcəyini bildirib: "Paviliyon, studiya çəkilişləri nəzərdə tutulmayıb. Filmdə baş verən hadisələr real həyatda baş vermir. Bu tamaşada sevilən aktyorlarımızı, gözəl sənətkarlarımızı bir araya toplamağımızın səbəbi odur ki, onlardan çox istifadə etmək lazımdır. Belə sənətkarlarımızı gənc nəsil də görməlidir".
"Zəng" ikihissəli televiziya filminin 2019-cu ilin sonunadək təhvil veriləcəyini deyən rejissor, yeni il ərəfəsində növbəti tamaşanın da telepremyerasının olacağını bildirib: "Bu tamaşa iki variantda təhvil verilə bilər. Həm yeni il ərəfəsində və ya televiziyanın yubileyi - yəni noyabrın 6-da ekranlara çıxa bilər. "Zəng” çox maraqlı əsərdir. Tamaşanın finalı daha da maraqlıdır və səbirsizliklə gözləməyə dəyər".
Qeyd edək ki, istedadlı rejissor Şərif Qurbanəliyevin quruluş verdiyi “Yarımştat”, “Bala – Başa bəla” teletamaşaları televiziyanın “Qızıl fondunda” saxlanılır.
Şərif Qurbanəliyev “Akademik Heydər Hüseynov”, “Kişiləri qoruyun”, “Şəki teatrında”, “Qaragülün nağılı”, “Tanrıverdinin nağılı”, “Bir ovuc torpaq”, “Bədəlbəylilər” kimi bədii və sənədli filmlərin rejissorudur.
Xatırladaq ki, Azərbaycan televiziyasının “Sabah” Yaradıcılıq Birliyi 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Birlik əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır.
“Sabah” Yaradıcılıq Birliyinin İlk 10 ilində 26 televiziya tamaşası hazırlanıb.
Beləliklə, "Sabah" Yaradıcılıq Birliyi uzun fasilədən sonra yaddaşlarda qalacaq "Zəng" lə tamaşaçılarının görüşünə gəlir.

Paylaş: