75 yaşlı xalq artistini yubileyində onlardan başqa heç kim yada salmadı
Tarix: 5-07-2019, 16:39



Azərbaycanın xalq artisti, ömrünün 60 ilə yaxın dövrünü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlayan, ana obrazlarının mahir ifaçısı, gözəl sənətkar Lətifə Əliyevanın 75 yaşı tamam olub.
İyulun 1-də yubileyi olan sevimli aktrisanı Teatr Xadimləri İtiifaqından başqa heç bir qurum yada salmayıb. Təəssüf olsun ki, nə mətbuatda, nə də 55 ildən çox çalışdığı Gənc Tamaşaçılar Teatrında xalq artistinin yuibileyi yad olunmayıb.
Şəxsi və sənət taleyi çətin, əziyyətli keçən xalq artistinin 75 illik yubileyini təbrik etdim. Həyatı boyu ağır sınaqlara sinə gərən Lətifə Əliyeva küskünlüyünü, incik olduğunu bildirmək istəməsə də onun səsindən, danışıq üslubundan bunu hiss etmək olurdu.


75 yaşlı xalq artistini yubileyində onlardan başqa heç kim yada salmadı


-Lətifə xanım, salam. İyulun 1-də 75 yaşınız tamam olub. Üç gün geciksəm də sizi yubileyiniz münasibətilə təbrik edirəm. 75 illik yubileyinizi kimsə yada saldı?
- Nə böyük adamam ki, məni xatırlasınlar. Yaşlı adamam. Teatrdan da bizi çıxarıblar. Daha işləmirəm. Heç yerə də getmirəm. Teatr Xadimləri İttifaqından başqa heç kimin yadına düşmədim. Azər müəllimə təşəkkür edirəm. Mənə təbrik məktubu göndərdilər. Hacı İsmayılov mənimlə telefonla danışdı. Sonra TXİ-da çalışan Elmira xanım mənimlə maraqlandı. Təbrik etdilər. Sağ olsunlar. Onlardan başqa heç kimin yadına düşmədim.
- Lətifə xanım, teatrdan çıxarıldığınızı bilirəm. Sizi son illər çəkilən seriallara, filmlərə dəvət etmirlər?
- Yox, ay qızım. Nə seriala, nə filmə dəvət edən yoxdur. Heç dəvət etmələrini də istəmirəm. Yaşlı adamam. Heç nədə gözüm yoxdur.
- Sizə xalq artisti Fəxri adı gec verildi. Ötən il almısınız. Doğrudur?
- Bəli. Düz bilirsiniz. Keçən il aldım. Xalq artisti adını da təsadüfən aldığıma inanıram. Allah bilir, kimə verəcəkdilər, çaşıb mənə verdilər.
- 75 yaşınız tamam oldu. Yubileyinizi teatrdan xatırlayan olmadı?
- Qızım, camaatın işi-gücü yoxdur? Onların dərdi mən deyiləm ki?...
- Lətifə Əliyeva kimi aktrisalar çox deyil axı?...
- Çoxdur. Hər gün doğulan aktrisayam.
- Lətifə xanım, küskünlüyünüzü hiss edirəm...
- Yox, qətiyyən küskün deyiləm. Qızım, heç nə yazmayın. Bilirsiniz, zaman qurtardı. Vaxt bitdi. Daha heç kimə lazım deyiləm. Oturmuşam evdə.
- Amma sizi axtarmaq bizim borcumuzdur
-Yox, qızım. Heç kimin borcu deyil. Elə deməyin. Məni yada salmırlar. Allah, onlardan razı olsun. Heç yada salmasınlar. Hər kəsin özünün düşündüyü aktyorlar, aktrisalar var. Əsas odur ki, canım salamat olsun. Öləndə də öləcəm. Nə böyük adamam ki? Heç kimdən təmənnam yoxdur. Heç kimdən heç nə ummuram. Hamını yaxşı tanıyıram. 55 il teatrda çalşmışam. Heç kimə pisliyim dəyməyib. Heç kimin çörəyinə bais olmamışam. Amma məni çox incidiblər. Mənə çox pisliklər ediblər. İnsanların mənfur sifətindən bezmişəm. Mən bildiklərimi açıb desəm, gərək böyük məhkəmə qurula.
- Oğlunuz Qarabağ müharibəsində əlil olub.
- Bəli elədir. Oğlum Qarabağda döyüşüb. Müharibə veteranıdır. Nə bilim, ay qızım. Heç kimdən təmənnam yoxdur. Bəlkə bir gün elə bir rejissor tapılacaq ki, mənə də bu yaşlı vaxtımda dəyər verəcək? Ahıl yaşımda özümə uyğun rol ifa bilərəm. Axı, dünya səhnələrində, kino ekranlarında qoca aktyor və aktrisalara rol verilir. Niyə bizdə, yaş ötən kimi lazımsız olursan? Bilirəm ki, sizin sahənizdə də belə problemlər olur. Yaradıcılıq olan hər sahədə haqsızlıq var. Ülviyyə xanım, 75 illik yubileyimi TXİ, şəxsən Azərpaşa Nemətov, Hacı İsmayılov, Elmira Kərimova və jurnalist kimi siz yad etdiniz. Hamınıza sonsuz təşəkkür edirəm. Sağ olun. Heç olmasa sizlərin yadına düşmüşəm.

Paylaş: