Sevda Ələkbərzadənin doğum günüdür
Tarix: 4-07-2019, 09:52





Bu gün Əməkdar artist, müğənni Sevda Ələkbərzadənin doğum günüdür.
UlduzumSan.Az xəbər verir ki, Sevda Çingiz qızı Ələkbərzadə 1977-ci il iyulun 4-də anadan olub.
O, 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Musiqili komediya aktyorluğu” fakültəsini bitirib. 1991-ci ildə o, “Aypara” qrupunda ifaçı kimi fəaliyyətə başlayıb.
Bir il qrupda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olub. 1993-cü ildə “RAST” qrupunda solist-ifaçı kimi fəaliyyətə başlayıb.
Bu dövrdə “RAST” musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim ediblər. S.Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri alıb.
2001-ci ildə “RAST” qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S.Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə “Demə ki, sevirəm” adlı ilk layihəsi ilə çıxış edib.
O, 2002-ci ildə dünyanın məşhur caz ustalarının da iştirak etdiyi beynəlxalq caz festivalında iştirak edərək Azərbaycanı layiqincə təmsil edib.
S.Ələkbərzadə 2004-cü ildə yaradıcılığında yeni bir mərhələ olan “Şəbi-Hicran” layihəsi ilə Filarmoniya səhnəsində solo konsert ilə çıxış edib.
2005-ci ildə Avropa Şurasına Azərbaycanın hədiyyəsi kimi Bethovenin “Sevinc odası” əsəri S.Ələkbərzadənin ifasında muğam caz stilində ilk dəfə təqdim edilib. Həmçinin bu əsərin sinql-diski də buraxılıb.
S.Ələkbərzadə 2005-ci ilin noyabr ayında İtaliyanın Florensiya şəhərində “İnstituto İtalyano” vokal kurslarında təcrübə keçib. Roma şəhərinin “Teatro-centrale” salonunda solo konsert ilə çıxış edib.
Fransada keçirilən “Şərqin pop və rok musiqisi”, “Radio France İnternational” müsabiqəsində iştirak edərək 350 iştirakçı qrup arasından seçilmiş 11 ən yaxşı qrup adına layiq görülüb.

Paylaş: