"Obyektiv bir sorğu keçirilsə görərsən ki, tamaşaçı baxmağa kanal axtarır..."
Tarix: 4-07-2019, 09:32



“AzTV-də həqiqətən də son dövrlər yeniləşmə ab-havası hiss olunur”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Səfər Alışarlı son zamanlar televiziya kanallarımızdakı yeniliklər barədə danışarkən deyib. S.Alışarlı bildirib ki, yeniliklərin edilməsi tamaşaçı kütləsini ekran qarşısına qaytara bilər:

“Televiziya kanallarımızdan danışarkən ilk növbədə AzTV-ni xatırlatmaq istəyərdim. AzTV-də həqiqətən də son dövrlər yeniləşmə ab-havası hiss olunur. Yəni efir dinamikası yaranıb, yeni üzlər görürük, yeni sözlər eşidirik. Əvvəlki o durğunluq ortadan qaldırılıb. Amma peşəkarlığın və səriştənin hüdudu yoxdur, yəni bu inkişaf mərhələsinin bir yoludur və bununla davam etmək lazımdır. Əlbəttə, yeni verilişlərlə, yeni yanaşmalarla tamaşaçını bu gün ekran qarşısına cəlb etmək mümkündür. Etiraf edək ki, Azərbaycan telekanalları o qədər də baxımlı deyil. Obyektiv bir sorğu keçirilsə görərsən ki, tamaşaçı baxmağa kanal axtarır. Ona görə də düşünürəm ki, Azərbaycan Televiziyasının flaqmanı olan AzTV xüsusilə tamaşaçını daha çox özünə akkumulyasiya edə bilər,  əgər bu islahatları, inkişafı, yeniləşmək arzusunu davam etdirə bilsə. Mən düşünürəm ki, davam etdirəcək və əvvəlki nüfuzu ilə geniş tamaşaçı kütləsini özünə qaytara biləcək”. 

S.Alışarlı ədəbi verilişlərə televiziyadan uzaq düşən şair və yazıçıların dəvət edilməsini vacibliyini vurğulayıb:

“Ədəbi verilişlər həmişə olub. Bu dəfə təqdim olunan ədəbi verilişlər fərqli formatdır, həm də televiziyanın bütün dünyada inkişafı ilə ayaqlaşa bilən bir formatdır ki, bunu seçiblər. Mən istəyərdim ki, bu cür verilişlərə hər yerdə görünən şair və yazıçılar yox, ekranda görünməyən, indiyə qədər məhdudiyyət yaşamış yazıçılarımız da  dəvət olunsun və onların kitabları haqda danışılsın, ictimai siyasi mühitə münasibəti barədə də söhbətlər aparılsın. Əlbəttə, yeni format həmişə maraqlıdır və bunu davam etdirmək lazımdır”. 

Paylaş: