66 yaşlı Xuraman Qasımova: “Ad günümü evdə qeyd edəcəyəm”
Tarix: 6-06-2017, 16:46



Bu gün Azərbaycanın opera müğənnisi, xalq artisti Xuraman Qasımovanın doğum günüdür. Onun 66 yaşı tamam olur.
 
Xuraman Qasımovadan ad günü təəsüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb. O bildirib ki, ad gününü yaxınları, dostları ilə birgə keçirəcək. Lakin  konsert üçün məşq prosesində olduğu üçün qeyd etməyə hələki imkanı olmayıb:
 
“Doğum günüm normal keçir. Adətən yaxınlarım, qohumlarım ilə birgə keçirirəm. Bu il də belə olacaq. İndi hələki məşqdəyəm. O cümlədən imtahanlara hazırlıqlar gedir. Amma axşam evdə doğum günümü qeyd edəcəyəm. İndiyə qədər təmtəraqlı keçirdiyim doğum günlərim də olub. Adətən yaş üstünə yaş gələndə xanımlarda müəyyən komplekslər yaransa da, məndə belə olmur”.
 
Xalq artisti həmçinin bildirib  ki, bu ayın 17-də yaradıcılığının 40 illiyini də təmtəraqlı qeyd edəcək.
 
Xuraman Qasımova 6 iyun 1951-ci ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1976 ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Əsas partiyaları Səlma ("Aldanmış Ulduzlar", M.Quliyev), Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s-dir.
 
İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülüb), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Xuraman Qasımova həmçinin kinofilmlərə çəkilib ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır").
 
1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993 ildən solo oxumaq kafedrasının müdiri, 1996 ildən professor). 1994-cü  ildən İstanbul Dövlət Universiteti Konservatoriyasının professorudur. Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya kimi bir sıra xarici ölkələrdə çıxış edib.

Paylaş: