Mənsum İbrahimov Canəli Əkbərovdan küsülü olmasından danışdı - “Ata ilə bala arasında da inciklik…”
Tarix: 27-06-2019, 12:23



Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov həmkarı Canəli Əkbərovla barışması ilə bağlı yayılan məlumata aydınlıq gətirdi.
Xanəndə AzNews.az-a açıqlamasında Canəli Əkbərovla arasında heç bir incikliyin olmadığını bildirdi:
“Səfərdə olanda eşitdim ki, Canəli müəllimin səhhəti ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib. Oğlu ilə yaxın münasibətim var. Tez zəng edib danışdım, Canəli müəllimi soruşdum. Azərbaycana qayıdan kimi öz ansamblımın üzvləri ilə birlikdə xəstəxanaya gedib Canəli müəllimə baş çəkdik. Canəli müəllim muğam sənətinin ağsaqqallarından biridir. Bəzən insanlar kiçik bir şeyi çox şişirdirlər. Hətta ailədə ata ilə bala arasında da inciklik, küskünlük olur. Biz küsülü olmamışıq. Aramızda nə ola bilər ki? İkimiz də sənətə xidmət edən insanlarıq. Şou aləmindən fərqli olaraq muğam sənətində dedi-qodu, inciklik yoxdur, ədəb-ərkan var. Canəli müəllim böyük ustaddır, bizim üçün dəyərli xanəndədir. Allah ona ömür versin, həmişə səhnədə, sənətində olsun. Yaxın vaxtlarda onun 80 illik yubileyidir. İnşallah onu da qeyd edəcəyik. Böyük sənətkarları yad etmək bizim borcumuzdur”.
Qeyd edək ki, ölkə mətbuatında xalq artistləri Mənsum İbrahimovla Canəli Əkbərovun küsülü olması barədə məlumatlar yer alıb. Məlumatlarda deyilir ki, bir neçə gün öncə xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib. Onun xəstəxanada olmasını eşidən Mənsum İbrahimov isə aralarında olan incikliyə baxmayaraq həmkarına baş çəkib, onun səhhəti ilə maraqlanıb.

Paylaş: