Səhnəmizin fəxri ad almayan əhli-kef məşhuru...
Tarix: 27-06-2019, 09:33



Gözləri qəm dəryası olan, yaddaşımızda insanlıq nümunəsi göstərən bir obraz -  “Qırçı Məhəmməd”  kimi qalan aktyor Fazil Salayev...

Bu günlərdə onun anım günü idi... İyunun 20-də dünyadan köçmüşdü. Həm də doyunca yaşamadan...
Modern.az saytının “Yadan çıxmış sənətkarlar” layihəsində bu dəfə  aktyor Fazil Salayev haqda xatirələri sizlərə  təqdim edirik.

Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandır. Fazil evin vur-tut bircə uşağı olub.  
Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil, sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Rəsssamlıq məktəbinin sonuncu kursunda aktyorun atası İdris Salayev oğlunu həmyerlisinin qızı Fəridə xanımla nişanlayır. Nişan gününədək xanımın üzünü görməyən Fazil evlənənədək cəmi bir dəfə onunla qarşılaşır. Valideynlərinin dəvəti ilə qız tərəfi teatra gələndə Fəridəni ilk dəfə orda görən Fazil Salayev gələcək qaynatasının xasiyyəti tünd olduğundan onunla danışa bilməyib.  

Fazil Salayev Rəssamlıq Məktəbini bitirəndən sonra «Azərnəşr»də tərtibatçı-rəssam kimi işləsə də, bu sənətdə duruş gətirə bilmədi, aktyorluğa getdi. 


Həyat yoldaşı Fazil Salayevin rəssam olacağını düşünürmüş 



On səkkiz yaşında ər evinə köçən Fəridə xanım ömür-gün yoldaşının rəssam olacağını zənn edirmiş. Dövrünün sayılan kişilərindən olan, müxtəlif vəzifələrdə çalışan İdris Salayev də oğlu barədə bu gümanda idi. Amma aktyor peşəsi yamanca sehrləmişdi Fazili. Rəssam kimi işlədiyi «Azərnəşr»lə vidalaşıb Teatr İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsində oxuyanda da əsl aktyor olacağı günü səbirsizliklə gözlədi. Adi rəssam olduğu vaxtlarda Fazil məşhur italyan aktyoru Totoya oxşamaq istəmişdi. Dostlarının əksəriyyəti də onu Totoya bənzədirdi. Aktyorluqla bərabər Fazil Salayev bir müddət müəllim kimi də fəaliyyət göstərib. Oxuduğu ixtisasa uyğun olaraq Fazil Salayev rəsm müəllimi kimi çalışıb. Aktyor hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə də  rəsm dərsi keçib.
 
O, hər bir obraza həyat verməyi bacarırdı


Mədəniyyət sahəsi üzrə tədqiqatçı jurnalist Seymur Elsevər deyir ki, 1963-1964-cü illər Fazil Salayevin həyatında dönüş nöqtəsi hesab olunur:

"Görkəmli kinorejissor və dramaturq Həsən Seyidbəyli Fazili «Möcüzələr adası» filmində kiçik bir rola çəkdi. Eyni vaxtda Ağarza Quliyevin lentə aldığı «Ulduz» filmində müxbir rolunu oynadı. Bir müddət paralel olaraq teatrda və kinoda çalışan aktyor  «Azdrama»dan Musiqili Komediya Teatrına yerini dəyişsə də, yaxşı bilirdi ki, gec-tez kino onu teatrdan, sevimli sənət ocağından əməlli-başlı ayıracaq. Oynadığı şən və ciddi rolun hamısının canına incə yumor qatdığını, kinonun dili ilə təqdim etməyin daha asan olduğunu da bilirdi. Kiçik bir jest, eləcə də qeyri-adi olmayan mizan ekranda teatrdan fərqli, tamam başqa təsir bağışlayır. Necə ki, F.Salayevin obrazlar qalereyasında hər şeydən əvvəl bu cəhətlə qarşılaşırsan. İstər qırçı Məhəmməd («Şərikli çörək»), istər Qulaməli («Dərviş Parisi partladır»), istərsə də alverçi («Bizim Cəbiş müəllim»), çilingər («Ürək...Ürək») və zontik Mehdi («Alma almaya bənzər») olsun, fərqi yoxdu, onların heç birində aktyorun yerişi, duruşu, baxışı bir-birini təkrarlamır. Ona görə ki, Fazil incə nüanslar, nəcib məqsədlər, hərtərəfli təhlil ustası, tədqiqatçı-aktyor idi". 

S.Elsevərin sözlərinə görə, aktyorun ifasında qəlibçilikdən uzaq, heç kimə bənzəməyən rollarla, həyatda çoxların qarşısına çıxan tipajlarla ekranda bir daha rastlaşarkən bezikmirik, onlara tamaşa etməkdən doymuruq. 

"Bütün bunların səbəbi Fazil Salayevin real həyat lövhələrinə, canlı insan talelərinə bələdliyi və bu sahədə ən incə qatlara nüfuz etmək bacarığı ilə əlaqədardı. Bu rollar nə qədər satirik, yumoristik səpkidə həll olunsa da, aktyorun ifasında əndazəni aşan şitlik, saxta gülüş sezilmir.
Fazil Salayevin filmlərdəki qəhrəmanları ilə yanaşı, «Mozalan» satirik kinojurnalında yaratdığı obrazlar da yaddan çıxmır. Aktyorun metroya baxmağa cəhd göstərən sərxoş, şəhərin gecə səhərədək uğultusundan dinclik tapıb yata bilməyən narahat, toylara dəvət olunmaqdan əldən düşən və axırda şalvarsız qalan, əmək qabaqcılı kimi tez-tez iclaslara, görüşlərə çağırılıb yarıtmaz işçiyə çevrilən qəhrəmanları ilə hər dəfə ekranda görüşməyə imkan tapanda gah gülür, gah halına acıyır, gah da təəssüf hissi keçiririk. İnanmaq olmur ki, tək bircə nəfər bu qədər bənzərsiz obrazlar düzümü yaradıb". 


Sənətkarın yaxın dostu olmuş Xalq artisti Rafiq Əzimov deyir ki, Fazil həyatda da çox  şən, məzəli insan idi.


“Evləri teatrın yanında idi. Həm bu səbəbdən, həm də dəhşət qonaqpərvər olduğundan tez-tez onun evində yığışardıq. Həyat yoldaşı Fəridə xanım bizi həmişə gülərüzlə qarşılayardı. Fazil çox gözəl pianino çalardı. Hətta deyərdim ki, pianinoda onun kimi ifa edən yox idi.  Hər dəfə yığışanda ifaları ilə iki qat şənləndirərdi bizi. Teatrda o qədər də çox işləmədi. Çıxıb getdi məktəbdə müəllim kimi işləməyə. Rəssamlıq məktəbini bitirmişdi, ixtisası üzrə də dərs deyirdi. 3 qızı var idi.  İstedadlı aktyor idi, lakin ondan lazımi qədər istifadə olunmadı.  Çox təəssüf olsun ki, ona heç bir ad verilmədi. Lakin o qədər əməyin qarşılığında ən azından Əməkdar artist adını almalı idi. 
O dövrdə çox komik aktyor var idi, lakin Fazil kimisi yox idi. Fazil təkcə səhnədə yox, həyatda da çox şən, deyib-gülməyi sevən biri idi. Əhvalımızı açmaq, bizi güldürmək üçün həmişə məzəli söhbətləri hazır olardı. Şən, zarafatcıl olması  gendən gələn bir şey idi. Babası Bakıda “Lotu Cəfər” adı ilə  tanınırdı. O da camaat arasında çox məzəli, şən  insan kimi yadda qalmışdı. Fazilin dayısı da kinostudiyada çalışırdı, dublyaj şöbəsinin müdiri idi".


“Yoldaşı Fəridə xanım  ilə münasibətləri ara-sıra pozulurdu”


Rafiq Əzimov: “Yadımdadır, bir dəfə məndən belə bir xahiş etdi: “Fəridə ilə küsmüşəm, gedək evə, bizi barışdır”. İşdən sonra evlərinə getdik. Fəridə mənim qarşıma çay qoydu,  ona yox. Mən də başladım qadını yola gətirməyə ki, bəs elə bilirsiniz biz Fazildən yaxşıyıq? Tamaşa bitir, dostlarla yığışırıq çay içməyə, bir də görürük gecədir.  Bunu deməyimə bənd idim, Fəridə  məni də Fazili də tənbeh elədi ki, düzgün etmirsiniz, evə vaxtında gəlmək lazımdır ki, ailəyə də vaxt ayırasan. Bir az sonra Fazil həmişəki kimi məzəli zarafatlarından elədi, barışdılar. Bir də gördüm Fəridənin ürəyi dözmədi, Fazilə də çay gətirdi. Bildim ki, barışdılar, Fazili evinə tez gəlsin deyə tənbeh etdim. Kefi açıldı, qalxdı pianino çaldı, oynadıq, şadlıqla yekunlaşdırdıq küsülülüyü”.



"Son arzusu kiçik qızı ilə bağlı oldu..."


Rafiq Əzimov: “Üç qızı olan aktyorun sonbeşiyi Ofelyanın doğum günü idi. İyunun 19-da onun ad gününü xəstəxanada yataqda keçirməli oldu. Qızının yanında olmağına çox sevinirdi. Xəstə olmağına, danışmaqda çətinlik çəkməyinə baxmayaraq, taqətini toplayıb, övladı üçün son arzusunu dilədi. Cəmi bir gün sonra 1978-ci il iyun ayının 20-də xəstəliyi ilə əlaqədar  elə müalicə aldığı xəstəxanada dünyasını dəyişdi”.


Fazil Salayev rəhmətə gedəndə 47 yaşı vardı, qızları hələ ailə qurmamışdı. Sonralar onlar ailə qurdular, nəvələr dünyaya gəldi... Biz bu yazını hazırlayarkən Fazil Salayevin həyat yoldaşı, qızları ilə də görüşüb söhbətləşməyə çalışdıq. Lakin sənət dostları,  onu tanıyanlar aktyorun ailə üzvləri ilə əlaqələri itirdiyindən cəhdlərimiz uğursuz sonuclandı. Hətta eşitdik ki, sənətkarın həyat yoldaşı Fəridə xanım dünyasını dəyişib, qızlarından biri ailəsi ilə yaşamaq üçün Almaniyaya köçüb və s... Bunların nə qədər düz, nə qədər yalan olduğunu isə tam dəqiqləşdirə bilmədik.

İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da,oynadığı rolları,gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı.İllər keçsə də,onun yaratdığı rollara və filmlərə maraq itməyib,bu gün də sevilə-sevilə baxılır.

Paylaş: