Asiya Sakit okean Yayım Birliyi bəzi tədbirlərini Azərbaycanda keçirə bilər
Tarix: 17-06-2019, 12:18



Asiya – Sakit okean Yayım Birliyi (ABU – Asia – Pacific Broadcasting Union) bəzi tədbirlərini Azərbaycanda keçirmək imkanlarını araşdırır.
Bu barədə “Report”a təşkilatın baş katibi Cavad Möttəqi Bakıya səfərinə yekun vurarkən bildirib.
ABU rəhbəri Bakıda İctimai Teleradio Yayımları Şirkəti (İTV) rəhbərliyilə görüşərək ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək məsələlərini müzakirə edib.
“Dünyanın ən böyük yayım birliyi olan ABU-da 73 ölkədən 280 üzv təşkilat var. Azərbaycan da ABU-nun tamhüquqlu üzvüdür. İTV-nin Baş direktoru Balakişi Qasımovla görüşdüyüm üçün məmnunam. Hər ikimiz bu görüşün xeyli səmərəli keçdiyi qənaətindəyik. Cənab Qasımovla Azərbaycanla ABU arasındakı tərəfdaşlığı daha da inkişaf etdirmək yollarını, o cümlədən xəbərlər, verilişlər, texnologiyalar, idman kimi sahələrdə əməkdaşlığımızın perspektivlərini müzakirə etdik”, – deyən qonaq ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyinə, ABU-nun müəyyən tədbirlərini Azərbaycanda keçirə biləcəyinə əmin olduğunu dilə gətirib.
“Bakıya gəlməyimin məqsədi əməkdaşlığımızı daha da gücləndirməkdir. Birgə çalışmaq niyyətinin olduğunu görürəm. Niyyət varsa, bunun üsulu da tapılar. Gələcəyimizi olduqca parlaq görürəm. Azərbaycanla Asiya ölkələri arasındakı əməkdaşlığın geniş perspektivləri var. Mən də ABU-nun baş katibi olaraq bu istiqamətdə əlimdən gələni əsirgəmərəm”, – deyə ABU rəhbəri qeyd edib.

Paylaş: