Azərbaycan rejissorun zorakı səhnələrlə bol filmi tamaşaçıları şoka salıb
Tarix: 14-06-2019, 09:28



Gənc azərbaycanlı rejissor və ssenari müəllifi Rəvan Cabbarovun çəkdiyi "Aporia: Kiyamet deneyi" filminin premyerası Türkiyə və ABŞ-da keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, real zorakılıq səhnələri olan bu film sosial şəbəkələrdə böyük rezonans doğurub.
Film Azərbaycan dilində çəkilib, artıq türk dilinə tərcümə edilib və gələcəkdə ingilis dilində də təqdim ediləcək.
Müəllif Sputnik Azərbaycan-a deyib ki, filmi triller janrında çəkmək ideyası rejissorun özünə məxsusdur və bu ideya çoxdan yaranıb. İki il əvvəl o, film çəkmək üçün ssenariyə ciddi yanaşmaq qərarına gəlib.
"Mən 2013-cü ildən Azərbaycan kinematoqrafiyasındayam. Amma təəssüf ki, o vaxtdan indiyə qədər bədii film çəkmək mənə nəsib olmayıb. Dəstək olmadığından, bütün layihələrimi təxirə salmalı olmuşam. Bu dəfə risk etmək və filmi öz gücümlə çəkmək qərarına gəldim. Azərbaycanda triller janrında olan xarici filmlərə tələbat çoxdur, amma bizdə elə kinolentlər yoxdur. Məhz bu səbəbdən mən həmin istiqamətdə film çəkmək qərarına gəldim. Özü də təkcə Azərbaycan tamaşaçıları üçün deyil, həm də xarici tamaşçılar üçün", – deyə Cabbarov bildirib.
Filmin çəkilişlərinə 1 avqust 2018-ci ildə başlanıb. 2019-cu ildə isə çəkilişlər başa çatıb. Bütün səhnələr Azərbaycanın gözəl rayonlarından biri olan Şəkidə çəkilib. Filmdəki rolları Şəki dram teatrının və Zaqatala xalq teatrının kastinq yolu ilə seçilmiş aktyorları oynayır.
Baş rolları Aysel Yusibova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rəhim Qocayev, Lalə Məmməd, Taleh Ürfansoy və digərləri canlandırıb. Cabbarovun sözlərinə görə, film isti havada çəkildiyindən, onların hər biri çəkilişlər zamanı böyük əmək sərf ediblər. Bütün bunlarla yanaşı, filmdəki tryukların hamısını peşəkar kaskadyorlar deyil, artistlər özləri yerinə yetirib.
"Film 16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulub, çünki orada çoxlu zorakılıq səhnələri var. Mənim filmim səhnələrin real olması ilə fərqlənir. Hətta ona baxanda adamın tükləri biz-biz olur. Süjetə əsasən silahlı qrup üzərində yanlış təcrübə apardığı adamları məhv etməyə qərar verib. Onlar pasientləri heç kəsin olmadığı yerə gətirirlər və güllələməyə başlayırlar. Lakin heç də hər şey onların planı üzrə getmir. Hətta səhnələrə baxanda mənim özümə belə insanların incidilməsi səhnəsi dəhşətli gəlir", - deyə Cabbarov etiraf edib.
Onun sözlərinə görə, film kinematoqrafın bütün dünya standartlarına uyğun gəlir. Onun qrafikası və montajı yüksək səviyyədə edilib. Ssenari və filmin özü nəinki təkcə rejissorun gözləntilərini doğruldub, həm də türk və amerikalı kinematoqrafçılar tərəfindən on ballıq şkala üzrə maksimum səviyyədə qiymətləndirilib. Türkiyə, Amerika və bir sıra Avropa ölkələrinin kino şirkətləri bu filmi öz ölkələrində nümayiş etdirmək üçün Cabbarovla müqavilə bağlamaq arzularını ifadə ediblər.
"Filmin ilk treyleri artıq çıxıb və çox uğurlu alınıb. Onunla bağlı çoxlu sayda müsbət rəylər gəlib. Onlar sadəcə filmdən zövq alıblar və eyni zamanda şoka düşüblər. Sosial şəbəkələrdə insanlar treyleri çox səs-küylə müzakirə ediblər. Filmin hamının xoşuna gəlməsindən məmnunam. Deməli, Azərbaycan tamaşaçısı məhz bu janrda filmlərə baxmağı sevir. Əminəm ki, onlar filmi tam görəndə, daha çox zövq alacaqlar", - Cabbarov əlavə edib.
Filmin ilk premyerası iyulun 12-də Türkiyədə, sonra isə ABŞ və Avropa ölkələrində olacaq. Azərbaycanda isə film oktyabr və noyabr aylarında təqdim olunacaq. Cabbarov təqdimatın yüksək səviyyədə keçiriləcəyini bildirib. Çünki filmin treyleri artıq bütün dünyada məşhurdur.
Qeyd edək ki, ekran işi qəsəbə sakinlərinin kimliyi bəlli olmayan bir qrup silahlı tərəfindən əsir alınaraq dəhşətli işgəncələrə məruz qalmasından və öldürülməsindən bəhs edir. Silahlı təşkilat insanlar üzərində müxtəlif sınaqlar keçirməyə başlayır, lakin gözlənilməz hadisələr sınaqların uğursuzluqla başa çatmasına səbəb olur. Odur ki, üzərində uğursuz təcrübələr aparılmış insanlar qəsəbədən uzaq bir dağın başına aparılıb güllələnir. Əsas hadisələr də bundan sonra başlayır...

[media=https://www.youtube.com/watch?v=5WT-FNHSKSE&feature=player_embedded]



Paylaş: