Azərbaycanda niyə qorxu filmləri çəkilmir?
Tarix: 12-06-2019, 11:40



Azərbaycanda hazırda müxtəlif janrlarda filmlərə rast gələ bilirik. Lakin qorxu janrında çox az sayda filmlərimiz var. Bu, dünyada ən çox sevilən janrlardan biri olmasına baxmayaraq ölkəmizdə ən az müraciət edilən film janrlarındandır.
 
Azərbaycanda ilk qorxu filmi olan “Xənnas”ın rejissoru Elvin Abdulla Primetime.az-aaçıqlamasında ölkədə qorxu filmlərinə baxılmamasının səbəblərindən danışıb. O bildirib ki, Azərbaycanda komediyadan başqa janrlar demək olar ki, yox səviyyəsindədir:
 
“Amma son dönəmlər – iki-üç il ərzində istehsal olunmuş filmlər göstərir ki, dram janrına üstünlük verilir. Filmin başqa növləri, janrları da var. Bunlardan biri də qorxu janrıdır ki, bu da Azərbaycanda yox səviyyəsindədir. Kinoteatrlara çıxan ilk qorxulu Azərbaycan filmini biz istehsal etdik. Mistik triller janrında olan “Xənnas”dan sonra bildiyim qədərilə belə bir film olmayıb. Bu, normaldır. Qərb cəmiyyətində qorxu filmləri çəkilir, baxılır. Onlarda qorxu mədəniyyəti var, ölülərlə bağlı fərqli yanaşma mövcuddur. Məsələ təkcə filmlərdən getmir. Ümumiyyətlə, insan, cəmiyyət olaraq ölümə, qorxulu hadisələrə, şeytana, iblisə, qara qüvvələrə başqa yanaşma müşahidə edilir. Məsələn, Amerikada “Halloween” – Cadugərlər günü var. Azərbaycan və Şərq mədəniyyətində isə belə bir şey yoxdur. Pis, mənfi qüvvələri yad edən, onları xatırlayan özəl gün mövcud deyil. Bu, ümumiyyətlə, İslam mədəniyyəti yayılmış bütün ölkələr, millətlərə aiddir. Bizdə daha çox insanlara yardım, humanist fəlsəfə, özündə müsbət keyfiyyətləri əks etdirən ictimai-psixoloji vəziyyət hökm sürdüyü üçün təbii ki, cəmiyyətimiz qorxu filmlərinə də maraq göstərmir. Burda dini, milli, etnik faktorlar önəmli rol oynayır”.
 
E.Abdulla qeyd edib ki, digər səbəblərdən biri filmlərin keyfiyyəti ilə bağlıdır:
 
“Filmlərin keyfiyyəti yaxşı olmadığı, qorxulu filmlər komediya filmlərinə bənzədiyi, yəni ordakı obrazlar keyfiyyətli şəkildə təqdim olunmadığı üçün insanların etimadı yoxdur. Onlar düşünür ki, qorxu filminə gedib güləcəklər, çünki normalda həmin filmlərin əksəriyyətində qorxu elementlərinə rast gəlmək olmur. Ona görə də Azərbaycanda qorxu filmlərinə baxılmır. Bu, mənim subyektiv fikirlərimdir. Digər səbəb isə filmin satış işi ilə məşğul olan mütəxəssislərin qərarı ilə bağlıdır. Məsələn, prodüserlər analiz edirlər ki, bu il 10 film istehsal edildi, bunlardan 3-ü tutdu, 7-si tutmadı. Həmin 7-sindən də 2-si heç öz pulunu belə çıxara bilmədi. Bu filmlərin janrları müəyyən edilir və görülür ki, qorxu, dedektiv filmləridir. Tutan filmlər isə adətən komediya janrında olur. Demək, insanlar gülmək istəyir. Ona görə də bu janra müraciət daha çoxdur. İstehlakçılar, kinoteatrlara gedən kütlə komediya, əyləncə, macəra filmlərinə üstünlük verir. Nəticədə prodüserlər qorxu filmlərinə pul ayırmırlar”.
 

Paylaş: