"Rəhmətlik şair Qabil deyirdi ki, “ən zəhləm getdiyim şey uşaqlara şeir oxutmaqdır”..."
Tarix: 10-06-2019, 09:06




“Özüm yetimçiliklə, nənəmin bayatılarıyla böyümüşəm. Sonra yavaş-yavaş bu mərtəbəyə çıxmışam. Bu gün pis-yaxşı milyonlarla tamaşaçım var”. 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, qiraətçi Ağalar Bayramov keçirilən qiraət müsabiqələri haqda danışarkən deyib. A.Bayramov deyib ki, insan qiraət sənətiylə doğulmalıdır, amma buna baxmayaraq təhsil də önəmlidir:

“İstər aktyorluq, istərsə də bədii qiraət sənəti insan bununla doğulmalıdır. Bəyəm M.Mirzə, İ.Əsgərov, K.Ziya, Ə.Yusifqızı kimi qiraətçilər müsabiqədən keçmişdi?! Mənim də körpəlikdən poeziyaya həvəsim olub. Amma qaldı ki, bədii qiraətdə insan üçün əsas səs və ürəkdir, üçüncü isə seçimdir, yəni heç kimi məcbur etmək olmaz ki, sən ancaq bu şeiri oxumalısan. İnsan özü oxuduğu şeiri seçməlidir ki, mən bununla cəmiyyətə, xalqıma, millətimə nə deyəcəm. Əgər bu gün bədii qiraət müsabiqələrinin keçirilirsə, təqdirəlayiqdir. Bu günə kimi nə qədər müğənni, muğam ifaçısı, qiraətçi var. Bu gün peşəkar qiraət ustalarının rəhmətə gedənlərlə birlikdə sayı heç səkkiz nəfərə çıxmır. Özüm yetimçiliklə, nənəmin bayatılarıyla böyümüşəm. Sonra yavaş-yavaş bu mərtəbəyə çıxmışam. Bu gün pis-yaxşı milyonlarla tamaşaçım var. 

Bizim vaxtımızda qiraət müsabiqələri yox idi. Şeir demək bədii qiraətçi olmaq demək deyil. İnsan tanıyıram səhərdən-axşama kimi şeirlər deyir, amma bu bədii qiraət deyil. Bədii qiraət həm də böyük bir elmdir. Bununla bağlı Azərbaycan Dövlət İncəsənət Universitetində dərs deyirəm.  Bədii qiraət müsabiqəsində tələbəm Sabirə Abdullayeva da çıxış edir, dünən imtahanda da yaxşı qiymət aldı. S.Abdullayeva çox istedadlıdır, o, artıq orta məktəbdən püxtələşib. Gələcəkdə bunu davam etdirib-etdirməməsi taleyin işidir. Qiraətçilik S.Abdullayevanın canında var. Rəhmətlik şair Qabil deyirdi ki, “ən zəhləm getdiyim şey uşaqlara şeir oxutmaqdır”. Mən də bu fikirlə razıyam. Uşaqlara məcburən muğam və şeir oxutdururlar. Poeziyanı, sözaltı mənanı dərk etmək üçün böyük ömür lazımdır. 23-24 yaşım olan illərimə qayıdanda baxıram ki, İlahi, nə qədər səhv etmişəm.  

1983-cü ildə üçüncü kursda oxuyurdum və universitetin yeməkxanasında söhbət edərkən birdən Azərbaycan Televiziyasında  “Ozan” verilişinin rejissoru Əmirhüseyn Məcidov mənə dönüb dedi ki, “sənin nə gözəl səsin var”. Sonra məni efirə çağırdı və bununla da çıxışlarım başladı. Bədii qiraətdə insanın bütövlüyü lazımdır. Tamaşaçıya söz deməlisən. Sən əgər tamaşaçıya söz deyəndə o, durub gedirsə, demək sən sözlə iş görmürsən. Xalq şairi F.Qoca mənim haqqımda bir məqaləsində deyirdi ki, “Ağaların görüşünə məişət, ailə qayğısıyla gələn, dövlət, vətən qayğısıyla evinə qayıdır”. Bu baxımdan bədii qiraət müsabiqəsi keçirməklə qiraətçilərin sayının artacağına ümid etmək olmaz”. 


Paylaş: