"Maddi çətinlik olduğu üçün Heydər Əliyev Fonduna müraciət etdik"
Tarix: 1-06-2019, 08:44



Ötən gün Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistinin səhhəti ilə maraqlanıblar. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub. Məlumata görə avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.
“Ailəmizə göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü  bildiriririk”. Bu barədə xalq artistinin qızı Xədicə Əzizbəyli “Yeni Müsavat”a açıqlamasında deyib. O, qeyd edib ki, avtomobil hədiyyəsi atası üçün gözlənilməz olub və o, buna çox sevinib: “Əməliyyatdan sonra 5 aydır ki, atam evdə ambulator müalicə alır. Maddi çətinlik olduğu üçün Heydər Əliyev Fonduna müraciət etdik.

Çox sevindirici haldır ki, müraciətimizə tez bir zamanda reaksiya verildi və fondun nümayəndələrinə evimizə gələrək həm atamın səhhəti, həm də yaşayış vəziyyəti ilə yaxından tanış oldular. Bizə bildirildi ki, yaxın vaxtlarda evimiz təmir ediləcək. Avtomobil hədiyyəsi isə atamız üçün çox gözlənilməz oldu. Atam buna görə çox sevindi. Avtomobil, idarə edə bildiyim üçün mənə verildi, amma təbii ki, atama məxsusdur”.

Xədicə Əzizbəyli dedi ki, atasının səhhətində hələlik dəyişiklik yoxdur:
“5 aydır ki, evdə müalicə alır və həkim nəzarəti altındadır. Şəkər xəstəsi olduğu üçün müalicəsi ağır gedir”.

Paylaş: