Oyunun nəticəsindən asılı olmayaraq Azərbaycan qalibdir - Sənan Şəfizadə
Tarix: 29-05-2019, 17:04



İdman icmalçısı Sənan Şəfizadə bu gün baş tutacaq Avropa Liqasının final oyunu ilə bağlı AzNews.az-ın suallarını cavablandırıb.
- Bu gün baş verəcək final oyunu ilə bağlı nə deyə bilərsiniz? Sizcə bu oyunun Azərbaycan üçün əhəmiyyəti nələrdir?
- İlk olaraq bu günkü futbol bayramı münasibəti ilə hamını təbrik edirəm. Bu gün keçiriləcək oyun ölkə üçün çox böyük təbliğatdır. Final matçına çox böyük diqqət var. Nəzərə alaq ki, çoxsaylı media işçiləri bu məqsədlə Bakıya gəlib. Oyun 50-dən çox ölkədə canlı yayımlanacaq. Bu oyunun Bakıda keçirilməsi həm də azərbaycanlı azarkeşlər üçün mükəmməl fürsətdir. Avropa Liqasının final matçının Bakıda keçirilməsi sözün əsl mənasında bir futbol bayramıdır. Çünki iki ən güclü komandanı burada izləyəcəyik. Qitənin iki ən güclü, nüfuzlu turnirinə biz öz şəhərimizdə baxacağıq, qalibi, çempionu birlikdə izləyəcəyik. Ən əsası bu oyun Azərbaycan idman tarixində ən böyük və nüfuzlu tədbirlərdən biri olacaq. Bu tədbirə milyonlarla insanın diqqəti yönəlib. Kənardan asan görünsə də, Azərbaycan bu finala bir ildən çoxdur hazırlaşır. Ümid edirəm ki, yüksək səviyyədə də yekunlaşacaq. Bakıya çoxlu sayda qonaqlar, ulduz futbolçular gəlib. İllər sonra finalın videosuna baxanda biz necə möhtəşəm bir oyuna ev sahibliyi edəcəyimizi görəcəyik.
- Sizcə, nəyə görə oyundan əvvəl xarici mətbuat Azərbaycanla bağlı neqativ fikirlər söyləyib?
- Xarici media Azərbaycanın idman dövləti olduğunu bilir, qəbul edir. Bəzi yalan yazılar sırf finalçılardan biri, "Arsenal" komandasının yalan-böhtan tipli açıqlamalarından sonra başladı. Düzdür, bu finaldakı qələbə hər iki komanda üçün çox vacibdir. Amma "Arsenal" uduzarsa, çox şey itirəcək. Söhbət böyük pullardan gedir, eyni zamanda öz titulunu itirəcək. Komanda mümkün vasitələrdən, hər şeydən istifadə etməyə çalışdı və buna müəyyən mənada cəhd göstərdi. Sözün əsl mənasında, qarayaxma kampaniyasına başladı. Mən əminəm ki, erməni futbolçu Mxitaryan əvvəlcədən Bakıya gəlməyəcəkdi. Sadəcə olaraq, bəzi qüvvələr ondan istifadə etdi. Amma bu qarayaxma baş tutmadı. Adi bir detalı qeyd edək, hansı ki, futbol azarkeşləri bunu daha yaxşı bilir. Mxitaryan "Arsenal" üçün əsas oyunçu deyil. Bəli, komandanın heyətində yer alıb, amma əsas oyunçu deyil. Bir məlumata baxın, bu futbolçu cari mövsüm "Arsenal"da start heyətdə oynamayıb. Həmişə ehtiyatda oturub. "Arsenal"ın bu oyunu qazanması üçün Mxitaryana ehtiyacı yoxdur. Sadəcə olaraq, "Arsenal" bundan istifadə etdi. Niyə istifadə etdi? İdmana, futbola təzyiq var. Bununla müəyyən mənada "Çelsi"yə və ya başqa adamlara təziq etmək istədi. Sanki "Arsenal" təbliğat meydanında mübarizə apardı. Lakin "Arsenal" bunu yaşıl meydanda etməli idi. Onun öz taleyinə də təzyiq olacaq. "Arsenal"a birinci gündən rəhbərlik deyib ki, mütləq çəkildə bu turnirdə iştirak edirsə, başqa nəticə ola bilməz. Adi bir misal deyək. "Çelsi" komandası mövsümü üçüncü yerdə bitirib. Yəni, "Çelsi" finalda uddu ya uduzdu gələn il sentyabr ayının əvvəlində Çempionlar Liqasında iştirak edəcək. "Arsenal" isə İngiltərə çempionatını beşinci yerdə bitirib. Beşinci yer Çempionlar Liqasına vəsiqə vermir, yenə Avropa Liqasında oynayacaq. Ona görə "Arsenal" çox təlaş içindədir. Bu oyundakı məğlubiyyətlə çox şey itirə bilər. "Arsenal" mümkün qədər yalanlardan istifadə etməyə çalışdı. Çünki rəhbərlik komandasının qazanmağını istəyir. Mxitaryan onların ən zəif oyunçularıdır, ondan istifadə olundu. O, özü də yalan danışdı. Necə olur ki, bu ölkədə erməni oyunçular gəlib iştirak edirlər, hətta medal da qazanırlar, heç belə populyar olmurlar. Eyni zamanda, "Arsenal" Bakıya gəlib, "Qarabağ"a rəqib olub. Niyə "Arsenal" həmin zaman bu “yalançı ajiotaj”ı yaratmadı? Deməli, bu, hazırlanmış bir plan idi. Hər ikisi eni şəhərdən gəlir, amma görün "Çelsi" özünü necə zadəgan kimi aparır. Yalanın da necə yalan olduğunu hamı gördü. Yüzdə-yüz sabah səhər bilinəcək. Necə? Final bitsin, çoxlu sayda bloggerlər, jurnalistlər, hamısı görəcək ki, biz finalı necə keçiririk. Sadəcə olaraq, "Arsenal" çox gülünc və özünə yaraşmayan açıqlamalar verdi. Bununla da o, çox şey itirdi. Nəyi itirdi desək, azərbaycanlı fanatların çoxu məhz "Çelsi"yə azarkeşlik edəcək.
- Final oyununun ölkəmizdə keçirilməsində hansı meyarlar nəzərə alınıb?
- UEFA istəyir ki, bu oyunu yaxşı keçirsin. Ona görə bir neçə detalı mütləq şəkildə nəzərə alıb. Finalı bizə verməmişdən öncə UEFA özü əvvəlcədən gəlib məkana, hava limanına, infrastruktura, nəqliyyata, şəhərə baxıb. Sabitliyə, idmanı çox sevdiyimizə və ən əsası möhtəşəm stadiona görə final oyununun məkanı kimi bizi seçib. UEFA-nın etimadını doğruldan ölkə istənilən yarışı, tədbiri keçirə bilər. Məlumat üçün deyim ki, artıq biletlər tükənib. Bu o deməkdir ki, növbəti rekorda imza atacağıq. Onu da bildirim ki, axşamkı oyunda Avroliqada ilk dəfə olaraq qolun və epizodun təkrarı olacaq. Ona görə ki, hakimin otağında 24-ə yaxın televizor quraşdırılıb. Onu da qeyd edim ki, Moskva finalında azarkeşlərin iştirak sayı 52000 idi. Amma axşamkı oyunda 68000 adamın iştirakı gözlənilir. Bu da Avropa Liqası tarixində bir ilkdir.
- Sizin təxminlərinizə görə oyun necə başa çatacaq?
- İngiltərə futbolu çox güclü inkişaf edib. Çempionlar Liqasının finalçılarının ikisinin də oradan gəlməsi təsadüfi deyil. Mən nə "Arsenal", nə də "Çelsi" azarkeşiyəm. Amma futbol adamı kimi, futbol ailəsinin üzvü kimi təbii ki, mən də axşam oyuna baxacam və könül istər ki, "Çelsi" qalib gəlsin. "Çelsi" özünü ilk gündən zadəgan, aristokrat kimi aparır. Mən əminəm ki, "Çelsi"nin axşam vuracağı hər qola ən azı 20000 adam sevinəcək. Düzdür, "Qarabağ" komandasına vurulan qollarla bizi çox incitdilər. Amma "Çelsi" qalib gəlsə, həm də "Arsenal"a yerini göstərmiş olacaq.
- Bir neçə gün əvvəl “Stadiona Azərbaycan bayrağı ilə gedək!” aksiyasına başladınız. Bu haqda nə deyə bilərsiniz?
- Mən uşaqlıqdan futbola baxıram və Azərbaycan bayrağını stadionda görəndə çox sevinirəm, qürur hissi yaşayıram. Bu dəfə isə final matçı doğma Bakıda keçirilir, gəlin stadiona daxil olanda əliboş deyil, bayraqla gedək. Bayrağımız 50-dən çox ölkədə canlı yayımda görünsün. Bayraqlarımız dalğalansın və hamı görsün ki, final oyunu Azərbaycanda keçirilir. Çünki axşamkı oyunun nəticəsindən asılı olmayaraq Azərbaycan qalibdir. Azərbaycan bu oyuna yüksək səviyyədə hazırlaşmaqla artıq qalibdir.

Paylaş: