“Azərbaycan olmayan bir dünyanın varlığı nəyimizə lazımdır?!”
Tarix: 28-05-2019, 09:03




Hazırda Türkiyədə olan Xalq artisti Azərin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Xalq artisti Moderator.az-a açıqlamasında bunları deyib: 

“Cümhuriyyətimizin 101-ci ili münasibətilə xalqımızı, soydaşlarımızı, dünyada yaşayan bütün Azərbaycan türklərini təbrik edirəm. Düşünürəm ki, biz çox şanslı xalqıq, çünki öz cümhuriyyətimiz var və hazırda da buna sahibik. Şükürlər olsun ki, Azərbaycan dövləti, Azərbaycan xalqı çox böyük əziyyətlərdən keçmək bhasına olsa belə, bu cümhuriyyətə yenidən nail oldu”. 

“Bu cümhuriyyəti yaradan böyük şəxsiyyətlərimizi unutmamalıyıq. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, bütün silahdaşlarının, dava yoldaşlarının ruhunu şükranla, rəhmətlə, sayğıyla anıram. Allah onlardan razı olsun ki, bizə belə bir cümhuriyyət miras qoyublar. Uzun müddət cumhuriyyət əlimizdən alınsa da, yenidən bunu xalq, dövlət olaraq bərpa etmişik. Ona görə də bu cümhuriyyətimizin qədrini bilməliyik ki, daima yaşasın. Əli bəy Hüseynzadə demişkən, Azərbaycan bayrağı daim başımızın üzərində dalğalansın. Görün bu bayraq, bu torpaq,  bu cümhuriyyət üçün biz nə qədər şəhid vermişik. Bütün bunlar Azərbaycanın tarixidir və biz bu şərəfli tarixi unutmamlıyıq”, - deyə o vurğulayıb. 
Xalq artisti qeyd edib ki, cümhuriyyətimizin qədir-qiymətini bilməklə yanaşı, daha da çiçəklənməsi üçün çox çalışmalıyıq: “Xəritədə bizim də bir yerimizin olması böyük xoşbəxtlikdir. Azərbaycan olmayan bir dünyanın varlığı nəyimizə lazımdır?! Azərbaycanın varlığı, cümhuriyyətimizin yaşaması üçün də hələ çox işlər görməliyik. Elə etməliyik ki, bu millət, bu dövlət, bu dövlətçilik inkişafa doğru getsin. Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi: “Sən mənimsən, mənimsən durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan””. 
Onu da nəzərə almalıyıq ki, bu cümhruyyətimizin varlığına görə neçə aydınımız canından keçib, nə qədərinə öz vətənində torpağa tapşırılmaq qismət olayıb. Türkiyəni özlərinə vətən biliblər, Türkiyəni də özlərinə əbədi məkan seçiblər, burada torpağa tapşırılıblar. Allahdan hər birinə rəhmət diləyirəm. Nə yaxşı ki, belə əcdalara sahibik” – o deyib.
Azərin xanım bu günlərdə ölkə başçısı tərəfindən fəxri adlara layiq görülmüş sənət yoldaşlarını, həmçinin şairləri də təbrik edib: “Fəxri ad alanların siyahısında Ramiz Rövşənin adını görəndə çox sevindim. Zatən o, xalqın şairi idi, şükür Allaha ki, qəlbimizdə xalq şairi olaraq yaşatdığımız Ramiz Rövşənə Prezident belə bir ünvanı verdi. Ramiz müəllim bu adı çoxdan haqq etmişdi, o, bizimçün elə gözəl bir miras qoyur ki, bu miras yüz illər boyunca oxunacaq. Həmçinin Musa Yaqubun Xalq şairi adını almasına çox sevindim. Onu da ürəkdən təbrik edirəm, Allahdan ona can sağlığı arzulayıram”. 
“Sənət dostlarımı – İlqar Muradovu, Cavan Zeynallını təbrik edirəm. Adlarını sadalamadığım şəxsləri də səmimi qəlbdən təbrik edirəm. Təbii ki, bu, dövlət tərəfindən sənətkara diqqətdir. Dünyanın çox yerində sənətkarlara belə diqqət yoxdur. Fəxri adların verilməsi  çox təqdirəlayiq addımdır. Bu nəcib addıma görə də Prezidentimizə təşəkkür edirəm” – Xalq artisti bildirib.


Paylaş: