"Səməndər Rzayev kimi nəhəng sənətkar xalq artisti olmadı..."
Tarix: 28-05-2019, 08:57



Yazıçı Xeyrəddin Qoca bir neçə gün öncə saytımıza açıqlamasında hələ də xalq artisti fəxri adı almamasına görə gileylənən əməkdar artist, qiraətçi Ağalar Bayramovun fikirlərinə münasibət bildirib. 

Yazıçı Moderator.az-a açıqlamasında bildirib ki, Ağalar Bayramov ruhdan düşməsin, əvvəl-axır haqq öz yerini tapacaq:
 
"Ədəbiyyat və incəsənət xadimləri təltif olunanda sosial mediada tanıdıqlarımı da, tanımadıqlarımı da təbrik etdim ki, heç kimi yaddan çıxarmayım. Diqqətli oxucular yəqin ki, "tanımadıqlarımı da" sözü haqqında bir anlıq düşündülər. Bəli, onların içərisində mənim də, başqlarının da tanımadıqları var. Lakin bu o demək deyildir ki, onlar fəxri adlara layiq deyillər! Məni də çox adam tanımır.

Həmin gün tanıdığım hörmətli bir şəxs mənə zəng vuraraq soruşdu ki, "təltif olunanların içərisində sən niyə yoxsan?" Cavabım belə oldu: "Mən niyə məhz onların içərisində olmalıydım ki?"

Sonra sual-cavab davam etdi ki, 60 yaşınızda da, 65 yaşınızda da təltif etmədilər. 6 aydan sonra 70 yaşınız tamam olacaq.
Nə olsun, mən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüyəm, "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenim var. Bəlkə 70 yaşımda da məni xatırlayacaqlar.  Yada salsalar da sağ olsunlar, yada salmasalar da. 

Bu günlərdə əməkdar artist Ağalar Bayramov Moderator.az saytında "Şəmistanla kəndə getsək bizim qarşımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?" adlı məqaləsini oxudum. Bəli, Ağaları hamımız sevirik və ona xalq artistı fəxri adı verilsə, heç kim etiraz etməz. Çünki o qədər şeiri əzbərləyib xalq qarşısına çıxmaq asan deyil. Üstəlik, o həm də müəllimdir, gələcəyin sənətçilərini yetişdirir. "Dolayı yolla fəxri ad alanlar" ifadəsi də doğrudur. Çünki insanlar görürlər ki, layiq olanlar çox vaxt kənarda qalırlar. Yeganə səbəb də odur ki, fəxri ada təqdim olunanları təqdim edənlər ədalətli şəkildə təqdim etmirlər. Ömrümüz boyu da belə ədalətsizliklərin şahidi olmuşuq! 

Yadınızdadırsa, Səməndər Rzayev kimi nəhəng sənətkar  xalq artisti olmadı. Çoxlu belə insanların adını çəkmək olar. Kiminsə kimdənsə xoşu gəlmir, nə olsun? Adam pul deyil ki, hamının xoşuna gəlsin! Bəs filankəsin xidmətləri niyə unudulur? Onun sənətkarlığı, yaradıcılığı və yaxud dövlətçilik uğrunda canını  əsirgəməməsi niyə qiymətləndirilmir? Axı, hamı görür kim kimdir? Önəmli olanı vaxtında dəyərləndirmək lazımdır ki, ömür gedir. Musa Yaqub 30 il bundan əvvəl Xalq şairi idi, hələ indi rəsmiləşib. Ona görə də dostumuz Ağalar Bayramova demək istəyirəm ki, niyə tələsirsiniz? Vaxtı gələndə məsləhət bilinsə siz də əsil qiymətinizi alarsınız.

Heç kim orden, medal üçün yaşamamalıdır. Adam var ki, təltif üçün, öləndə Fəxri xiyabana düşmək üçün ölür, gündə min sifətə girir! Özü də bir orden alan kimi ikincisinə, üçüncüsünə göz dikir! Çünki, görür ki, Şöhrət ordenindən sonra Şərəf ordeni, ondan sonra da İstiqlal ordeni verilir! Daha fikirləşmir ki, o bu ordenlərə layiqdirmi? "Filankəsə niyə verdilər, mənə vermədilər?" Belə düşüncə ilə yaşamaq olarmı? Dövlətlə, dövlət başçısının təltifləri ilə razılaşmaq lazımdır. Layiq olanlar əzəl-axır yada düşürlər. Bəli, o da yaddan çıxmamalıdır ki, hər şey vaxtında qiymətlidir.

Deməli, təltif olunanların içərisində hamının tanımadığı adamlar da var. Buna baxmayaraq, onların həyatda etdiklərini şübhə altına salmaq olmaz. Bir sözlə,  orden, medal üçün tələsmək lazım deyil.
19 il ailəmlə kirayədə yaşayandan, 5 il mənzil növbəsində gözləyəndən sonra mənim evimi başqasına verdilər, özümü də işdən uzaqlaşdırdılar. Nə şikayət etdim, nə də hay-küy saldım. Az sonra cənab Prezident mənə ev də verdi, təqaüd də! Haqq-ədalət  əzəl-axır öz yerini tapır".

Paylaş: