““Dolu”da cəmi üç dəfə görsənir, amma elə bil bütün film Fuad Poladovun üstündə qurulub...”
Tarix: 25-05-2019, 09:08



Dünən xalq artisti Fuad Poladovun doğum günü idi. F.Poladov 1948-ci il mayın 24-də anadan olub. Çox təəssüf ki, o, 2018-ci il mayın 4-də xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun yaddaqalan rollarından biri də millət vəkili, yazıçı Aqil Abbasın yazdığı “Dolu” əsərinə çəkilən filmdə oynadığı katib roludur. 

Bu münasibətlə yazıçı Aqil Abbas Moderator.az-a açıqlamasında F.Poladovun “Dolu” filminə dəvət olunmasının tarixçəsindən danışdı:

“Fuad Poladov təkcə Azərbaycanın yox, dünyəvi bir aktyor idi. O, böyük sənətkar idi, sadəcə olaraq biz balaca ölkə olduğumuza görə bəzən bizim şairlərimiz, sənətkarlarımız, bəstəkarlarımız da ölkədən çıxa bilmir, yəni dünya səviyyəsində qəbul oluna bilmir. F.Poladovun haqqında danışmaq mənə çox çətindir. Onunla dostluq yox, yoldaşlıq etmişəm, xoş münasibətlərimiz olub. Mən onu dost sayırdım, amma o, məni dost sayırdı deyə bilmərəm. Bir növ Azərbaycanda səslər olub. Hər aktyorun səsi olmur. Məsələn, Məmməd Rza Şeyx Zamanovun, Mehdi Məmmədovun, Hökümə Qurbanovanın səsi. F.Poladov həm də səsiylə böyük idi. Ağdamda belə bir deyim var ki, “Qədirin söyüşü də xoşdur”, yəni o, söyəndə də ləzzət eləyir. F.Poladov söysə də ləzzət eləyərdi. Azərbaycan teatrında ondan olmayacaq. Məni ən çox narahat edən odur ki, F.Poladov kimi dünyadan gedən aktyorlarımızın yerini doldura bilmirik.  

F.Poladov “Dolu” da epizodik bir rol oynayır, yəni böyük rol deyil. Cəmi filmdə üç dəfə görsənir, amma elə bil bütün film F.Poladovun üstündə qurulub. Budur F.Poladov. Onu filmə rejissor Elman Cəfərov dəvət etmişdi. Film rejissorun olduğuna görə onun seçiminə həmişə hörmətlə yanaşırdım. E.Cəfərov qeyri-adi dərəcədə gözəl seçim etdi. Orda mübahisəli bir məqam oldu və mənə dedilər ki, bunu Fuad Poladova deyim, mən dedim ki, bunu deyə bilmərəm. Ona bunu belə et deyə bilməzdim. Nəyi necə etməyi o, min dəfə məndən gözəl bilir. Onun ilk rollarında biri “İstintaq davam edir” filmində Səlim roludur. O, “Şah Qacar” rolunu möhtəşəm oynadı və çox heyf ki, sonradan teatrdan küsüb getdi. Mən bu tamaşaya baxanda dəhşətə gəldim. Çünki indiyə kimi bizə Qacarı pis obraz kimi təqdim etmişdilər. F.Poladov Hamlet Xanızadə, Mehdi Məmmədov kimi aktyorların səviyyəndə olan aktyordur”.

Paylaş: