Nataliya Şarovskayanın yubileyi "Milyonçu qadın"la baş tutub
Tarix: 20-05-2019, 15:27



Ötən gün Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Bernard Şounun "Milyonçu qadın" əsəri əsasında hazırlanan yeni tamaşanın premyerası olub.
Open.az xəbər verir ki, tamaşa xalq artisti Nataliya Şarovskayanın yubileyinə həsr olunub.
Nataliya Şarovskaya tamaşada baş rolu milyoner qadın - Epifaniya Onizanti di Parerqanı canlandırıb.
Tamaşadan əvvəl mətbuat nümayəndələrinə açıqlama verən baş rolun ifaçısı, Xalq artisti Nataliya Şarovskaya bildirib ki, Aleksand Şarovski ilə uzun zaman yubileyə hansı əsəri hazırlayacaqları barəsində düşünüblər. Hər ikisinin ümumi razılığı nəticəsində komik əsərin səhnələşdirilməsi üzərində qərara verilib.
"Bu dəfə şən əhvallı tamaşa oynamaq qərarına gəldim. Ötən yubileyimdə faciə səhnələşdirilmişdi. Bu dəfə komediya ilə tamaşaçılarımızın görüşünə gəldik.Və bu komediyada ifa etdiyim qəhrəmanla mənim xarakterimdə oxşar cizgilər var. Tamaşada gözəl tərəf müqabilləri ilə çalışmışam. Ümid edirəm ki, tamaşaçılar da "Milyonçu qadın"ı çox bəyənəcəklər.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti və teatrın baş rejissoru Aleksandr Şarovski iki aylıq gərgin məşqlərdən sonra tamaşanın ərsəyə gəldiyini deyib.
Əsərdə əsas kişi obrazını ifa edən əməkdar artist Salman Bayramov isə Bernard Şounun hər zaman müasir olduğunu və tamaşada ifa etdiyi qəhrəmanının bugünki, cəmiyyətlə "ayaqlaşdığını" bildirib: "Tamaşada alfons kişi obrazını ifa edirəm. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə belə kişilər daha da çoxalıb. Təəssüf ki, belə kişilər hər dövrdə olub və var. Arzu edirəm ki, bizim tamaşanı izləyənlər özləri üçün dərs götürsünlər."
Qeyd edək ki, Tamaşanın quruluşçu rejissoru, xalq artisti, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, bədii tərtibatı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, video tərtibatı Cavid İmamverdiyev, kostyumlar əməkdar mədəniyyət işçisi Olqa Abbasova, xoreoqrafiya Raulya Türkana aiddir.
"Milyonçu qadın"da əməkdar artistlər Salman Bayramov, Fuad Osmanov, aktyorlar Oleq Əmirbəyov, Medina Mullayeva, Zaur Terequlov, Nadir Əbdürrəhimbəyov, Murad İsmayıl, Fatima Əliyeva və başqaları çıxış edib.




Nataliya Şarovskayanın yubileyi Milyonçu qadın
Nataliya Şarovskayanın yubileyi Milyonçu qadın
Nataliya Şarovskayanın yubileyi Milyonçu qadın

Paylaş: