İsraildə bayrağımıza hörmətsizlik kimin günahıdır?
Tarix: 17-05-2019, 15:41



Bayrağımızın rənginin səhv göstərilməsi Avroviziya-2019 mahnı müsabiqəsində mətbuat konfransını həyata keçirən təşkilatçılarının səhvidir.
Bunu beynəlxalq mahnı müsabiqəsində bayrağımızın yanlış göstərilməsinə münasibət bildirən İctimai Televiziyanın mətbuat katibi Aynurə Asimqızı Kult.az-a bildirdib. O qeyd edib ki, Azərbaycan nümayəndə heyəti məsələyə iradını bildirib və səhv düzəldilib:
“Bayrağımız qəsdən elə qoyulmayıb, konfrans təşkilatçılarının səhvidir. Bizim heyət buna iradını bildirdikdən sonra düzəldilib. Bunun şəkilli sübutu da var. Düşünürəm ki, bu o qədər də böyüdüləcək bir şey deyil”.
Qeyd edək ki, İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avroviziya-2019 mahnı müsabiqəsində ölkəmizin adının qeyd olunduğu lövhəyə bayrağımız tərs vurulub. Bu görüntülər sosial şəbəkədə sərt tənqid olunub.
Avroviziya mahnı müsabiqələrində keçirilən mətbuat konfransları iştirakçı ölkənin nümayəndə heyəti tərəfindən təşkil olunur. Yəni texniki məsələlər yarışmanı keçirən ölkəyə aid deyil. Sözügedən faktda bayrağımızın tərs vurulmasına nəzarəti də Avroviziya komandamız həyata keçirməli idi.
Xatırladaq ki, Azərbaycanı yarışda Çingiz Mustafayev "Truth" mahnısı ilə təmsil edir. O, finala vəsiqə qazanıb.

Paylaş: