Tanınmış aktyor Fazil Salayevin doğum tarixidir
Tarix: 1-09-2017, 12:15


Azərbaycanın tanınmış aktyoru Fazil Salayevin doğum tarixidir.
UlduzumSan.Az-ın məlumatına görə, Fazil Salayev 1931-ci ildə Bakıda anadan olub.  
Orta məktəbi yaxşı qiymətlərlə bitirmiş Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.
Sonra Mədəniyyət və İncəsənət Universitetini  bitirmiş F.Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq işinin dəyərləndirilmədiyini görüb Musiqili Komediya Teatrına üz tutur.
Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kino aktyoru  kimi məşhurlaşıb. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edib. Cəmi bir il sonra isə o, rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu oynayıb. Daha sonra  "Alma almaya bənzər" filmində Mehdi, "Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" Fazil, "Dərviş Parisi partladır" filmində Qulaməli kimi yaddaqalan obrazlar yaradıb. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kino jurnalında müxtəlif tipajlar yaratmağa nail olub. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd obrazı isə onun istedadını başqa tərəfdən üzə çıxarıb. 
Sənətkar 1976-ci il iyunun 20-də 44 yaşında vəfat edib.

Paylaş: