“İstənilən şəxs indiki internet dövründə özünü daim kameranın qarşısında hiss etməlidir...”
Tarix: 14-05-2019, 09:15




Artıq bir neçə müddətdir ki, məktəblərimizdə şagirdlər tərəfindən müxtəlif məzmunlu videolar paylaşılır. Məsələn, müəllimin şagirdi döyməsi, şagirdlərin dərs zamanı rəqs etməsi və s. Elə bir neçə gün öncə dərsdə rəqs edən şagirdlərin görüntülərinin mediada yayılmasından sonra məktəbin müəllimi işdən kənarlaşdırıldı. Sanki bunu kimlərsə qəsdən yayırlar. 

Professor Qulu Məhərrəmli Moderator.az-a açıqlamasında bildirdi ki, internetin yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə hamı özünü kamera qarşısında hiss etməli və işində diqqətli olmalıdır:

“Şübhəsiz ki, bütün davranışların psixoloji bir əsası var, amma informasiya baxımından düşüncəm bundan ibarətdir ki, istənilən şəxs indiki internet dövründə özünü daim kameranın qarşısında hiss etməlidir. Bunların hamısının ictimai məsuliyyəti hiss olunmalıdır, çünki hamının əlində mobil telefon var, hamı bunu çəkə bilir. Bunun pis və yaxşı cəhətləri var. Yaxşı cəhəti odur ki, insanda məsuliyyəti artırır. Pis cəhəti isə odur ki, bir çox hallarda arzuolunmaz situasiyalar çəkilir və bunlar da internetdə yayılır və s. Hesab edirəm ki, həm də insanlar arasında bir-birilərindən xoşları gəlmədikləri üçün bir psixoloji müharibə gedir. Bunlar ayrı-ayrı hadisələrdir və bunlar haqda ümumi danışmaq olmaz. Məncə bu tendensiyanın artmasının özü pisdir. Yəni o şeyin ki, ciddi ictimai əhəmiyyəti yoxdursa, onu intertendə yaymaq da mənasızdır. Mənə elə gəlir ki, bununla bağlı pedaqoqlar, psixoloqlar, məktəb həyatını öyrənən insanlar ciddi təhlillər aparıb müəyyən nəticəyə gəlməlidirlər. Bunlar niyə baş verir? Niyə yayılır? Burda məqsəd nədir? Düşünürəm ki, sualların cavabını üzə çıxarmaq çox vacibdir”. 


Paylaş: