"Məhz onun bu cəsarətli çıxışından sonra Rusiya həbsxanalarında gizlin oğurlanaraq saxlanılan qeyrətli oğullarımız azad olunaraq vətənə qaytarıldı"
Tarix: 11-05-2019, 09:48



Dəyərli dostlar, dəyərli bəstəkarımız Arif Məlikovun vəfat etməsi məni də çox kədərləndirdi. Həyatda cəmi bir dəfə görüşümüz olmuşdu.

Deməli, bildiyiniz kimi 20 yanvar 1990 - cı il Sovet Ordusunun hərbi hissələri Bakı və Azərbaycanın bir çox bölgələrinə hücum etməklə qanlı qırğınlar törətmiş , xalqın önündə gedən qeyrətlı oğulları isə KQB həbs edərək Rusiyanın ən dəhşətlı təcridxanalarında fiziki və mənəvi işgəncələrə məruz qoymaqla azadlıq mübarizəsinə, torpaqların müdafiəsinə qalxmış xalqın gözünü qorxutmaq istəyirdı. Rusiya həbsxanalarında saxlanılanların sayı 800 - dən çox idi. Onların yeri isə çox məxfi saxlanılırdı.
Həmin vaxt Cəbrayıldan mən, Xanış Mehdiyev, Məhəmməd Qurbanov, Ağdamdan Camal Əhmədov , Şuşa televiziyasının aparıcısı Vidadi Bağırov ( o və Məhəmməd müəllim sonralar vəfat etdi. Ruhları şad) Novoçerkask təcridxanasında saxlanılırdıq. Biz Cəbrayıl camaatının və pəis Rəşid Məmmədovun təkidli tələbindən sonra azad edidik. Camal və Vidadı isə orda qaldı. Camal və Vidadi haqda ailələrinə xəbər verdikdən sonra Bakıya gəlib rəhmətlik ELÇİ BƏYLƏ görüşüb başımıza gələnlər haqda ona məlumat verdim. BƏY o vaxt faciə ilə əlaqədar yaradılmış deputat - istintaq qrupunun müavini AXC Ali məclisinin sədri Tamerlan Qarayevlə danışdı və məni qəbul etməsini xahiş etdi. 
Tamerlan bəylə görüşüb başımıza gələnləri ona danışdım və izahat verdim. Tamerlan bəy Arif Məlikovu dəvət etdi və böyük bəstəkar diqqətlə mənı dinlədi və dedi:
- Bir neçə gündən sonra SSRİ xalqlarının 2-ci qurultayı başlayır. Bu məsələni mütləq orda qaldıracağam.
Döğrudan da həmin iclasda Arif müəllim Bakı qırğını haqda çox sərt danışdı və dedi: 
- Bakıda törətdikləriniz bəs deyilmiş kimi, 800 yüzdən artıq azərbaycanlını oğurlayıb Rusiyada saxlayırsınız. Azərbaycan xalqı onların azad olmasını tələb edir!
Qorbaçov: 
-Burda yalan danışmaqla fikri çaşdırmayın! Əlinizdə fakt varsa, buyurun!
Arif müəllim öz yerindən qalxıb tribunaya qalxıb mənim və digərlərinin Azərbaycan Ali Sovetində yararadılmış deputat - istintaq komissiyasına verdiyimiz izahatların bir neçəsini deputatlara göstərdi. 

Arif müəllimin vəfatını eşidəndə bu hadisələr gözümün qabağına gəldi. Məhz onun bu cəsarətli çıxışından sonra Rusiya həbsxanalarında gizlin oğurlanaraq saxlanılan qeyrətli oğullarımız azad olunaraq vətənə qaytarıldı. Dünən və bu bu gün nə qədər cəhd etsəm də, həmin kadrları tapa bilmədim ki, sizə təqdim edim. Hər halda mən öz borcumu yerinə yetirib xalqımızın bu böyük oğlu barədə bir xatirəmi bölüşdüm. Ruhun şad, məkanın cənnət olsun, Arif müəlllim!!!

Vaqif Əlisoy, Qarabağ Qazisi

Paylaş: