"Ölməyib, gözəgörünməzə qovuşan" adamın xatirəsinə
Tarix: 3-05-2019, 15:31



Mən güllü bir may səhəri doğulmuşam
Bəlkə, getdim bir yanvar axşamı
Tabutuma ipək salmayın!
Dəfnimə toplamayın izdihamı
Ancaq o həzin axşam, məni yalqız qoyub
əbədi sükut evində, qayıdanda geri,
açın, taybatay açın, otağımda pəncərələri!


Güllü bir may səhəriydi. Mayın 24-nə 19 gün qalırdı. 19 gündən sonra 70 yaşına qədəm qoyacaq ustadın ruhu, mayın 5-də yorğun bədənini tərk elədi...

Həmin an nə yaşadığımı, nələr hiss etdiyimi sözlə çatdıra bilmirəm. Son dəfə telefon söhbətimizdə mənə dediyi sözləri xatırladım. "Darıxma. Möhkəm ol. Sağalacaqsan. Sən mütləq sağalmalısan..."
Bu sözləri mənə çətinliklə deyən Fuad müəllimin cismani yoxluğunun 1 ili tamam olur.
Ruhu ilə daima həmsöhbət olduğum Fuad Poladovu bir də onların dilindən dinləmək istədim.
Bu gün mən susuram. Onlar danışır...
Fuad Poladovun əziz xatirəsini yad edirlər:

Cahangir Novruzov (Azərbaycanın xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru)
"Fuad Poladov - Azərbaycan aktyorunun əxlaqının, şəxsiyyətinin örnəyidir"
Ölməyib, gözəgörünməzə qovuşan
Fuad haqqında uzun-uzadı danışa bilərəm. Yenə də bitməz. Çünki o, insanın xarakteri, duruşu, özəlliklə dik duruşu bizim təhtərşüurumuzda və düşüncəmizdə, üstəlik vicdanımızda çox nöqtələri oyandırır və bizi bir çox fikirlərə sövq edir.
Fuadı gənc yaşlarından tanıyırdım. Bizim binaya tez-tez gəlirdi. Tanışlığımız da oradan başlamışdı. Daha sonra teatr aləmində, sənət camiəsində zaman-zaman qarşılaşırdıq. Eyni teatrda çalışmadığımıza görə, tez-tez görüşmürdük. Amma bir gün, (söhbət 1992-93-cü illərdən gedir) rejissor Ələkbər Muradov "Güllələnmə təxirə salınır" filmini çəkdi. Həmin filmdə Fuadla tərəf müqabili olduq. Qarşı-qarşıya gəlib, eyni ekranı paylaşdıq. Onun ustalığından söhbət eləmək əbəsdir. Çünki Fuadın ustalığını hamı bilir.
Fuad ciddiliyi, sənətinə olan böyük hörməti, sənətinin icrasında dəqiqliyi, dürüstlüyü ilə örnək olacaq insandır. "Güllələnmə təxirə salınır" filmində çoxepizodlar var. Filmin çəkilişi bütünlüklə yaddaqalan bir proses idi. Mənim özümün də sənətimə çox ciddi yanaşmam, münasibətim, nizam-intizamım olduğu üçün Fuadın çəkiliş vaxtı və istirahət saatlarında nümayiş etdirdiyi ciddilik heç kəsə qəribə gəlmirdi. Filmdə Şəki Teatrından yaxşı tanıdığım, o teatrın sənət qayda-qanunlarını özündə yaşadan İbrahim Əliyev də çəkilmişdi. Ələkbər Muradov maraqlı aktyor ansamblı toplamışdı. Hər birimiz xüsusi ciddilik, dəqiqliklə obrazımızın daxili aləminə siraət edirdik. 1990-cı illərin əvvəli çətin vaxtlar idi. Filmə böyük şövqlə çəkilirdik. Amma heç bir puldan, qonorardan söhbət gedə bilməzdi. Bizi eyni məqsəd ətrafında toplayan yeganə qüvvə sənət idi. Ürəyimizdə sənət eşqi aşıb-daşırdı və bu enerjini harasa xərcləməliydik. "Güllələnmə təxirə salınır" filmi məhz bu dövrdə yarandı. Filmdə çox gözəl, yaradıcı atmosferdə birlikdə çalışdıq.
Fuad haqqında düşünəndə bir zamanlar atamın mənə dediyi vacib nəsihəti xatırlayıram. Rəhmətlik atam Mütəllibin teatr aləmini özümə peşə seçdikdən sonra mənə dediyi bir söz vardı. Günlərin birində atam mənə dedi ki, "Sən teatra gedirsən. Bu sənin qəti düşüncəndir. Gələcəkdə rejissor, aktyor olacaqsan. Buna söz yox. Get! Aktyor ol, artist ol, amma artist xasiyyətli olma". Rəhmətlik atamın mənə dediyi söz, verdiyi öyüd bu günə qədər qulağımda sırğa olaraq qalıb. Fuad atamın mənə vəsiyyət etdiyi kimi, eynilə o xarakterdə olan aktyor idi.
Fuad Poladovun sənətinə, şəxsiyyətinə qarşı olan mərdliyi, oynadığı rollarla öz kişiliyini, mənəviyyatını, münasibətini ortaya qoyması və həyatda, cəmiyyətin içərisində də eyni fikrə sahib olması, ömrünün sonunadək dəyişmədi. Fuad Poladov həm səhnədə, həm də həyatda əsl kişi kimi ömür yaşadı.
Bilirsiniz, Fuadın şəxsiyyəti Azərbaycan aktyorları, gələcək gənc nəsil üçün böyük örnəkdir. Mən xoşbəxtəm, çox sevinirəm və qürurluyam ki, Fuadla bir dönəmdə yaşayıb, eyni filmdə çəkilmişəm. Fuadla təmasda olanda hiss edirdim ki, biz biri-birimizi tamamlayırıq. Yaxşı yadımdadır. 2015-ci ildə Akademik Teatrda Cahangir Zeynalovun 120 illik yubileyinə həsr olunan tamaşamın məşqləri idi. Hər gün teatrda məşqlərə gəlirdim. Həmin ərəfələrdə Fuadın tamaşaları nümayiş olunurdu. Axşamlar tamaşaya gələndə hərdənbir görüşürdük. Oturub uzun-uzadı söhbət edirdik. Hərdənbir lətifələr danışırdım. Gülürdü... “Sən bunları haradan tapırsan?” deyirdi. Hərdən o, da mənə lətifə danışırdı. Deməli, mən danışanda, birini də o, mənə deyirdi. Bəzən qrim otağına gedirdim və oturub dərdləşirdik. Mənim narahat olduğum mövzuları dinləyib, ah çəkirdi və deyirdi ki “Boş ver, yaxşı ki, buralardan getmisən...”.
Fuad haqqında düşüncələrim, duyğularım, məndə buraxdığı iz mükəmməldir.
Həyatda bir çox insanlar, o cümlədən aktyorlar Fuad kimi yaşasalar, Azərbaycan sənətinə böyük yararları toxunar.
Fuad Poladov Azərbaycan aktyorunun əxlaqının, şəxsiyyətinin örnəyidir.
Ümid edirəm ki, gələcək nəsillər Fuad Poladov kimi sənətkarlardan nümunə götürəcək.
Allah sənə rəhmət eləsin, Fuad.
Kişi kimi yaşadın.Dik duruşunla hər kəsə örnək oldun!

Rasim Balayev (xalq artisti)
"Hamı özünü yığışdırır, bütün fikrini səfərbər edir və bilirdi ki, burada FUAD var"
Ölməyib, gözəgörünməzə qovuşan
Rəhmətlik Fuad Poladovla lap gənclik vaxtlarından tanışam. Onunla həmişə ünsiyyətdə olmuşam. Fuad çox istedadlı, zəhmətkeş, həm də öz üzərində hər zaman çalışan aktyor idi. Aktyorların içərisində seçilirdi. Bilirsiniz nəyi ilə? Fuad şəxsiyyətinə çox hörmət eləyən, öz çəkisini gözləyən, ağır, nümunəvi adam idi.
Ondan çox şeyi öyrənmək olardı və gənc nəslin bir çox nümayəndələri Fuaddan öyrənirdi. Onun hərəkətindən, duruşundan, danışıq tərzindən öyrənməli şeylər çox idi. Ən əsası isə odur ki, Fuad sənət fədaisiydi. Fuadın teatrda çoxlu rolları olub. Kinoda da çəkilib. Amma kinoda az çəkilib. Daha çox çəkilə bilərdi. Ola bilsin onun teatrda işləri çox olurdu, məşğul olurdu. Kino rejissorları isə vaxtı az olan, teatrda məşğul olan aktyorları filmə dəvət etmirdilər. Bəzən elə şeylər olurdu. Fuadla “Küçələrə su səpmişəm” və bir gənc rejissorun filminə də çəkildik.
Bir araya gələn kimi sənət aləmindən danışırdıq. Çox təəssüf ki, Fuadla mənə birlikdə az çəkilmək qismət oldu. Fuad kinoda layiq olduğundan az çəkilsə də, yaxşı filmlərdə rol alıb. Son illərdə bir neçə aktyorlar vardı ki, həm sənətlərinin, həm də şəxsiyyətlərinin qədrini bilirdilər. Onların ən gözəl nümunələrindən biri Fuad Poladov idi. Fuad çox ciddi, bizim sənətə hörmət gətirən, yaradıcılığı və şəxsiyyəti ilə fenomen adamdı. Ona görə də mənim yaddaşımda Fuad sağdır. Mən belə hesab edirəm. Çünki gözəl işlər qoyub gedib. Fuadın çəkildiyi filmləri, tamaşaları arabir göstərirlər və mən baxıram. Onunla keçirdiyim vaxtları yadıma salıram. Fuad cismən aramızdan ayrılıb. Amma mənən tamaşaçıların, onu sevənlərin yaddaşında hər zaman yaşayacaq. Allah rəhmət eləsin.
Nümunəvi aktyor idi və ondan öyrəniləcək çox şeylər var. Mən üzümü gənclərə, sənət adamlarına, aktyorlara tutub demək istəyirəm ki, onun işlərinə- oynadığı filmlərə, tamaşalara təkrar-təkrar baxsınlar, öyrənsinlər.
Görsünlər ki, əsl aktyor necə yaşamalı, necə düşünməlidir. Fuadda olan ciddilik bütün yaradıcılığı boyu həmişə onunla oldu. Fuadla çalışan tərəf müqabilləri çəkiliş meydançasında özlərinə çəki-düzən verirdilər. Hamı özünü yığışdırır, bütün fikrini səfərbər edir və bilirdi ki, burada FUAD var.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun!

Afaq Bəşirqızı ( Xalq artisti)
"Fuadın qazandığı bu xoşbəxtliyi bütün sənətkarlara arzulayıram"
Ölməyib, gözəgörünməzə qovuşan
Fuadı ilk dəfə ekranda, məktəb illərimdə "İstintaq davam edir" filmində görmüşəm. O zaman Polad Bülbüloğlu, Müslüm Maqomayev həddindən ziyadə çox dəbdəydilər. Cavan qızlar onlara vurulurdu, onlar haqqında rəvayətlər uydururdular. Bir çoxları məktəb portfellərinin üzərinə Polad Bülbüloğlunun, Müslüm Maqomayevin yapışqanlı şəkillərini həkk edirdilər. Sözsüz ki, mən belə işlərdən uzaqdım. Bax, o illərdə “İstintaq davam edir” filmi çox məşhur idi. Mən də Fuadı ilk dəfə o filmdə görmüşdüm. İlk filmi ilə əks-səda doğuran bu cavan, arıq oğlanın adı, 6-7 aydan sonra dillərdə əzbər idi. İlk filmi Fuada böyük şöhrət gətirmişdi.
Sonralar mən də bu sənətə gəldim. Artıq Fuad Poladov Akademik Dram Teatrının səhnəsində maraqlı obrazlar yaradırdı. O illərdə Fuad Poladovun iştirakı ilə “Təhminə və Zaur” və “Qəribə oğlan” tamaşalarına baxmışdım. Fuadın “Hamlet”inə tamaşa etmişəm. Sonuncu dəfə “Şah Qacar” tamaşasını izləmişdim.
Sizə deyim ki, sənət adamları kimi biri-birimizi çox görürdük, çox ünsiyyətdə olurduq, bu belə deyildi.
Amma sənət adamına çox lazımlı, vacib olan sanbal, ağır təbiət, ağıl Fuadda var idi. Öz sözünü deyə bilən, özünü müdafiə etməyi bacaran insandı.
Fuad Poladov çox sadiq insan, sadiq kişiydi.
Heyif... Çox heyif... Hərdən aktyorun xasiyyəti ilə yaradıcılığı müzakirə olunanda bir cəhət, digərindən üstün gəlir. Amma Fuadda belə deyildi. Fuadın xasiyyəti ilə sənəti yanaşı addımlayırdı.
Çox qəribədir. Fuad bəzi yaradıcı adamlar kimi səhərdən axşama qədər səhnədə, filmdə, çəkilişdə, verilişdə, müsahibələrdə deyildi. Amma gördüyü iş- oynadığı tamaşa və ya çəkildiyi rol artıq müzakirələrə səbəb olurdu. Bu nəqş idi, tale idi?... Bilmirəm.Fuad Poladov sakit və ağır təbiətli bir insan kimi hamının yaddaşında həkk olundu. Öz sözünü deyə bilən sənətkar kimi təsdiqini tapdı. Və çox qəribədir ki, bu dünyada onun titullarına uyğun gələn, vacib olan, bəzi yazılmış və yazılmamış qanunlara öz qanunu ilə cavab verdi. Hətta harada dəfn olunmacağını belə vəsiyyətini etmişdi.
Sizə deyim ki, onun vida mərasimi, son mənzilə yola salınması qalan ömrümə və yaddaşıma əbədi həkk olundu. Bəlkə də hər hansı bir salonda, onunla vida mərasimi təşkil olunsaydı, bu qədər real, təbii, əzəmətli və bu qədər izdihamlı olmazdı. B, Fuadın üstünlüyü idi. Bunu yalnız Fuad kimi insanlar edə bilərdilər. Allah Fuada qəni-qəni rəhmət eləsin. İllər əvvəl Mehriban Ələkbərzadənin "Persona" verilişində Fuad hamıdan gizlətdiyi, ümumiyyətlə o xasiyyətini büruzə vermək istəmədiyi bir çalarını ortaya çıxardı. O zaman uşaqları hələ balacaydı. Fuad verilişdə belə ifadə səsləndirdi: " Qorxuram ki, övladlarımın toyunu görməyəm”.
Fuadın o zaman dediyi söz mənim yadımdan çıxmadı. 2018-ci il mayın 5-də, son mənzilə yola salınan gün o söz mənim beynimdə dolanırdı. Həmin gün ətrafa baxmaq, müsahibə vermək istəmirdim. Şükür Allaha ki, Fuad qızının toyunu gördü, nəvəsini gördü. Amma oğlunun toyunu görmək Fuada qismət olmadı...
İndi mən deyə bilərəm ki, biz heç vaxt Fuad Poladovu unutmayacağıq, Azərbaycan teatr tarixi Fuadın adını saxlayır, Azərbaycan Ensiklopediyasında Fuadın səhifəsi var... Bütün bunları demək mümkündür.
Hər iki teatrda Fuadın izi var. Akademik Dram və Akademik Rus Dram Teatrında.
Təbii ki, biz onu unutmayacağıq. Amma ən əsas Fuadın özünün qazanıb və qoyub getdiyi mirasdır. Unudulmamaq mirası...
Fuad Poladov heç vaxt unudulmayacaq. Çünki o, sağlığında bunu qazandı. Mən Fuadın qazandığı bu xoşbəxtliyi bütün sənətkarlara arzulayıram.
Qəbrin nurla dolsun. Gözəl insan.
Allah qəni-qəni rəhmət eləsin!

Mehriban Zəki (xalq artisti)
"Deyirlər xərçəng elə xəstəlikdir ki, insanın özünü və ətrafdakılarını onun bu dünyanı tərk edəcəyi fikrinə hazırlayır"
Ölməyib, gözəgörünməzə qovuşan
Fuad Poladov. Polad kimi insan idi. Zahirən qapalı, sərt görünsə də çox mərhəmətli, xoş görünüşlü idi. İstedadlı tamaşa, istedadlı insan görəndə sevinirdi, yaxınlaşıb heyranlığını bildirirdi, dəyər verirdi. Susqun, dinməz görünürdü. Onun susgunluğunda dərin sözlər, fikirlər vardı. Həyatı o qədər sevirdi ki, onun təklif etdiyi haqsızlıqlarla barışmırdı. Bu həyatda elə insanlar var ki, onların əbədi yaşayacağını düşünürsən, onlar gedəndə də barışmırsan onun yoxluğuna. Deyirlər xərçəng elə xəstəlikdir ki, insanın özünü və ətrafdakılarını onun bu dünyanı tərk edəcəyi fikrinə hazırlayır. Amma nə qədər hazırlasa da o fikirlə barışdırmır. O yoxluğu gəbul etdirmir. Fuad müəllim, yeriniz behişt olsun. Sizi heç vaxt unutmayacam!

Ramiz Həsənoğlu (əməkdar incəsənət xadimi, xalq artisti)
"Fuad Poladov obrazlarının həyatında yenidən yaşayacaq"
Ölməyib, gözəgörünməzə qovuşan
Fuadı çoxdan tanıyıram. Demək olar ki, həmyaşıdıq və sənətə eyni vaxtda gəlmişik.

O zamanlar Fuad televiziyaya gəlib, çıxış edərdi. Mən onu ekranlarda görərdim. Heç düşünməzdim ki, nə vaxtsa mən televiziyada çalışacam. İllər ötdü, televiziyada çalışmağa başlayanda, Fuad artıq Akademik Dram Teatrının aktyoruydu. Mənim çox sevdiyim tamaşalardan biri - Nodar Dumbadzenin "Darıxma, ana" əsərində mənim anam Ətayə Əliyeva ilə tərəf müqabiliydi. “Darıxma, ana” tamaşası mənə xüsusilə ona görə əzizdir ki, əsərdə Fuad anamın oğlu rolunu ifa edirdi.
Ətayə xanım səhnədə Fuadın anasını canlandırırdı. Anam həmişə deyirdi ki, mənim 3 oğlum var. Rauf, Ramiz və Fuad.
Fuad Poladov böyük aktyor, böyük şəxsiyyət idi. Fuadın oynadığı rolların hər biri onun xarakterinin, şəxsiyyətinin təzahürləriydi. Fuad ifa etdiyi hər rola istər istəməz özünün şəxsiyyətini, həyatını gətirirdi. Ona inanırdılar. Fuad sənəti özündə yaşadan və sənətə hörmət qazandıran aktyor idi. Təəssüf ki, belələri çox azdır.
Fuad Poladovu aktyor kimi həmişə bəyənirdim və onunla iş görməyi arzulayırdım. Amma o zamanlar alınmadı. Vaxt lazım oldu ki, biz Fuadla yaxınlaşa bilək. Yəni biri-birimizlə yaxından tanış olaq.
Günlərin bir günü - 1995-ci ildə "Fatehlərin divanı" əsərini hazırlayırdım. Filmin ilk dörd seriyasının əsas personajı Teymurləng idi. Böyük məmnuniyyətlə o rolu Fuada təqdim etdim və Fuad da böyük məmnuniyyətlə o rolu qəbul etdi. Onun yaradıcılığında Əmir Teymur obrazı zirvə rollardan biridir. Mən belə hesab edirəm və düşünürəm ki, hər kəs belə hesab edir.
Fuad fərqli aktyor idi. Təkcə istedadına görə yox. Onun fitrədən, təbiətdən gələn boy-buxun, səs... imkanlarına görə deyil, eyni zamanda böyük şəxsiyyət olduğuna görə...
Şəxsiyyət olan yerdə sənət zirvələri fəth edə bilir. Fuad Poladov o zirvələri fəth edən sənətkardır. Mən çox təəssüflənirəm ki, indi aramızda yoxdur. Onun potensialı o qədər böyük idi, Fuad çoxlu rollar oynaya bilərdi. O, aktyor sənətinin əsl zirvəsində qərar tutmuşdu. Sədd, heyif... Qismət beləymiş...
Fuad Poladovun istər teatrda, televiziyada, istərsə kinoda oynadığı rollar unudulmayacaq. Fuad Poladov obrazlarının həyatında yenidən yaşayacaq. Nə qədər ki, bu nəsillər var, sənət var, Fuada görə yeni pərəstişkarlar yaranacaq.
Fuad Poladov yaşadıqca, sənəti yaşayacaq.
Allah rəhmət eləsin!

Sənubər İsgəndərli (əməkdar artist)
"Qaranlıqda Fuadın parıldayan gözlərini axtarırdım..."
Ölməyib, gözəgörünməzə qovuşan
Sevdiyin insan haqqında danışmaq nə yaman çətin olurmuş... Bilmirəm fikrimi çatdıra biləcəyəm, yoxsa danışdıqlarım sadəcə quru xatirə kimi olacaq?! Hisslərim çox dərindir. Demək istədiklərim çoxdur. Əvvəlcə Fuadla ilk tanışlığımızdan başlayım. İncəsənət İnstitutunun 2-ci kursunda oxuyanda Akademik Dram Teatrına gəlmişdim. Həmin dövrdə İlyas Əfəndiyevin "Şeyx Xiyabani" tamaşası nümayiş olunurdu. Tamaşada rollardan birini ifa edən aktrisa xəstələnmişdi. Mənə o, aktrisanın yerinə səhnəyə çıxmağı təklif etdilər. İki günə səhnəyə çıxıb, rolu ifa etməliydim. Təcili olaraq obrazın sözlərini əzbərlədim. “Şeyx Xiyabani” tamaşasına baxanlar bilirlər ki, Fuadın orada böyük rolu var. Səhnəyə Həsənağa Turabov, Amaliya Pənahova, Rəfael Dadaşov, Fuad Poladov və bir çox sənətkarlarla birlikdə çıxmalı oldum. Fuad Poladovla ilk tanışlığım oradan başladı... Təbii ki, səhnədə qəfil çıxışıma görə hər kəs məni dəstəkləyir və kömək edirdi. Həsənağa Turabovun dəstəyi, köməyi çox idi. Mənə ən böyük dəstək olub, kömək edənlərdən biri Fuad idi. Mənə yaxınlaşıb, özünəməxsus əda ilə "Qorxma, gəl dalımca..."dedi. Beləliklə səhnəyə Fuad Poladovun arxasınca çıxdım və onun işığına doğru getdim. Səhnənin arxası çox qaranlıq idi. O qaranlıqda Fuadın parıldayan gözlərini axtarırdım. Bilirdim ki, Fuadın parıldayan, gülən gözləri mənə dəstək, kömək olacaq. Onun işıqlı gözlərini tapıb, həmin gözlərin arxasınca getmək istəyirdim. Akademik Dram Teatrının səhnəsində ilk addımım məhz o tamaşada oldu. Sonralar Fuad Poladov Akademik Dram Teatrından ayrıldı. İllər keçdi... Fuadla ikinci görüşümüz rejissor Şamil Əliyevin çəkdiyi "Təsadüfi görüş" filmində oldu. Həmin filmdə ikimizin oyunu pinq ponqu xatırladırdı. İdmanda belə oyun var...Biri-birimizi gözəl başa düşürdük. Əsl sənətkarla tərəf müqabili olanda adam özünü həqiqətən məsuliyyətli hiss edir. Təbii ki, aktyor sənəti təpədən-dırnağa məsuliyyətdir. Amma böyük bir sənətkarla rol ifa edəndə və qarşındakı sənətkarın fanatı olanda məsuliyyət ikiqat artır. Nə olsun ki, sən də aktyorsan. Aktyor olmağın kiməsə pərəstiş etməyi sənə qadağan etmir. Ona görə də filmdə çəkiləndə elə bilirdim ki, səhv etsəm, Fuada zərər verəcəm. Həmin anda özümü düşünmürdüm. İllər ötdü, Fuadla yenidən Akademik Milli Dram Teatrının səhnəsində "Hamlet" tamaşasında qarşılaşdıq. Fuad mənə baxıb, gülərək: "Görürsən, bəxtində mənim anamı oynamaq da varmış..." dedi.Uzun illərdən sonra Fuadın "Hamlet" tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsinə qayıtması sanki qəribə nizam-intizam yaratmışdı. Onun gəlişi ilə elə bil ab-hava dəyişdi. Fuadın şəxsiyyəti, özünə qarşı olan tələbkarlığı elə həddəydi ki, bu xasiyyəti ətrafa da siraət edirdi. Ətrafda zarafatı xoşlayan həmkarlarımız belə, zarafatdan çəkinirdi. Fuad olan yerdə sakitlik var idi. Hamı elə bil ki, Fuadın sehrinə düşürdü. O, hara gedirdisə, harada olurdusa, özü ilə işığını, şəxsiyyətini, ləyaqətini aparırdı.
Yaddaqalan işlərimizdən biri də rejissor Ramiz Həsənoğlunun ekranlaşdırdığı "Fatehlərin divanı" televiziya tamaşasında oldu. Fuad - Əmir Teymuru, mən isə onun xanımı Olcay Türkan Xatun obrazını ifa etdim. Bu, bizim səhnə fəaliyyətimiz, Fuadla yaradıcılığımızın toqquşması idi. Fuad həyatda üzünü az-az gördüyüm, amma yaxından yaxın bildiyim dostumdu. Hamı bilir ki, həyatda elə dostlar var ki, onlarla gündə görüşmürsən. Heç aylarla üzünü görmürsən. Bəlkə aylarla zəng də edə bilmirsən. Amma sənin qəlbində onun yeri tamam ayrı olur. Mənim bir neçə belə dostum var. Onlardan biri də Fuad idi. Son dəfə Fuadla yeni ildə danışdıq. Xəstəliyinə görə,tez-tez zəng etməyə ürək etmirdim. Elə bilirdim ki, Fuad xırıltılı səsi ilə danışanda sıxılır, elə düşünürdüm ki, onu narahat edərəm. Ona görə də tez-tez zəng etməkdən çəkinirdim. Amma Yeni ildə onunla danışdım. Saatlar 00:00 göstərəndə Fuada zəng çaldım. (Kövrəlir) Dedim: "Fuad, bu Yeni ildə sənə arzum can sağlığıdır. Sənin üçün o qədər dua edəcəm... Allah eləsin dərdin, azarın keçmiş ildə qalsın. Arzu edirəm ki, biz səninlə səhnədə yenidən tərəf müqabili olaq. Heç səhnədə olmayaq, amma Allah səni bizə qaytarsın. Sənin sağlamlığını qaytarsın. Sən həmişə yanımızda olasan. Sevdiklərinin yanında olasan."
Güldü...və dedi ki, "Sənin bu bayramda mənə zəng etməyin min duaya dəyər. Çox sağ ol. "
Sonra Novruz bayramında yenidən zəng çaldım. Bu dəfə daha cavab vermədi... Amma mən onunla yenə də danışıram. Həm bayramda, həm də başqa günlərdə...Sonra da deyirlər ki, əvəzolunmaz insan yoxdur. Bu ifadəni yəqin əvəzoluna bilən insanlar düşünüb tapıblar. Elələrinin əvəzi tez tapılır. Ona görə də bu ifadəni tez-tez təkrar edirlər. Mən isə deyirəm ki, əvəzolunmaz insanlar var. Onlar gəlir, iz qoyur, bu dünyada ruhu, nəfəsi qalır, yaşayır...
Sevdikləri var olduqca, yaşadıqca Fuad yad olunacaq, var olacaq... Unudulmayacaq... Hər zaman seviləcək...

Ayşad Məmmədov (əməkdar artist)
"Qacarın ölüm səhnəsində Fuad Poladovun rəngi dümağ olurdu"
Ölməyib, gözəgörünməzə qovuşan
Fuad müəllimlə ilk görüşümüz Akademik Dram Teatrının yaxınlığında olub. Vaqif İbrahimoğlu ilə gedirdik. Birdən Fuad Poladovla rastlaşdıq. Vaqif məni ona, onu da mənə təqdim elədi. Mən o zaman tələbəydim. Teatrı yenicə kəşf edib, sənətin sirlərini öyrənməyə başlamışdım. Vaqif müəllim Fuad Poladov haqqında elə fikirlər səsləndirdi ki, bir anda onu mənim kumirimə çevirdi. Daha sonra institut tələbəsi kimi Fuad Poladovun tamaşalarına baxmağa başladım. O illərdə Akademik Teatrın səhnəsində nümayiş olunan bütün tamaşalarına baxmışdım. Fuad Poladovu səhnədə ilk dəfə Nodar Dumbadzenin “Darıxma, ana” əsərində gördüm. Möhsün Sənani ilə tərəf müqabiliydi. Daha sonra Bertolt Brextin əsərində Fuad Poladova tamaşa etdim. Ən çox sevdiyim tamaşalarından biri isə İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərində oynadığı Savalan obrazı idi. İllər ötdü, “Güllələnmə təxirə salınır” filmində onunla tərəf müqabili oldum. Fuad Poladov Xanı, mən isə Yetim Paşa surətini canlandırmışdım. Həmin filmin çəkiliş günlərində çox maraqlı söhbətlərimiz olurdu. Teatr, kino haqqında işıqlı, yaddaqalan söhbətlər edirdik. Fuad Poladovla səhnədə ilk görüşüm U.Şeksprin “Afinalı Timon” pyesində oldu. İlk dəfə səhnədə tərəf müqabili kimi üz-üzə gəldik. Həmin tamaşada etdiyim maraqlı improvizələr onun çox xoşuna gəlirdi. Mənə dəstək olur, hətta improvizələrimə cavab da verirdi. Fuad Poladovun mənə verdiyi qiyməti duyurdum. Mənə nə isə deməsinə ehtiyac qalmırdı. Münasibəti ilə hər şeyi sözsüz bildirirdi. Onun işığını, istisini hiss edirdim. İkinci görüşümüz isə Əli Əmirlinin “Şah Qacar” əsərində oldu.
Fuad Poladovla görüşəndə, onunla səhnəyə çıxanda sənətin ciddiliyini, aktyorun məsuliyyətini hiss edirdim. “Şah Qacar”ın final səhnəsində həmişə məni təəccübləndirirdi. Fuad Poladovun Qacarın ölüm səhnəsində rəngi dəyişirdi, haldan-hala düşürdü. Qrimsiz-filansız belə hala düşmək, vəziyyəti qəlbən yaşamaq aktyorun obrazı nə qədər ürəkdən duymasına işarədir. Aktyor nə qədər rolu, obrazı hiss etməlidir ki, hətta rəngi dəyişsin. Qacarın ölüm səhnəsində Fuad Poladovun rəngi dümağ olurdu.
Həmişə gəlib axırıncı səhnəyə pərdə arxasından baxırdım. Fuad Poladovun gözləri də həmin səhnədə çuxura düşürdü...
Ümumiyyətlə onun enerjisini, istiliyini duymaq çox xoş idi. Çoxları Fuad Poladovun sərt adam olduğunu deyirdilər. Amma mən heç vaxt özümə qarşı sərtlik görməmişdim. Əksinə, görüşəndə çox yumşaq, ilıq söhbət edərdi. Fuad Poladovdan yalnız istilik, mehribanlıq duymuşam. Həm tərəf müqabili, həm də insan kimi.
Allah ona rəhmət eləsin. Əgər o dünya varsa, Allah qoysa, bir yerdə bizi görüşdürsün.
Allah Fuada rəhmət eləsin!
Münəvvər Əliyeva (əməkdar artist)
Ölməyib, gözəgörünməzə qovuşan
Bilmirəm nə deyim, necə danışım ki, dediklərim onun adına layiq olsun. Fuad müəllim haqqında danışmaq doğrudanda çətindir. Çünki bir var şəxsiyyət bir də var- bütöv bir şəxsiyyət... Fuad Poladov bütöv şəxsiyyət olmaqla yanaşı, adı böyük hərflərlə yazılacaq insan idi...
Mənim Fuad müəllimlə yaxın münasibətim son illərə təsadüf edir.
İlk dəfə Fuad Poladovla Mehriban Ələkbərzadənin “Cəza” tamaşasında qarşılaşdıq. Onun katibəsi rolunu ifa edirdim. O zamana qədər yaxın tanışlığımız yox idi. Mən sənətə təzə gəlmişdim. Fuad Poladovla son işimiz isə “Mələyin öpüşü” filmində oldu. Filmdə hər an ona baxırdım. Bu sənətdə heç bir iş görməyən, bir tamaşada kiçik rol ifa edib, özünü çəkən adamlar var. Elələri var ki, şəkiliş zamanı özünə çay, kofe süzməyi ayıb bilir. Amma Fuad Poladov belə şeylərə baxmazdı. Mən kənardan onu müşahidə edirdim. Və görürdüm ki, filmin çəkilişinin fasiləsində aşağı düşüb özünə çay, kofe gətirir. "Fuad müəllim niyə özünüz zəhmət çəkirsiniz?" deyirdim. O isə daima hərəkətdə olmaq istədiyini bildirirdi. Filmin çəkilişlərindən kənar vaxtlarda üzü dənizə oturub, xəyala dalırdı. Ümumiyyətlə çox adamla ünsiyyətdə olmağı sevmirdi. Onun otağına gəlməyə çoxları ehtiyat edirdilər. Amma mənimlə ünsiyyəti alınırdı. Biz onunla son zamanlar çox doğmalaşdıq. Son zamanlar onunla çoxlu söhbətlərimiz oldu. Keçmişdən danışdıq. Çəkidiyi filmlər, oynadığı tamaşaları yada saldıq. Fuad Poladov Rus DramTeatrında çalışmasına baxmayaraq, qəlbi, ruhu Akademik Milli Dram Teatrındaydı.
Bizi biri-birimizə daha çox yaxınlaşdıran Hikmət Rəhimov oldu. Hikmətin başına gələn problemlər oldu. Hikmətin yaşadığı məlum problemlər zamanı Fuad müəllimdən başqa heç kəsi dinləmirdi. Belə olan halda mən onu çağırdım ki, oturub söhbət edək. Gəlib, Fuad müəllimi də götürdüm. Birlikdə mənim evimə gəldik. Oturub, xeyli söhbət elədik. Mən Fuad müəllimə Hikmətin yaxşı aktyor olduğunu, amma məlum müsahibədən sonra problemlər yaşadığını xatırlatdım. Fuad müəllim məni səbrlə dinlədi və aktyorun söz haqqının olduğunu vurğuladı.
Fuad müəllim sözünün arxasında dayanan şəxsiyyət idi. Heç vaxt sözündən vaz keçməzdi. Kişi sözü anlayışı Fuad Poladova aid idi. Son zamanlar onunla yalnız iş barəsində danışırdım. Olanları onunla bölüşürdüm. Mayın 24-dü onun 25-i isə mənim doğum günümdür. Mən heç zaman ad günü keçirməyi sevmirəm. Amma Fuad müəllim həmişə məni təbrik edirdi. Ruhsal düşüncələrimi ona danışırdım, onunla bölüşürdüm. Yarım sözdən adamı başa düşürdü. Çəkiliş zamanı onunla işləmək çox xoş idi. Məşq prosesində kompromisə gedərdi. Qarşısındakı adamı dinləyirdi, razılaşırdı.
Sənin xətrini çox istəyirdi. Günlərin birində səninlə bağlı mənə zəng edəndə nə qədər ağrı keçirdiyini gördüm.
Özünün ağrısı kənarda qalmışdı. Mənə zəng elədi və: "Münəvvər, heç yerə çıxa bilmirəm. Ülviyyəni özünlə bərabər apar, həkimlərə göstər." Sonralar da sənin halınla hər zaman maraqlanır, narahat olurdu.
Mərd, sözünün üstündə duran insan-Allah qəni-qəni rəhmət eləsin. Mən bu günə qədər də düşünürəm ki, o teatrdan getməsəydi hələ də yaşayacaqdı. Bu yaxınlarda Estoniyaya getmişdik. Orada səhnədə 85 yaşlı aktyoru görəndə və biləndə ki, onun bir il əvvəl 50 yaşlı oğlu rəhmətə gedib. Həmin an Fuad müəllimi xatırladım. 85 yaşlı o dərdli aktrisanı yaşadan məhz səhnəydi. Səhnə aktyoru cavan saxlayır. Ölməyə qoymur.
Düşünürəm ki, Fuad müəllim Azdramadan uzaqlaşmasaydı hələ indiyə qədər yaşayırdı. Bir aktyoru öldürmək üçün onu səhnədən uzaqlaşdırmaq lazımdır. Səhnəsiz qalan aktyor öləcək. Hələ də onun ölümünə inana bilmirəm. Hələ də düşünürəm ki, o insan sağdır...

Seyran Səxavət (yazıçı)

"Fuad, yerin elə görünür ki, bu boyda dünyada özümə yer tapa bilmirəm"
Ölməyib, gözəgörünməzə qovuşan
Fuad Poladovu 1964-cü ildən, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunandan tanıyıram. Fuadla dostluğumuzun təməli də o zamandan qoyulub. Fuad tez-tez bizim Universitetimizin yanından keçirdi. Hər dəfə də mənimlə görüşər və ya uzaqdan əl edərdi. O zamanlar bizim fakültədə tanınmış adamların övladları təhsil alırdı. Mənim kimi adamsız, “kəndçi balası”nın Fuad Poladov kimi adamla dostluq etməsi bir çoxlarının həsəd obyektinə çevrilmişdi. Fuad o zamanlar məşhur idi. Əslində hər dəfə mənə salam verən, əl edən Fuad Poladov özü də bilmədən tələbə yoldaşlarımın arasında mənim avtoritetimi artırırdı. Sonralar Fuadla lap yaxın dost olduq və bu dostluq qonşuluğa çevrildi.
Sonradan taleyimiz elə gətirdi ki, biz eyni binada yaşamalı olduq. Fuad bu dəfə də mənim 4-cü mərtəbədə olan evimin qarşısından keçəndə yenə əl edirdi, mənimlə salamlaşırdı. Bunlar qeyri-adi şeylərdir və hamıya qismət olmur. Daha sonralar Fuadla dostluğum ailəvi oldu.
Teatrda Fuadın elə bir dövrü gəldi ki, başladı biri-birinin ardınca tarixi şəxsiyyətlərin rolunu oynamağa.
“Napaleon”un premyerasında Fuad məni ailəmlə birlikdə Rus Dram Teatrına dəvət etmişdi. Həmin gün Fuad möhtəşəm Napaleon oynadı. Fasilədə jurnalistlərdən biri mənə yaxınlaşdı və dedi ki, “Fuad müəllimin Napaleon oynamağı sizcə nə ilə bağlıdır?
Mən isə belə cavab verdim ki: “Fuad artıq sənətinin imperatorudur. Ona görə də o imperatorları oynamalıdır. Ən böyük həqiqət elə mənim dediyim kimiydi.”
İndi Fuad yoxdur. Mənim Fuad qədər sevdiyim bir yazıçı vardı. Yusif Səmədoğlu... Allah ona da rəhmət eləsin. Vaxtilə onun haqqında bir yazı yazmışdım: “Yusif müəllim sizin yeriniz elə görünür ki, özümə bu boyda dünyada yer tapa bilmirəm.”
İndi Fuadın yeri elə görünür, elə görünür ki...
Fuadı xatırlamıram. Çünki xatırlamaq üçün unutmaq lazımdır.
Fuadik, sonda bir şeyi də deyim...
Dost-dostu necə ərklə hirsləndirə bilərdisə hərdən mən, Fuadı hirsləndirərdim. O, da mənə deyirdi ki, “Seyran, bu saat oxuyaram haaa...” Və özünü elə aparırdı ki, sanki Yer üzündə onun qədər musiqi duyumu olmayan adam yoxdur. Bunu qəsdən edirdi. O, da məni elə qəzəbləndirmək istəyirdi. Məndən acıq çıxmaq üçün dünyadakı yeddi səsin hamısını poza bilirdi. Mənim də bir qarabağlı kimi “beynimin musiqi duyumu cihazı” kökdən çıxırdı, pozulurdu və deyirdim ki “Fuadik, sən Allah oxuma...”
Son olaraq demək istəyirəm : “Fuad, yerin elə görünür ki, bu boyda dünyada özümə yer tapa bilmirəm. Darıxma, İnşallah Allahın mənə göndərəcəyi ezamiyyət vərəqəsini alan kimi sənin yanına gələcəm və yenidən görüşəcəyik.”
Bu yaxınlarda Fuadın həyat yoldaşı Gülüstan xanım məni ağlatdı. Demək, bir müxbir Gülüstan xanımdan soruşub ki, “Fuad müəllimdən sonra onun telefon nömrəsini saxlayırsınız? Heç o nömrəyə zəng edən olur?”
Gülüstan xanım cavabında deyib ki, “Təbii ki, saxlayıram. Bu nömrəyə təkcə Seyran Səxavət zəng edir...”
Bu sözləri eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Göz yaşlarım selə döndü...

şad Əhmədzadə (əməkdar mədəniyyət işçisi, Kukla Teatrının direktoru)
"Heç kim Fuad Poladovun yerini verməyəcək, onu əvəzləməyəcək"
Ölməyib, gözəgörünməzə qovuşan
Ondan başlayım ki, Fuad Poladov haqqında keçmiş zamanda danışmaq çox çətin, ağrılı bir hissdir. Çünki o, istər sənətkar, aktyor kimi, istərsə də bir insan kimi qəlbimizdə xüsusi yer tutmağı bacarıb.
Bütün bunlardan əlavə unutmaq olmaz ki, Fuad Poladov Azərbaycanın görkəmli teatr və kino aktyorukimi mədəniyyət tariximizdə xüsusi yeri ilə daim seçilib.
İstər kino, istərsə də teatrda yaratdığı obrazları iləlirik-psixoloji üslublu aktyorluq məktəbinin ən qabaqcıl sənətkarlarından olduğunu etiraf etməliyik. O, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, televiziya tamaşalarımızın yaddaqalan aktyoru idi.
Zaman keçəcək, yaddaşlar təzələnəcək, zövqlər dəyişəcək, nəsillər bir-birini əvəz edəcək, sənət səhnəsinə yeni simalar gələcək. Amma əminliklə deyə bilərəm ki, heç kim Fuad Poladovun yerini verməyəcək, onu əvəzləməyəcək.

İsrafil İsrafilov (sənətşünaslıq doktoru, professor)

"Ümumxalq sevgisi qazanmiş sonuncu boyuk sənətkarımızı itirməyimizin acısı və boşlugu hələ neçə illər çəkiləcək"
Ölməyib, gözəgörünməzə qovuşan
Ölum amansızdır . Fuad ətrafında baş verənlərdən yorulmuş, bezmişdi. Onun istirahətə haqqı var idi .
Allahdan onun rəhmətə layiq ruhuna rəhmət dərgahında yer verməsini təmənna edirəm!

Məryəm Əlizadə (sənətşünaslıq doktoru, professor)

"Fuad Poladovun adı keyfiyyət möhürüydü..."
Ölməyib, gözəgörünməzə qovuşan
Fuadın yoxluğuna bu gün də inana bilmirəm. Çünki, böyük sənətkarlar kimi Fuad Poladov da öz virtual həyatını davam etdirir, yaşayır. Həm insan həm də sənətkar kimi Fuad heç kəsə bənzəmirdi. Həyatda da, səhnədə də ömür boyu özünə sadiq qaldı. Fuadın zəngin daxili dünyası var idi. Fuad Poladov zəngin daxili dünyası olan görkəmli şəxsiyyət idi. Yeri behişt olsun. Yoxluğunu hər an duyuruq. Həm də hər an virtual varlığını hiss edirik.
Fuad Poladov Azərbaycan səhnəsinin ən şah əsərlərində şahanə obrazlar yaratdı və o, bu obrazlara özündən çox keyfiyyətlər qata bildi. Bu obrazlardan özünə də çox şey götürə bildi... Belə-belə böyüdü, gəldi və görkəmli sənətkar oldu. Müəllimi Tofiq Kazımovun inamını tələbə olarkən doğrultdu. Tofiq müəllim tələbə vaxtı Fuadın istedadını duymuşdu və Akademik Milli Dram Teatrına dəvət eləmişdi.
Fuad Poladov sənətdə öz yolu olan çox ciddi bir sənətkar idi. Fuadın adı keyfiyyət möhürüydü. Hər hansı tamaşada Fuad oynayırdısa, deməli bu yüksək səviyyəli bir tamaşa idi.
Dövrünün görkəmli rejissorları Fuadla çalışdılar. Çox gözəl iş birlikləri oldu. Heyif ki, ömür vəfa etmədi...

Kəmalə Cəfərzadə (teatrşünas)
"Mən əminəm ki, o haqq dünyasında da başda oturacaq"
Ölməyib, gözəgörünməzə qovuşan

2018-ci ilin 5 may səhəri acı xəbərlə açıldı. Əzizimiz, dostumuz, teatr və kino sənətimizdə büt sandığımız sənətkar Fuad Poladovun ölüm xəbəri yayıldı.
Bir ilə yaxın bir zamandan bəri bizimlə, öz həmyaşıdları, dostları ilə ibtidası qoyulmuş ayrılığın, heç birimizlə görüşmək istəmədiyindən dolayı bizə dağ çəkdiyi intizarın, əbədi ayrılığın son nöqtəsi qoyuldu.
Ölüm bu xəstəhal yazımda qiymətini vermək imkansız olan azman sənətkarımız möcüzələr ustadı Fuad Poladovun cismini ağrılardan, əzablardan yorulmuş taqətdən düşmüş cismini, əlimizdən alıb apardı.
Heç zaman görə bilməyəcəyimiz və bizlərə görməyi rəva bilmədiyi cismini əlimizdən alıb, apardı...
Fuad bu dünyadan köç elədi. Əbədi bir yola, sonu bilinməyən bir səfərə çıxdı. Fəqət onun möhkəm ruhu və böyük sənəti bizimlə, canı qədər sevdiyi xalqı, doğma teatrı ilə qaldı. Fuad özünün böyük sənəti ilə bu dünyada iz qoyub getdi...
Mən əminəm ki, o haqq dünyasında da başda oturacaq. Fuad, insanları iki yerə bölən, Fəxri Xiyabanlarda uyumaq istəmədi. Öz evindən, həyətindən son mənzilə yola salınmaq qərarını verməklə sonucda ölümlü bəndələrin Allah dərgahında bərabər olduğunu isbat etməyə çalışdı. Cənazə törənində yaradıcılığının mühüm bir mərhələsini həsr etdiyi uzun illər sığındığı Rus Dram Teatrının aktyorlarının dəfnə gətirdikləri çiçəkləri, qızılgülləri yolub, Fuadın ölümünə fəryad qoparması, bitməyən tamaşaçı alqışları mənim kimi bütün tamaşaçıların və dostların yaddaşından silinməyəcək.

Hikmət Rəhimov (aktyor)

"Allah o dünyada görüşməyi qismət eləsin!"
Ölməyib, gözəgörünməzə qovuşan
Fuad Poladov haqqında çox söz deyə bilərəm. Hamıdan çox, hər kəsdən fərqli. Amma mən öz sözümü tamaşa ilə deyəcəm. Mayın 24-də Fuad Poladovun doğum günündə onun əziz xatirəsinə ithaf olunan "Köhnə telefon" tamaşası ilə ürəyimdən keçənləri səhnədən deyəcəm.
Allah, Fuad müəllimə rəhmət eləsin. Ruhu şad olsun!
Allah o dünyasını versin!
Gec-tez ölüm bizə də qismət olacaq. Allah o dünyada görüşməyi qismət eləsin. Amin!

Ərşad Ələkbərov (Teatr rejissoru)
"Fuad Poladov dahi olduğu qədər sadə, sadə olduğu qədər mükəmməl idi..."
Ölməyib, gözəgörünməzə qovuşan
İlk dəfə Fuad Poladovu 2002-ci ildə "Hamlet" tamaşasında səhnədə görmüşdüm. Yadımdadır, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi kimi "Hamlet"ə tamaşa etməyə gəlmişdik.
Həmin gün Fuad Poladovun "Hamlet"i məni heyran etmişdi. Çox bəyənmişdim. Xüsusilə onun Klavdi ilə olan səhnəsi bugünədək gözlərimin önündən getmir. Çox emossional, çox təsirli səhnəydi. Amma o zaman mən sadəcə tamaşaçıydım. O zaman hələ Fuad Poladovun bu qədər böyük, nəhəng aktyor olduğunu anlamırdım. Səhnədə gözlərim önündə yaşı 50-ni ötmüş möhtəşəm "Hamlet" vardı. Fuad Poladovun "Hamlet"i çox fərqliydi. Hamıdan seçilirdi. Həmin an ağlıma belə gəlməzdi ki, bir gün belə böyük sənətkarla tamaşa hazırlamaq mənə qismət olacaq. Amma 14 ildən sonra Fuad Poladovla tamaşa hazırlamaq şərəfinə nail oldum. Fuad Poladov olmasaydı, "Müsyö İbrahim və Quran çiçəyi" olmazdı.
Tamaşa Fuad Poladovun şərəfinə səhnəyə qoyulub. O tamaşada Fuad Poladov başqa ampluada çıxış edib. Mən sevinirəm ki, "Müsyö İbrahim və Quran çiçəyi" tamaşası bir müddət uğurla nümayiş olundu. Və günlərin birində tamaşaçıların gur alqışları altında son dəfə oynanıldı. Fuad Poladovun möhür vurduğu son tamaşa oldu. Tamaşanın rejissoru mən olsamda o, obrazı yaradan, tamaşaçını arxasınca aparan Fuad Poladov idi. Onun gedişi tamaşanın qürurla başa çatması demək idi.
Hər tamaşanın ömrü var. Lap insanlarda olduğu kimi... Mən Fuad Poladovu bütün xasiyyətlərinə görə sevirdim. Ən çox sevdiyim xüsusiyyəti - onun mənim işimə müdaxilə etməməsiydi. Fuad Poladov sadəcə öz işini görürdü.
Fuad Poladov kimi dahi aktyor cavan rejissora arxa-dayaq oldu. Onun nəhəngliyində olan başqa sənətkar gənc rejissora öz fikirlərini diqtə edər, mane olmağa çalışardı. Amma Fuad Poladov dahi olduğu qədər sadə, sadə olduğu qədər mükəmməl idi...

Murad İsmayıl (aktyor)

Ölməyib, gözəgörünməzə qovuşan
Fuad müəllim haqqında danışmaq çox çətindir. Danışılacaq, deyiləcək o qədər söz var ki... Birinci onu qeyd edim ki, Fuad Poladov mənim ən sevdiyim aktyor və şəxsən tanış olduqdan sonra ən sevdiyim şəxsiyyət idi. Fuad Poladov mənim kumirimdir.
Akademik Milli Dram Teatrında “Müsyö İbrahim və Quran çiçəyi” tamaşasının hazırlandığını eşidəndə və biləndə ki, tamaşanın rejissoru Ərşad Ələkbərov aktyorları Moisey (Momo) obrazı üçün sınaqdan keçirir, ağlıma gəlməzdi ki, sonda məni seçəcək.
Kastinqə müxtəlif teatrlardan dəvət olunmuş, məndən yaşda qat-qat böyük və təcrübəli aktyorlar gəlmişdi. Mən isə tələbəydim. Akademik Milli Dram Teatrının ştatında deyildim. Ərşad Ələkbərov məni “Nağıllar aləmi” tamaşasında görmüşdü. İlk dəfə tamaşanın rejissoru Ərşad Ələkbərovla söhbət edəndə və biləndə ki, Fuad Poladovla tərəf müqabili olacam çox həyəcanlanmışdım. Həm də çox sevincliydim.
Belə tamaşada Fuad Poladov kimi sənətkarla yanaşı çıxış etmək mənim üçün fəxr idi.
Məşqlər başlamışdı, amma rol məndə alınmırdı. Çünki təcrübəm yox idi. Məşq prosesləri çətin gedirdi. Fuad müəllim ilk dəfə məni çox səmimi, çox mehriban qarşıladı. Onunla ilk məşqimizdə çoxlu səhvlər edirdim. Rejissor məni çox danlayırdı, yıxıb, sürüyürdü. Fuad müəllim isə hərdən gülümsəyirdi. Hərdən məni dəstəkləyirdi, bəzən isə iradlarını bildirirdi.
Fuad müəllimin xasiyyətinə bələd olanlar bilirlər ki, oyun tərzimi, insani keyfiyyətlərimi bəyənməsə heç vaxt mənimlə birlikdə eyni səhnəni paylaşmazdı. Məşq vaxtı Fuad müəllim hansı səhnəni bəyənmirdisə, rejissorun yanında deyirdi ki, “Yox-yox inanmadım, inanmadım.”
Mən pis oynayırdım. Məşqlər həqiqətən bərbad keçirdi. Amma iki ay ərzində tamaşanın yaradıcı heyəti mənə böyük dəstək oldu. Tamaşanın üstündən neçə il keçib. Amma mənim elə yaddaqalan rolum və Fuad müəllim kimi tərəf müqabilim yoxdur və bundan sonra da olmayacaq.
Təsəvvür edin ki, mən o qədər kobud səhvlər edirdim, mənim üzümdən Fuad Poladov ləngiyirdi, məşqin vaxtı uzanırdı. Fuad müəllimdən utanırdım. Amma Fuad Poladov kimi sənətkar, xalq artisti bezmirdi, incimirdi. Başqası deyərdi ki, “Bu kimdir gətirmisiniz? Məni yorursunuz”. İnanmıram ki, başqa bir aktyor mənə, mənim məşq prosesində etdiyim kobud səhvlərə, təcrübəsizliyimə dözərdi. Məşqlərin birində soruşdum ki, “Fuad müəllim haradan başlayaq?” Yorğun olsa da, üzümə baxıb, gülümsədi və özünəməxsus danışıq tərzi ilə "Üreyin hardan istəyir" dedi.
Hər tamaşadan sonra Fuad müəllimin fikirlərini öyrənirdim. O, hər adama söz deməzdi.
“Müsyö İbrahim və Quran çiçəyi” tamaşasından sonra aramızda gözlə görünməyən bağ yarandı.
Əminliklə deyə bilərəm ki, Fuad müəllimin teatrdan getməsini birinci mən bilmişdim.
Çünki uzun müddət Azdramada “Müsyö İbrahim və Quran çiçəyi” tamaşası repertuarda olmadı. 4-5 aylıq fasilədən və yay tətilindən sonra yeni mövsümdə tamaşanın repertuarda olduğunu görəndə çox sevindim. Müsyö İbrahim üçün darıxmışdım. Teatrda Fuad müəllimin otağının qapısını sevinclə döydüm və “Fuad müəllim, salam. Necəsiniz? Tamaşamızı yenidən oynayacayıq.” dedim. Gördü ki, çox sevininirəm. “Murad... gəl içəri qapını bağla.” dedi və “Murad, sənə bir söz deyəcəm. Bu bizim son tamaşamızdır. Mən teatrdan gedirəm. Başqa sual vermə... Axırıncı tamaşamızı elə oyna ki, yadından çıxmasın” dedi.
Həqiqətən də o tamaşa ömrümün sonunadək yadımdan çıxmayacaq.
Premyera günü Fuad müəllim otağıma hədiyyə qoymuşdu və üzərində ürək sözlərini yazmışdı.
Bilərəkdən tamaşadan əvvəl otağıma bu hədiyyəni gətirmişdi ki, mən həvəslənim, ruhlanım və rolumu yaxşı ifa edim.
Sonrakı tamaşada isə mən “Part təbəssüm...!” yazılan suvenir fotomuzu ona hədiyyə etdim.
Xəstəliyi ilə bağlı xəbəri ilk dəfə Ərşad Ələkbərovdan eşitdim və şok keçirdim...
3 ildir Rus Dram Teatrında çalışıram. Əfsuslar olsun ki, bu teatrda Fuad müəllimlə qarşılaşmaq, çalışmaq mənə qismət olmadı.
Ölümündən bir neçə ay əvvəl ona zəng elədim və telefonu mikrafona qoyaraq, Rus Dram Teatrının bir neçə aktyorları ilə birlikdə onunla danışdıq. Sonuncu dəfə zəng edəndə isə cavab vermədi və mənə mesaj yazdı: “Səsim batdığı üçün telefonuna cavab verə bilmirəm, Murad. Üzrlü say.”
O yazını oxuyandan sonra çox pis oldum. Səs yazılarını saxlamışam. Amma dinləməyə ürək eləmirəm. Fuad müəllimin son səsi...

Dostları fikirlərini deyib, bitirdilər...

Sonda isə əlavə edim ki, müsahibələrinin birində Fuad Poladov deyirdi: “Bir gün bu dünyada olmayanda məndən sonra bu sözləri desinlər. Allah rəhmət eləsin. Pis adam olmayıb...”
Bu dünyadan halalıqla rəhmət payını aparan ustad...
Allahın rəhməti, dincliyi ruhunla olsun. O dünyanda rahat uyu!
Ruhuna ehtiramla: Ülviyyə Həsənqızı
Ölməyib, gözəgörünməzə qovuşan

Paylaş: