Brilliant Dadaşova Alsunun qızına dəstək oldu
Tarix: 3-05-2019, 12:52



Xalq artisti Brilliant Dadaşova instagram səhifəsində rusiyalı müğənni Alsu və Bakı yəhudisi Yan Abramovun qızı Mikellaya göstərilən münasibətə etirazını əks etdirən video paylaşıb. Belə ki, sosial şəbəkələrdə Mikella Abramovun iştirak etdiyi “SƏS Uşaqlar” musiqi yarışmasının qalibi olması birmənalı qarşılanmayıb.
UlduzumSan.Az bildirir ki, bu məsələyə biganə qalmayan müğənni Brilliant Dadaşova Mikellanın qalib olmağa layiq olduğunu və digər iştirakçılardan daha yaxşı oxuduğunu deyib: “Moskvada həmyerlimizin qızına qarşı hücumlar olub. Bu barədə bir çox azərbaycanlılarla danışdım. Uşaqlarımız çox həssasdır, biz onlara sahib çıxmalıyıq. Ümumiyyətlə bizə qarşı olan bu cür haqsızlıqları anlaya bilmirəm. Biz çox ağır günlər yaşamışıq. Hər zaman həmvətənlərimizə, övladlarımıza sahib çıxmışıq. İnanıram ki, bu dəfə də bütün azərbaycanlılar balaca Mikellanı müdafiə edəcək. Mən bütün uşaqların çıxışlarını dinlədim. Onlar da yaxşı oxuyub, amma bizim qızımız daha yaxşı idi”.
Müğənni ilə telefon əlaqə saxlayan əməkdaşımızın digər suallarına cavab olaraq isə xalq artisti bu fikirləri bildirdi: “Onlar moskvalı sayılmadığı üçün hətta tanınmış müğənnilərin çoxu onlara hücum edirlər. Bilirik ki, Yan Abramovun ailəsi azərbaycanlıdır. Onların mentaliteti də, tərbiyələri də Azərbaycan dəyərlərinə, ailəsinə uyğundur. Çox güman ki, səbəblərdən biri də elə budur. Onlara yad ölkədən gəlmiş insanlar kimi baxırlar və bu cür hücumlar edirlər”

Paylaş: