Ekranda bunu görəndə inanmağım gəlmədi - Nailə İslamzadə
Tarix: 2-05-2019, 16:46



Dünən Azərbaycan Dövlət Televiziyasının sədr əvəzi Rövşən müəllim televiziyadan uzaqlaşdırılmış diktorları görüşə dəvət etdi. Görüşdə diktor sənətinə hörmət etdiyini, bu diktorların səsi, təsiri ilə böyüdüyünü bildirdi.
Bu sözləri Kult.az-a sevilən teleaparıcı, AzTV-nin unudulmaz simalarından olan Nailə İslamzadə Televiziyanın sədr əvəzi Rövşən Məmmədovun AzTV-nin keçmiş əməkdaşları ilə görüşü barədə danışarkən deyib.
N.İslamzadə bildirib ki, R.Məmmədov kanalın keçmiş əməkdaşlarını Televiziya akademiyasına işə dəvət edib və eyni zamanda verilişlər hazırlamağı tövsiyə edib:
“Bu, nə qədər real olacaq, onu zaman göstərəcək. Heç nə etməsək belə, Rövşən müəllimə təşəkkürümüz sonsuzdur. 24 il televiziya və radionun bayram proqramlarının aparıcısı olmuşam, amma 12 il idi ki, AzTV-nin bayram proqramlarına dəvət olunmurdum, bu il fevralda dəvət aldım. Rövşən müəllim dəvət etdi. Səhnədəki böyük ekranda müəllifi və aparıcısı olduğum “Ailələr, talelər” verilişini görəndə inanmağım gəlmədi. İllər sonra AzTV məni də yada salmışdı. Əslində, ən böyük sevgi millət sevgisidir və bunu mənə hiss etdirdiklərinə görə tamaşaçılara sonsuz minnətdaram”.
N.İslamzadə bildirib ki, R.Məmmədov AzTV-nin bütün keçmiş əməkdaşlarına müddətsiz buraxılış vəsiqəsi verəcək:
“Rövşən müəllim eşidəndə ki, həyatını televiziyaya həsr edən xalq artisti, diktor Sabir Ələsgərovu on il əvvəl televiziyanın qapısından içəri buraxmayıb, dedi ki, şəklinizi gətirin, hamınıza müddətsiz buraxılış vəsiqəsi verəcəyik. Nəticə nə olur olsun, bizə qoyduğu bu hörmətə görə Rövşən müəllimə minnətdarıq”.
Xatırladaq ki, dünən Azərbaycan Dövlət Televiziyasının sədr əvəzi Rövşən Məmmədov sözügedən kanalın keçmiş əməkdaşları ilə görüş keçirib.

Paylaş: