"Görkəmli sənətkarlar, muğam ustaları, dilçilər qalıblar kənarda, görün kimləri seçiblər?"
Tarix: 2-05-2019, 08:53



"Bu gün hamam xidmətçilərindən biri mənə dedi ki, "müəllim, deyəsən, yaxın gələcəkdə dünyanı şoumenlər idarə edəcək".

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca televiziyalarımızdan danışarkən deyib. Yazıçı telekanallarımızda yaradılan Bədii Şuraların tərkibində şou-biznes nümayəndələrinin olmasını doğru hesab etmədiyini bildirib:

"Biabırçılıq olduğu üçün hamamdan başlamaq istəyirəm. Necə deyərlər, "islanmışın yağışdan nə qorxusu?" Bu gün hamam xidmətçilərindən biri mənə dedi ki, "müəllim, deyəsən,  yaxın gələcəkdə dünyanı şoumenlər idarə edəcək!" Elə bildim xarici ölkənin yeni başçısını nəzərdə tutur. Ona layiqli cavab verəcəkdim ki, xalqın seçdiyi adam haqqında niyə belə danışır? Arxasınca da deyəcəkdim ki, o, ən yaxşı başçı olacaq, görərsiniz, sözüm ağzımda qaldı, xidmətçi dilləndi ki, bizim televiziyaların Bədii Şuralarına seçilən şoumenləri deyirəm.

Yadıma düşdü, bu günlər sosial mediada belə xəbərlər yayılırdı ki, "Faiq Ağayevə vəzifə verildi", "Murad Dadaşova vəzifə verildi", nə bilim, "Nazpəri Dostəliyevaya vəzifə verildi" və s. Açıram,  oxuyuram ki, axı, bunlara nə vəzifə verilə bilər, elə böyük bir iş görməyiblər, böyük sənətkar-filan da deyillər, görürəm televiziyalarda Bədii Şuralara üzv seçiblər. Pah atonnan! Görkəmli, adlı-sanlı sənətkarlar, muğam ustaları, dilçilər, akademiklər... qalıblar bir kənarda, görün kimləri seçiblər? Əslində, onları seçənləri qətiyyən qınamıram, çünki yuxarıda saydığım ziyalılar, ağıllı, savadlı adamlar heç zaman gedib belə televiziyaların Bədii Şuralarına üzv olmağa razılıq verməzlər! Kimdir, Bədii Şura üzvlərinin fikri ilə oturub-duran? Televiziyalara başçılıq edənlərin sözündən hansı Bədii Şura üzvü çıxa bilər?! Şəxsiyyətinə hörmət edən adam gedib belə "vəzifə" almaz!

Bir də bunları bu "vəzifəyə" qoyanlar fikirləşiblərmi ki, onsuz da, camaatın gözünü ekrandan yağır edənlərin sözünə baxan olmayacaq? Televiziyalarda heç nə düzəlməyəcək/ Çünki, efir işçiləri belə işləməyə öyrəşiblər! Ağzınızda "şou-biznes" deyirsiniz!  Şou, biznes olan yerdə nə sənət, nə sənətkarlıq ola bilər? Həmin işlərlə məşğul olanlar kimə yol göstərəcəklər? Bəli, Sovet dövründə Bədii Şuralar vardı, lakin bu şuralarda bütün xalqın hörmət etdiyi sənət, mədəniyyət, incəsənət adamları toplaşmışdı. İndi Faiq Ağayev nə bilir teatr nədir, pyes, aktyor işi, səhnə, dekorasiya, rəssam işi nədir? Eləcə də o birilər! Onların özlərinin nə sənətləri var ki, başqalarına da nümunə olsunlar?

Belə çıxır ki, yaradılan Bədii Şuralar formal xarakter daşıyacaqlar! Seçənlər və seçilənlər, bir az ciddi olun! Xalqdan ayıbdır!"

Paylaş: