"Bəzi adamlar Bədii Şuranı senzura kimi qəbul edirsə, bu düzgün deyil"
Tarix: 30-04-2019, 08:58



“On ildir gecə-gündüz deyirəm ki, Azərbaycan mədəniyyətini uçurumdan qurtarmaq üçün mütləq ya ümumi, ya da hər telekanalın özündə Bəii Şura yaradılmalıdır”

Bunu Moderator.az-a açıqlamasında ATV-də yaradılan Bədii Şuranın üzvü, şair Vahid Əziz deyib. V.Əziz bildirib ki, bəzilərinin Bədii Şuranı senzura kimi qəbul etməsi düzgün deyil:

“ATV kanalında yaradılan Bədii Şuranın üzvlərindən biri də mənəm. Hörmət edib məni də ora dəvət etdilər və Bədii Şuranın çox hörmətli üzvləri var. On ildir gecə-gündüz deyirəm ki, Azərbaycan mədəniyyətini uçurumdan qurtarmaq üçün mütləq ya ümumi, ya da hər telekanalın özündə Bədii Şura yaradılmalıdır. Bildiyimə görə ölkə başçısının tapşırığından sonra telekanallarımızda Bədii Şuralar yaradılmağa başlandı. Amma bəzi adamlar Bədii Şuranı senzura kimi qəbul edirsə, bu düzgün deyil. Bura ziyalılar birliyidir və biz hər hansısa bir məsələylə bağlı tövsiyə verəcəyik. Bir şeyi də nəzərə almalıyıq ki, telekanalların çoxu özəldir və onların da yeganə qazanc yolu reklamlardır. Reklamı verən də öz ağlına, bacarığına və fikirinə görə verir. Buna görə də çox istəyərdim ki, dövlət özəl telekanalları reklamlardan gələn qazancın ümidinə qoymasın. Çünki bu, mədəniyyət söhbətidir və mədəniyyət olmayan yerdə dövlət və dövlətçilik olmaz. Qaldı ki, mənim dediyimi kim necə başa düşürsə özü bilər”. 

V.Əziz 30 iyun İlham və Fərizənin toy gününün “Sevgililər Günü” kimi qeyd olunması üçün dövlət səviyyəsində təsdiq edilməsinin vacibliyini vurğulayıb:


“Yəqin ki, yadınızdadır bir neçə il öncə İTV-də 20 Yanvar şəhidləri olan İlham və Fərizənin toy gününün, 30 iyunun “Sevgililər Günü” kimi qeyd olunması gündəmə gətirildi. Amma biz bundan uzağa qaçdıq və yenə tarixi, mənşəyi məlum olmayan Valentin gününü qeyd etməyə başladıq. Mənə belə gəlir ki, ölkə rəhbərliyi tərəfindən İlham və Fərizənin toy gününün “Sevgililər Günü” kimi qeyd olunmasıya bağlı göstəriş verilməlidir. Çox istəyərdim ki, bu, dövlət səviyyəsində rəsmi şəkildə təsdiq olunsun. Fərizə çox əxlaqlı bir xanım olub və özünü  sevgisinə qurban verib. Biz nə qədər bu valentinlərin kökündə sürünməliyik. Mən şəxsən Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm ki, bununla bağlı göstəriş versin. Bu olsa, biz Valentindən canımızı qurtarıb “Sevgililər Günü”ndə öz azərbaycançılıq ənənəmizi yaşadacağıq”. 


Paylaş: