Əjdər İbrahimovun 100 illik yubileyidir
Tarix: 29-04-2019, 10:32



Aprelin 29-u Azərbaycanın görkəmli kinorejissoru, SSRİ xalq artisti, Azərbaycan və Türkmənistanın əməkdar incəsənət xadimi Əjdər İbrahimovun 100 illik yubileyidir.
Open.az xəbər verir ki, böyük rejissorun 100 illik yubileyi ilk olaraq Moskvada qeyd olunub.
Əjdər İbrahimov Azərbaycan kinosunda müstəsna xidmətləri olan böyük rejissor, vətənpərvər insan olub.
1919-cu il aprelin 29-da Aşqabadda dünyaya gələn gələcəyin qüdrətli rejissoru 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirib.
Sergey Yutkeviç və Mixail Rommdan kinonun sirlərini öyrənən rejissor ikinci dünya müharibəsinin iştirakçısı olub.
1952-ci ildə yenidən Aşqabada — "Türkmənfilm"ə qayıdıb. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib. Bakı Kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə bu studiyanın birgə ekranlaşdırdığı "Bir məhəlləli iki oğlan" filminə İlya Qurinlə birlikdə quruluş verib.
1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Burada Rəsulov rolunda çəkilib. Filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri yaradılıb.
Bakıya qayıtdıqdan sonra o burada "İyirmialtılar" filminin istehsalına başlayıb. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film Sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunub. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında "Qızıl budaq" mükafatına layiq görüldü. Bir az sonra isə Əjdər İbrahimov həmin filmin davamı kimi "Ulduzlar sönmür" tarixi kino əsərini yaratdı. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.
Ə.İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" ("Azərbaycanfilm"lə birgə) filmləri rejissorun şöhrətini daha da artırır.
Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Paylaş: