70 yaşı tamam olan tanınmış rejissor: "Yubiley günümdə məni unutdular"
Tarix: 23-04-2019, 11:54



"İnternet səhifələrində doğum günümün aprelin 23-də olduğunu yazıblar. Amma mənim ad günüm martın 17-də oldu. Bu il 70 illik yubileyimdir. Yubiley ilimdə keçmiş iş yoldaşlarımdan başqa heç kimin yadına düşmədim".
Bu fikirləri Open.az-a özəl açıqlamasında uzun illər Heydər Əliyev adına Sarayın baş rejiisoru olmuş, tanınmış mədəniyyət xadimi, Prezident təqaüdçüsü Gülçöhrə Şəfiyeva deyib. Səhhəti ilə bağlı problem yaşayan Gülçöhrə Şəfiyeva hazırda vəziyyətinin normal olduğunu bildirib.
"Açıq ürək əməliyyatı keçirmişəm. İndi yaxşıyam. Amma şəkərli diabetdən də əziyyət çəkdiyimə görə, yaraların sağalma prosesi gec olur. Həyat yoldaşım xəstəxanadadır. Ona görə də onun yanındayam. Doğum günüm martın 17-də idi. 70 yaşım oldu. Təkcə köhnə iş yoldaşlarımın yadına düşdüm. Onlardan başqa heç kim məni təbrik etmədi. Sanki mən olmamışam, bu vaxta qədər bu qədər iş görməmişəm".
Qeyd edək ki, Gülçöhrə Şəfiyeva 1949-cu ildə anadan olub. Bəzi mənbələrdə Füzuli rayonunda, digərlərində isə Bakıda doğulduğu qeyd olunub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Uzun illər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən Heydər Əliyev adına Sarayında baş rejissor kimi çalışıb. Hazırda səhhəti ilə bağlı təqaüdə çıxıb. 2018-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Gülçöhrə Şəfiyevanın uğurlu işləri sırasında Ü.Hacıbəylinin və M.Maqomayevin 110, Bülbülün 100, S.Aşurbəylinin 90, M.Maqomayev 60 illik yubiley tədbirlərini və "Gülüstan" Sarayında, habelə Bakı Əyləncə Mərkəzində keçirilən konsert proqramlarını xüsusi qeyd etmək lazımdır.
Xatırladaq ki, Gülçöhrə Şəfiyeva mərhum aktyor Səyavuş Şəfiyevin bacısıdır.

Paylaş: