“Bu gün teatrlarımız bir çox hallarda öz yazıçılarımızla işləməkdən qaçırlar...”
Tarix: 23-04-2019, 09:28



Xalq artisti Nürəddin Mehdixanlı çıxışında teatrlarımızın müasir yazarlarımızla işləməsinin vacibliyini vurğulayıb. N.Mehdixanlı bildirib ki, teatrlarımız bu günki gənc yazarlarımızın dram əsərlərini səhnələşdirməli və onlara yeni əsərlərin yazılması üçün sifarişlər verməlidir. 

Məsələyə münasibət bildirən yazıçı Nəriman Əbdülrəhmanlı Moderator.az-a açıqlamasında bildirdi ki, Xalq artistinin fikirləriylə razıyam və on doqquzuncu əsrdən bu yana dünya teatrlarının da fəaliyyəti bu cür olub:

“Təbii ki, mən də Nürəddin müəllimin fikirlərinə haqq qazandırıram. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, dramaturqların konkret teatrları yaratdığı kimi, teatrlar da dramaturqları formalaşdırıb, məşhurlaşdırmalıdır. On doqquzuncu əsrdən bu yana teatrlarda bu cür ənənə olub. Bu gün teatrlarımız bir çox hallarda öz yazıçılarımızla işləməkdən qaçırlar. Yaxud da bütün potensiallarını bir-iki yazıçının üzərində cəmləşdirirlər. Həmin müəlliflərin əsərləri isə tamaşaçını yorur və onların teatrdan uzaqlaşmasına səbəb olur. Əgər teatrlarımız konkret olaraq yaradıcılığına bələd olduğu müəlliflərə əsərlər sifariş versə və qarşılıqlı işləsələr, əminəm ki, çox yaxşı tamaşalar ortaya çıxar. Teatrlarımızda yazıçılara qarşı şəxsi, sənətdən kənar münasibət olmamalıdır. Münasibət yazıçının vəzifəsinə yox, yaradıcılıq potensialına hesablanmalıdır. Bir sözlə bu münasibəti dəyişmək lazımdır”.  

Paylaş: