Xalq artisti: Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycan böyük inkişaf mərhələsindədir
Tarix: 22-04-2019, 10:48



Prezidentin mədəniyyət sahəsinin inkişafı ilə bağlı sərəncamları təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən də böyük qayğı var. Bu baxımdan milli sərvətimiz olan muğam sənətinin qorunması və təbliği də davamlı olaraq ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Azərbaycanın tanınmış xanəndəsi, Xalq artisti Mənsum İbrahimov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyətə, o cümlədən muğam sənətinə xüsusi diqqət göstərir:
“Bizim sənətə heç bir dövrdə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük göstəricidir. Onların bir çoxunun fəxri adları var, Azərbaycan Televiziyasının solistidirlər, həmçinin 17 nəfər Opera və Balet Teatrının solistidir. Onlar ölkəmizin mədəniyyətini Azərbaycandan kənarda da layiqincə təmsil edirlər, xalq arasında sevilirlər və artıq şöhrət qazanıblar. Dövlətimizin sənətimizə xüsusi qayğı və diqqəti var. Beynəlxalq Muğam Mərkəzinin yaranmasından da artıq 10 il keçir və bu illər ərzində çox böyük işlər görülüb. Artıq Bakıda bizim evimiz, muğam evimiz var və heç bir ölkədə belə bir şey yoxdur”.
Xalq artisti ölkəmizdə gedən proseslərdən və Azərbaycanın inkişafından da söz açıb. O qeyd edib ki, siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə inkişaf baxımından Azərbaycan bu gün Cənubi Qafqazda lider dövlətdir: "Bizim üçün fəxrdir və sevinc hissi keçiririk ki, artıq ölkəmiz böyük tədbirlərə ev sahibliyi edir. Məsələn, Formula 1. Bu gün bu yarışmanın Bakıda keçirilməsi Azərbaycanda turizmin inkişafı, ölkəmizin, paytaxtımızın tanıtımı baxımından çox önəmlidir".
M.İbrahimov vurğulayıb ki, mədəniyyətimizin, eləcə də folklorumuzun, mətbəximizin tanıtımı baxımından da bu gün çox böyük işlər görülür:
"Həmçinin bölgələrimizdə yeni yolların çəkilişi, abadlıq işləri, iş yerlərinin açılması - bütün bunlar xalqa xidmət deməkdir, bizim inkiişafımızdan xəbər verir. Əlbəttə, dövlətimiz inkişaf etdikcə, büdcəmiz artdıqca insanların rifah halı yaxşılaşır. Azərbaycanda gedən iqtisadi, siyasi proseslər onu göstərir ki, biz liderimizi düzgün seçmişik. Bu gün bizim liderimiz, ölkəmizin Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət sayəsində Azərbaycanımız böyük inkişaf mərhələsindədir, eyni zamanda, Cənubi Qafqazda sayılıb-seçilən ölkədir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusən qeyd etmək istərdim, çünki onun mədəniyyətə, xüsusi olaraq muğama çox böyük diqqət və qayğısı var”.

Paylaş: