"Ən gözəl filmi də, romanı da Ali Baş Komandan xalqımızla birlikdə çəkib yazmalıdır"
Tarix: 20-04-2019, 11:19



“Əgər qarşımıza məqsəd qoysaq ki, film çəkməklə, poema yazmaqla Qarabağı işğaldan azad edəcəyik, onda dünyada bundan o yana sadəlövhlük görmürəm”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət Qarabağın işğalda qalmasına münasibət bildirərkən deyib. Yazıçı bildirib ki, erməniləri sülh yoluyla torpaqlarımızdan çıxara bilməyəcəyik, yəni ya Allah deməklə donuz darıdan çıxmayacaq:

“Mən torpaqlarımızla bağlı həmişə olduğu kimi yenə eyni fikirdəyəm. Otuz ildir ATƏT-in Minsk Qrupu (onları Minsk qripi adlandırıram) gülə-gülə gəlib Azərbaycanda yeyib-içirlər, yaxşı maaş alırlar. Artıq bəsdir. Bunu bizim millət üçün böyük təhqir hesab edirəm. Əgər qarşımıza məqsəd qoysaq ki, film çəkməklə, poema yazmaqla Qarabağı işğaldan azad edəcəyik, onda dünyada bundan o yana sadəlövhlük görmürəm. Bütün bunların əleyhinəyəm və düşünürəm ki, ən gözəl filmi də, romanı da, poemanı da Ali Baş Komandan xalqımızla birlikdə çəkib yazmalıdır. 

Dövlətin əsasını xalq təşkil edir və həmin o xalq deyir ki, ya Allah, ya Allah deməklə donuz darıdan çıxmayacaq. Bunu başa düşmək üçün bir il bəs edərdi, amma doğrudanmı bunu dərk etmək üçün otuz il lazım idi.  Bizim qüdrətli ordumuz var və bunun 2016-cı ildə bir daha şahidi olduq. Arvad-uşağımızın yanında erməni bizim evimizə girib və ordumuz qeyrətimizi çəkib onları İrəvana qədər qovmalıdır”.

Paylaş: