Cahangir Novruzov: "Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər"
Tarix: 17-04-2019, 16:01

Cahangir Novruzov:


"Ötən gün Gəncə Dövlət Dram Teatrının kollektivi ilə görüşümüz oldu. İki gündür Adana Teatr Festivalında çıxış edən Gəncə Teatrının tamaşası uğurlu olub. Üzrlü səbəbə görə, tamaşanı izləyə bilmədim. Amma tələbələrimdən Teatrın tamaşasının gözəl sədasını aldım və çox sevindim".
Bu fikirləri Open.az-a özəl açıqlamasında Türkiyənin Adana şəhərində yaşayıb, yaradan görkəmli teatr xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, xalq artisti Cahangir Novruzov deyib.
Cahangir Novruzov bildirib ki, Gəncə Teatrının kollektivi onun görüşünə gəlib: "Özümü nasaz hiss etdiyimə görə, Gəncə Dövlət Dram Teatrının tamaşasını seyr edə bilmədim. Bu səbəbdən tamaşadan sonra teatrın kollektivi mənimlə görüşdü. Tələbələrim və mənə yaxın olan dostlar Azərbaycan teatrının nümayiş etdirdiyi tamaşanı izləyib, mənə gözəl xəbərlər çatdırdılar. Gəncə Dövlət Dram Teatrının nümayiş etdirdiyi "Hellados" tamaşası Adananın teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Uğurlu tamaşaya görə Gəncə Teatrının kollektivini, rəhbərliyini təbrik edirəm. Tamaşa çox bəyənilib".
Qeyd edək ki, Türkiyənin Adana şəhərində 21-ci Dövlət Teatrları - Sabancı Beynəlxalq Adana Teatr festivalı davam edir. Martın 27-dən start götürən festival 1 ay davam edəcək.
Festivalda Azərbaycanı Gəncə Dövlət Dram Teatrı, rejissor İradə Gözəlovanın hazırladığı Nodar Dumbadzenin "Hellados" tamaşası ilə təmsil edib.
Aprelin 15-i və 16-da Sabancı Oda Tiyatrosunun səhnəsində təqdim edilən "Hellados" tamaşası uğurla nümayiş olunub.Gəncə Teatrı Türkiyədə növbəti tamaşanı Konya şəhərində keçirilən Teatr Festivalında göstərəcək. 

Xatırladaq ki, Festivalın bağlanışı aprelin 30-da Özbəkistan Teatrının "Ataların qılıncı" və Türkiyənin "Hayal Pərdəsi"Teatrının quruluşunda, A.P.Çexovun "Üç bacı" əsərinin nümayişi ilə baş tutacaq.

Paylaş: