“Bizim özəl televiziyalarımız o gündədir ki, onlardan söyüş də eşitsək, təəccüblənməməliyik”
Tarix: 13-04-2019, 10:33



“Bizim özəl televiziyalarımız o gündədir ki, onlardan söyüş də eşitsək, Nəsimini “yıxıb-sürüsələr” də, klassiklərimizi abrısız edib meydana çıxarsalar da təəccüblənməməliyik”.

Bunu Moderator.az -a açıqlamasında şair Baba Vəziroğlu efirlərimizdə baş verən bayağı, söyüş dolu çıxışlara münasibət bildirərkən deyib. B.Vəziroğlu bildirib ki, özəl telekanallarda da buna nəzarət edəcək bir qurum yaradılmalı idi:

“Efirlərimizdə söyüş söyülməsinə təəccüblənmək lazım deyil. Toyuq hininin qapısını açanda gözləyirdiniz ki, ordan ceyran çıxsın, toyuq çıxmalıdır axı. Tövlənin qapısını açanda parfüm qoxusu gələsi deyil ki, ordan heyvan nəcisinin qoxusu gəlməlidir. Ona görə də biz təəccüblənmək mərhələsini keçməliyik. Bizim özəl televiziyalarımız o gündədir ki, onlardan söyüş də eşitsək, Nəsimini “yıxıb-sürüsələr” də, klassiklərimizi abrısız edib meydana çıxarsalar da təəccüblənməməliyik. Çünki nə qədər əcaib səslənsə də bu, normal bir prosesdir. Məsələn, biz o vaxt buna təəccüblənərdik ki, bunlar AzTV və Mədəniyyət kanalında olsun. Özəl telekanallarımızda bir-birilərinə şapalaq da vururlar, söyüş də söyürlər, milləti aşağılayırlar. Artıq heç bir qorxuları yoxdur.  

Ölkə başçısı ziyalılarla görüşü zamanı açıq-aydın dedi ki, telekanallarımızda Bədii Şuralar yaradılmalıdır, yəni bu xaosun qarşısını almaq üçün heç olmasa bir qurum olmalıdır. Biz bunu AzTV-də yaratdıq. Bu gün biz təkcə qadağayla deyil, həm də verilişlərin keyfiyyətinin yüksəlməsi, yeni-yeni layihələrin qəbul edilməsiylə məşğuluq. Bədii Şura bu gün tamaşaçılara yüksək səviyyədə verilişlərin təqdim olunması, ədəbli-ərkanlı qonaq sifətində millətin evinə getmək, televiziyaların normal biçimdə olması üçün çalışan və kömək edən bir qurumdur”. 

Paylaş: