Şeyx Əbdül: "Mənə verilən fəxri adlar, imtiyazlar alınsın, amma..."
Tarix: 12-04-2019, 12:43



"Cənab, Prezident İlham Əliyevə və hörmətli Mehriban xanıma müraciət edirəm. Mənə verilən fəxri adlar, imtiyazlar alınsın, amma Azərbaycanın Səfəvilər dövrünə aid olan xəritəmizin təbliğatında mənə kömək olunsun".
Bu fikirləri Open.az-a özəl açıqlamasında tanınmış rejissor, xalq artisti Əbdül Mahmudbəyov deyib.
Rejissorun sözlərinə görə, Azərbaycanın turizm obyektlərində, səfirliklərdə, hava limanı və təyyarələrdə dövlətimizin yeni xəritəsi asılmalıdır: "Belə bir xəritənin yaranması ilə bağlı çoxdandır fikirlərim var. Son illər Azərbaycana turist axını çoxalıb. Çox yaxşı olar ki, ölkəmizi yeni tanıyanlar, qonaqlar Azərbaycanın işğal olunmuş yalançı xəritəsi əvəzinə, Səfəvilər dövləti zamanında olan əsl xəritəsi ilə tanış olsunlar. Həmin xəritədə qeyd olunsun ki, Səfəvilər dövründə 2 milyon 800 min, Qacarlar vaxtında 1 milyon 700 min, Sovet hökumətinin zamanında 117 min və nəhayət müstəqil Azərbaycan dönəmində 86 min kvadrat ərazimiz, işərisində də Qarabağ kimi qara yaramız var. Bütün dünya görüb, şahid olsun ki, bizim torpaqlarımız işğal olunub. Biz işğalçı deyilik. Dünya görsün ki, 500 ildə qovhaqovla bizi haradan, hara gətirib çıxarıblar."
Xəritənin hazırlanması fikri ilə bir neçə quruma müraciət etdiyini deyən, Əbdül Mahmudbəyov hələlik müsbət cavab almadığını bildirib: "Keçmiş Torpaq və xəritəçəkmə komitəsində, Mədəniyyət və Turizm nazirliyində olmuşdum. Xəritə ilə bağlı fikirlərimi bölüşmüşdüm. Amma mənə kömək edən olmadı. Mənim əlimdə Azərbaycan Səfəvilər Dövlətinin xəritəsi var. Bu xəritənin üzərində tarixçilər, alimlər bir daha işləyə bilərlər. Xəritəni yaymaq, təbliğ etmək məsələləri ilə məşğul olmalıyıq. Bu xəritə ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusudur. Azərbaycan xalqına, ziyaılıarına müraciət edirəm. Hamı bu işə qoşulsun. Səsimə səs verin!".
Qeyd edək ki, prezident İlham Əliyev ötən il tanınmış kinorejissor, əməkdar incəsənət xadimi və xalq artisti Əbdül Mahmudbəyova mənzil hədiyyə edib.

Paylaş: